Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:36

Tovuzun Əlibəyli kəndində güllə altında yaşayanlar...


Tovuzun Əlibəyli kəndi
Tovuzun Əlibəyli kəndi
-

Tovuz rayonunun yaşıl yamaclı kəndlərini keçəndən sonra zirvəsinə duman sarılmış boz dağlar görünür. Ermənistanla cəmi 350 metrlik məsafədən sərhəd dirəkləri ilə ayrılan Əlibəyli kəndinə yaxınlaşdıqca havanın soyuqluğu duyulur. Ancaq burada qorxu içində yaşayan kənd sakinləri bir-birləri ilə bir o qədər isti və mehribandırlar.

Söhbətlərindən görünür ki, çoxsaylı problemlərini torpaq və ev-eşiklərini qorumaq arzusu üstələyib. Başqa sərhəd kəndlərdən fərqli olaraq, Əlibəylidə evini tərk etmiş sakinlər az saydadır. Ətrafa boylandınsa kürəyində çanta məktəbə yollanan şagirdləri, əlində külünglə yer belləyib əkin əkən kişiləri, toyuq-cücə yemləyib, həyət-baca süpürən qadınları və yun arıtlayan yaşlı nənələri görmək olur. Burda həyat öz axarında davam edir. Ancaq qayğıları da var..., qorxuları da....

GÜLLƏ İZLƏRİ...

Nabat Rzayeva
Nabat Rzayeva
Kənddə hansı evə baxsan divarında, dam örtüyündə güllə deşikləri görünür. Kənd sakini Nabat Rzayeva 10 gün əvvəl evinin divarına dəyib, yerə düşmüş gülləni göstərir. Deyir ki, gərək belə vəziyyətdə yaşadığımızı nəzərə alıb, bizə də güzəştlər etsinlər. Nabat Rzayeva kommunal xərclərini 85 manatlıq təqaüdlə ödəyə bilmədiyindən gileylənir:

«HEÇ OLMASA QAZI, İŞIĞI BİZƏ SATMASINLAR»

«Bax bu güllə dam örtüyünün bu tərəfindən girib, o tərəfindən çıxıb. Bax, ordan bəri çıxıb. Bizim qazımıza da, işığımıza da sayğac qoyublar. Belə güllələrin ağzındayıq. Demirlər ki, zülmdə yaşayırlar, heç olmasa pul almayaq bunlardan. Heç olmasa qazı, işığı bizə satmasınlar. Təqaüdümüzlə birtəhər dolanırıq».

Kənddə məktəbə gedən şagirdlərlə yanaşı, qorxudan oxumaqdan əl çəkən uşaqlar da az deyil. Balaca Cəfər də məktəbini sevir. O, atışma olanda məktəbə gedən yollardakı saxlanc yerlərindən danışır:

«BİZİM MƏKTƏBİN 4 AYNASINI GÜLLƏ İLƏ SINDIRIBLAR»

« - Bizim məktəbin 4 aynasını güllə ilə sındırıblar. Bir dəfə də pulemyot atdılar taxta qapımız yandı.
- Neçənci sinifdə oxuyursan?
- 2-də
- Qorxursan atışma olanda?
- Qorxuram. Bəzən anam dərsə getməyə qoymur. Amma mən gedirəm, bir dəfə dərsə gedəndə atdılar, kolun dalında gizləndim».

Sabir Məmmədli
Sabir Məmmədli
Kəndin artezianı sərhədin lap yaxınlığında yerləşdiyindən buradan su çəkmək mümkün deyil. Odur ki, sakinlər aşağı kəndin artezianından gedib su gətirirlər. Kənddəki bütün su boruları susuzluqdan pas, mamır bağlayıb. Ağaclar quruyub, əkinlər də yanıb. Kənd sakini Sabir Məmmədli deyir ki, heç olmasa su olsa sərhəddə, görünməyən yerlərdə olan torpaqlarımızı əkib, becərib birtəhər dolanarıq. Gileylənir ki, rəsmilər su xətlərinin çəkilməsinə maraq göstərmir. Onların dərdlərinə şərik olmurlar:

«QORXUDAN ŞƏKƏR TAPMIŞAM»

«Neçə dəfə icra hakimiyyətinə getmişik ki, birtəhər hansısa bir yerdən su çəkin. Hər çətinliyə dözürük. Qorxudan şəkər tapmışam. Ürəyimiz səksəkədə yaşayırıq. Amma laqeydlik edirlər. Körpələrimiz böyüyür. Gələcəyin əsgərləri olacaqlar. Onlara su lazımdır. Nə əkin edə bilirik, nə sudan istifadə edə bilirik».

