Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Kafkanın əlyazmaları ilə bağlı mübahisəyə son qoyuldu


Franz Kafka
Franz Kafka
-

Kafkanın əlyazmaları müsadirə olunaraq İsrailin Milli Kitabxanasının arxivinə verilməlidir!

Bu barədə Tel-Əviv məhkəməsi qərar qəbul edib.

4 ildir ki, davam edən mübahisə nəhayət başa çatıb.

Bundan sonra əlyazmalar ictimai mülkiyyət sayılacaq.

Kafkanın dostu Maks Brodun katibəsi olmuş Esther Hoffe-nin övladları əlyazmaları satışa çıxara bilməyəcəklər.

Yəhudi əsilli, alman dilli yazar Frans Kafka 1924-cü ildə vəfat edəndə dostu Maks Broddan xahiş etmişdi ki, onun əlyazmalarını yandırsın.

Brod bu xahişə əməl etməmiş, əlyazmaların bəzilərini, o cümlədən “Qəsr” və “Məhkəmə” kimi romanları çap etdirmiş, beləcə Kafka 20-ci əsrin ən görkəmli yazarlarından biri kimi tanınmağa başlamışdı.

Məhkəmə qərarında göstərilir ki, Brod Hoffedən əlyazmaları Yerusəlimdəki Hebrew Universitetinin kitabxanasına, Tel-Əviv Bələdiyyə Kitabxanasına, yaxud İsrailin başqa bir ictimai təsisatına təhvil verməyi xahiş edib.

Brod 1968-ci ildə vəfat edəndən sonra əlyazmalara sahiblənən Hoffe isə bu xahişə əməl etməkdən boyun qaçırıb.

O, əlyazmaları müxtəlif yerlərdəki saxlanclarda gizləyib, hətta bəzilərini satıb.

Hoffe-nin övladları 2008-ci ildən bəri davam edən məhkəmə prosesində israr edirdilər ki, Brod əlyazmaları onların anasına hədiyyə edib.

Kafkanın əl yazısı - onun atasına məktubu
Kafkanın əl yazısı - onun atasına məktubu
Həmin əlyazmalar arasında Kafkanın indiyəcən çap olunmamış əsərlərinin olması da güman edilir.

Əlyazmaların bir qismi İsraildə, bir qismi isə İsveçrədə saxlanır.

Israil Milli Kitabxanasının direktoru Oren Weinberg məhkəmənin qərarını alqışlayıb:

“Bu qərar Brodun əlyazmaların İsraildə və bütün dünyada ədəbiyyatsevərlərin oxuması üçün çap edilməsi arzusunun yerinə yetirilməsidir”.

Weinberg bildirib ki, əlyazmaların hamısı İnternetə yerləşdiriləcək və oxucular üçün əlyetərli olacaq.

BBC-yə istinadla oxuzali.az
XS
SM
MD
LG