Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Məleykə Əsədova: "Bu cür şeylərə görə serialdakı rolumdan imtina etdim"


Vüsal Nuru və Aygün Aslanlı
Vüsal Nuru və Aygün Aslanlı
-

"Məhkumlar" serialının ssenaristi Vüsal Nuru:

- Elə şeylər var ki, bilirsən, ssenariyə salsan, qəbul edilməyəcək. Məcbursan yalanını gətirməyə...


Kinoşünas Aygün Aslanlı:

- Mən seriallarda bir tendensiyanı görürəm, varlı ailələrdən danışmaq. Bu varlı ailənin üzvlərini bizə dərdli adamlar kimi sırıyırlar...



YERLİ SERİALLARIN SSENARİ PROBLEMİ...

“Pen klub”dakı debata kinoşünas Aygün Aslanlı, "Məhkumlar" serialının ssenari müəllifi Vüsal Nuru və telefonla xalq artisti Məleykə Əsədova qatılıblar.


“Xaricininkini adaptasiya etməkdənsə yerli əsərləri çəksələr yaxşıdı”

Aygün Aslanlı:

- Bir-iki il qabaq Azərbaycanda çoxları seriala aşağı səviyyəli bir şey kimi baxırdı, bu barədə danışmağı belə özlərinə sığışdırmırdı. Amma indi dövlət pul ayırandan sonra hamı bununla məşğul olmaq istəyir. İndi deyəcəklərim o demək deyil ki, mütləq qaydadır. Sadəcə müşahidələrimi bölüşürəm. Əksər süjetlər elə bil “barmaqdan sorulub”. Məsələn, “Pərvanələrin rəqsi”ndə həkim qəhrəmanı şantaj edir ki, uşağı olacaq. O da həkimin bunu hardan öyrəndiyi soruşanda həkim deyir ki, qadın hamilələyin 3-cü ayında gəlib uşağı qeydiyyata saldırıb. Belə gülməli şeylər var. Xarici serialların yerli variantını çəkincə, Azərbaycanda hazır əsərlər var, elə İlyas Əfəndiyevin “Körpüsalanlar”ını çəksinlər, ya Bayram Bayramovun, Mirzə İbrahimovun, digər yazıçıların maraqlı əsərləri var.

Vüsal Nuru:

- Düzdür, “Santa-Barbara”nı adaptasiya etməkdənsə, özümüzünküləri çəkmək daha yaxşıdır. Amma bunun üçün əvvəlcə yaxşı ssenarist olmalısan. Yaxşı ssenarist olmasan, istəsən lap get Cek Londonun əsərini çək, alınmayacaq.

“Kimsə sponsorluq edir deyə onun adamına rol veriblər”

Məleykə Əsədova:

- Bu gün prezidentimiz telekanallara serial çəkmək üçün böyük məbləğdə vəsait ayırıb. Bunu alqışlayıram, yeni addımlar atılır. Amma bir-iki serialı izləmişəm, ad çəkməyəcəm, nədənsə ürəyimə yatmadı. Səmimiyyət yox idi, oyun daha çox... bunun günahını aktyorlarda yox, operator və rejissorda görürəm. Filmi üzə çıxaran rejissor işidir.

- Bəs sizi necə, yeni çəkilən seriallara dəvət ediblərmi?

- Adını çəkməyəcəm, birinə dəvət etmişdilər, qəbul etmişdim, amma çəkilən seriyalardan gördüm ki, filmə çox zəif aktyorlar yığıblar. Heç aktyor da deyillər. Kimsə sponsorluq edir deyə onun adamına rol veriblər və s. kimi hallar vardı. Ona görə də imtina elədim.

Səadət Akifqızı
Səadət Akifqızı


“Məhkumlar”ın bərbad montajı, musiqi seçimi var”

- “Məhkumlar”ın birinci seriyası mürəkkəbdir, baş açmaq olmur ki nə baş verir.

Vüsal Nuru:

- Elədir, 1-ci seriyada yalnız hadisələrdi. Biri orda ölür, biri burda. Birinci seriya daha çox suallardı, sonrakı seriyalarda cavablar gəlir.

Aygün Aslanlı:

- “Məhkumlar”ın bir neçə seriyasını izləmişəm. Əsas iradım musiqiyədir. Düzgün musiqi seçimi yoxdur. Hər epizod fərqli musiqi altında verilir. Keçidlər, montaj bərbaddır. Zorlama səhnəsində vətənvərpərlik ritmləri olan musiqi verməzlər.

Vüsal Nuru:

- Mən bunu inkar edə bilmərəm. Montaj səhvlərimiz var. Bəzən musiqi düzgün seçilməyib.

“Kütləvi sevgini görə bilmirik”

- Azərbaycan tamaşaçısı Braziliya, Türkiyə serialını sevə bildi, bəs yerli serialları necə sevə bilirmi? Kütləvi sevgini görə bilirsizmi?

Vüsal Nuru:

- Kütləvi sevgini görə bilmirik, bunun üçün 4-5 il, bəlkə də daha çox vaxt lazım olacaq. Türkiyənin güclü seriallarını görəndən sonra zəif yerli serialı tamaşaçı həzm edə bilmir. Çünki biz yeniyik.

- Ayrılan vəsit yetərlidimi? Bu vəsait yaradıcı komandaya çatırmı?

- Vəsait yetmir. Bilmirəm hansı seriala nə qədər ayrılb. Amma çəkiliş zamanı görürəm ki, yaxşı maliyyə olsa, çəkilişlər zamanı küləkdə, istidə, içəridə-çöldə bir obyektivdən istifadə edilməz.

Vüsal Nuru və Aygün Aslanlı
Vüsal Nuru və Aygün Aslanlı


Ssenariyə senzura var?

Vüsal Nuru:

- Bir serialın ssenarisinə çağırmışdılar. Bir obrazı Rusiyada işləyib pul qazanan, sonra da Azərbaycana qayıdan adam kimi təqdim etdim. Bunu mənə irad tutdular ki, oğlan niyə Rusiyada işləməlidi, Azərbaycanda iş yerinə nə gəlib? Qəhrəman başqa ölkədə işləyə bilməz, dedim axı, bu qəhrəman indiyədək ölkədə deyildi, bunu hardansa ölkəyə gətirmək lazımdır. Dedilər olmaz. Mən də ssenaridən imtina elədim.

- Ümumiyyətlə, Azərbaycan tamaşaçısı yerli serialdan nə istəyir, yaşadığı reallığın serialda təzahürünü, yoxsa, rejissorun yaratdığı utopik cəmiyyəti?

Aygün Aslanlı:

- Mən seriallarda bir tendensiyanı görürəm, varlı ailələrdən danışmaq. Bu varlı ailənin üzvlərini bizə dərdli adamlar kimi sırıyırlar. Biz heç öz varlılarımızı tanımırıq, çünki bizdə rəsmi varlı yoxdur. Əgər serialda reallıqlar əks olunmasa, onda tamaşaçı inanmayacaq. Bəlkə əksinə, bu reallıqlar seriala gətirilsə, film onda daha çox məşhur ola bilər. Nəinki göstərilsə ki, məsələn, polislər rüşvət almır, ya həkim təmənnasız müalicə edir.

Vüsal Nuru:

- Elə şeylər var ki, bilirsən, ssenariyə salsan, qəbul edilməyəcək. Məcbursan yalanını gətirməyə, yalanını da gətirəndə tamaşaçı yeməyəcək. Serialın mövzusu elə olmalıdır ki, tamaşaçı baxanda özünü orda görə bilsin.

Proqramın videoyazısı
XS
SM
MD
LG