Kənd sakinlərinin çoxu mal qarasını həyətindən kənara otlağa çıxara bilmir. Deyirlər ki, Ermənistan hərbiçiləri görən kimi güllə yağışına tutur. May ayında kənd sakini Nuru dayının inəyini güllə ilə vurub öldürüblər.

«QAÇMAMIŞIQ, QAÇMARIQ DA»

«İnəyimiz də ölür. Özümüz də yaralanırıq. Evimiz talan olur, amma atışma olsa da torpaq almaq istəyirik, torpaq vermək yox. Qaçmamışıq, qaçmarıq da».

Sərhəd kənd olduğundan investorlar da burada hansısa bir müəssisə açmağa meylli deyillər. Odur ki, kəndin işsiz qalan cavanları məcbur qalıb xarici ölkələrdə işləməyə gedirlər. Təkbaşına 2 uşağa baxan Vüsalə Tağıyevanın yoldaşı da illərdir xaricə gedib, gəlir. Yoldaşının qazancı ilə tikdikləri evin dam örtüyünü pulemyot güllələri yandırdığından 2 dəfə yeniləməli olublar. Evin eyvanındakı divarda bir neçə güllə deşikləri də var:

«CAVANLARA BURDA BİR İŞ YOXDUR Kİ...»

«Cavanlara burda bir iş yoxdur ki, işə girələr. Nə gətirirlər ona da baxırıq. Gedirlər Rusiyaya, ora-bura ki, pul qazansınlar, arvad-uşaq da qalır burda. Güllə atanda da gizlənirik. Otağın küncünə gizlənirik. Bax, güllənin yeridir. Aynamızı da qırıblar».

Tovuz rayonunun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev də deyir ki, kənd sakinlərinin dolanışığı çətindir. Onun sözlərinə görə, tez-tez atəşkəs pozulduğundan, kəndlilər nə əkin-biçinlə, nə də maldarlıqla məşğul ola bilirlər. Valeh Rzayev də deyir ki, dövlət gərək burada çətin şəraitdə yaşayan, mübarizə aparan sakinləri kommunal xərclərdən azad edə:

«Sərhəddir deyə, burada hansısa iş qurmaq istəyən imkanlı adam yoxdur. Süd müəssisəsi açmaq olar, o halda ki, mal-qaranı otarıb sağmaq mümkün ola. Atışma olan yerdə heç nəyə imkan yoxdur. Burada elə adamlar var yarı ac - yarı tox yaşayır».

O ki, qaldı kənddəki su probleminə kənd icra nümayəndəsi deyir ki, ilin əvvəlində Meliorasiya və Su Təchizatı Nazirliyinə, Tovuz rayon İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

«SÖZ VERİBLƏR Kİ...»

«Su borusu da nasosu da sərhəddə yerləşir. Su çəkilsə belə, qarşı tərəf bunun istifadəsinə imkan verməyəcək. Bu səbəbdən nazirlikdən məktubumuza gələn cavabda göstərilir ki, borunun yeri dəyişdirilib, aşağı kənddən gətiriləcək. Söz veriblər ki, layihə hazırlanır».

Kəndin 3 istiqamətində sığınacaqlar var ki, burada təxminən 250 sakin daldalana bilər. Ancaq hər dəfə təhlükə gələndə, necə deyərlər xəbərdarlıq etmir. İlin əvvəlində kənd sakini Vüsal Quliyev traktor sürərkən snayper atəşi ilə qıçından yaralanıb. Burada insanlar hər an ölüm qorxusu altında yaşayırlar...
XS
SM
MD
LG