Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Balaca Azərbaycanın pop qüdrəti İran mollarına qarşı


Azerbaijan -- American pop diva Jennifer Lopez performs at the opening ceremony of the FIFA U-17 Women's World Cup in Baku, 22Sep2012
Azerbaijan -- American pop diva Jennifer Lopez performs at the opening ceremony of the FIFA U-17 Women's World Cup in Baku, 22Sep2012
Jurnalist Joby Warrick “Vaşinqton Post” qəzetində dərc etdirdiyi təəssürat yazısına belə bir sərlövhə qoyub.

O primadonna J-Lo-nun Bakıya gəlişini belə təsvir edir:

“Bu ölkənin İrana qarşı ideoloji silahı Bakıya ötən ayın axırlarında, Kaliforniyadan şəxsi təhlükəsizlik qüvvəsinin, heyranedici pirotexniklərin və zər-zibalı qarderobun müşaiyəti ilə təyyarələr armadasında gəlib”.

“Təxminən 30 minlik izdiham Xəzərin sahilində bu mini-istilanın liderinə tamaşa etməyə toplaşıb, yazır Warrick , - “Salam, sevgililər” şüarı ilə Jennifer Lopez ətəyini yellədə-yellədə səhnəyə çıxır və Azərbaycan pərəstişkarlarını sevindirən və elə bu dənizin başqa sahilində qərar tutmuş əmmaməli ayətüllahları qəzəbləndirən ritmik disko himnini səsləndirir”.

“İranlıların əsəbiləşdiyini hiss etmək mümkündür”, - bunu jurnalistə əksəriyyəti şiə olan 9 milyonluq ölkənin ABŞ pop-ulduzunun ilk konsertinə gəlmiş rəsmilərindən biri söyləyir, - belə şeylər onları dəli edir”.

Joby Warrick yazır ki, İran liderlərinin təşvişini başa düşmək çətin deyil.
İranın uzunmüddətli rəqibi olan Azərbaycan anti-İran, dünyəvi və Qərbə meylli regional ölkə kimi İranın istədiklərinin tam tərsinəsi edir.

“İran təcridolunmanın və iqtisadi sabitsizliyin girdabına batdıqca, onun şimal qonşusu tam əks istiqamətdə şütüyür, Qərblə, enerjiyə susuz Avropanı Xəzərin neft sərvətlərinə birləşdirən kəmərlərlə yanaşı, siyasi və mədəni bağlarını da möhkəmləndirir, - deyilir məqalədə, - İran repressiv və teokratik olduğu qədər, Azərbaycan ictimai və dini baxımdan tolerantdır. Ölkə özünü müsəlman çoxluqlu cəmiyyətə malik, lakin dünyəvi, qadın idmançıları olan, Qərb musiqisini və sənətçilərini sevən bir ölkə kimi tanıtdırır”.

Müəllif qeyd edir ki, üstəlik, Azərbaycan, İranın məhv edəcəyini vəd etmiş olduğu İsraillə diplomatik və biznes əlaqələrinə malikdir.

Joby Warrick yazır ki, Azərbaycan liderləri bir qayda olaraq onların yürütdükləri siyasətin İrana qarşı olmadığını vurğulayırlar və onların ərazicə daha böyük və xasiyyətcə daha tündməcaz cənub qonşuları ilə mehriban münasibətlərinin mövcud olduğunu deyirlər.

Lakin buna baxmayaraq, amerikalı jurnalistin fikrincə, müasirləşməyə doğru atılan hər addım, Bakının getdikcə genişlənən beynəlxalq səhnəsində öz səsi ilə kütləni coşduran hər bir Qərb primadonnası, Azərbaycanı İran hökumətindən bir az da uzaqlaşdırır və bu region üzrə Qərb ekspertlərinin fikrincə, sadə İranlıları qıcıqlandırır.

Jurnalist ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda isə müşavir kimi çalışan Matthew Bryza - dan sitat gətirir:

“Bu, İran rejiminin uzun müddətdə yaşarlığı üçün ən ciddi təhlükələrdən biridir. Azərbaycan hər gün iqtisadi cəhətdən möhkəmləndikcə və Avro-Atlantika icmasına daha möhkəm bağlandıqca, İran rejimi daha da zəifləyir”.
Bununla belə, jurnalistin fikrincə, Azərbaycanın regional nümunə olmaq üçün çatışmayan cəhətləri var.

Məqalədə həmçinin ölkədə bir siyasi partiyanın dominantlığından, bərbad insan haqlarından və Azərbaycanın 20 ildir ki, içində olduğu Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.
XS
SM
MD
LG