Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Xuraman Hüseynzadə. Şeirə haqsızlıq


-

MKM romana və hekayələr toplusuna 3000 manat mükafat vəd etdiyi halda, şeir üçün 300 manatlıq mükafat təsis etdi... Hesab edirəm ki, bu, böyük poeziyaya qarşı çox böyük ədalətsizlikdir...


Xuraman Hüseynzadə


ŞEİRƏ HAQSIZLIQ


Milli Kitab Mükafatı (MKM) başlandı. Ölkədə ədəbiyyatın inkişafına təkan verən layihəyə bu dəfə şeir və uşaq ədəbiyyatı nominasiyaları da əlavə edildi. Əlavə edildi yox, yedək kimi qoşuldu.

“Təki ədəbiyyat təbliğ olunsun” da deyə bilərdik. Tələsməyək...

MKM romana və hekayələr toplusuna 3000 manat mükafat vəd etdiyi halda, şeir üçün 300 manatlıq mükafat təsis etdi. İnanmıram ki, bu, təşkilatçıların maliyyə çətinliyi yaşaması ilə bağlı olsun.

Ola bilsin ki, ilk dəfə şeir və uşaq ədəbiyyatı nominasiyaları təsis edildiyi üçün belə kiçik məbləğdən başlayıblar. Amma hər şeydən sonra nəzərə alınmalıydı ki, şeiri romanın və hekayənin yedəyinə qoşmaq düzgün deyil.

Düşünməyin ki, mükafatın azlığını önə çəkirəm. Qətiyyən. Necə deyərlər, söhbət “vnimatelnı” olmaqdan gedir.

İlk dəfə şeir müsabiqəsinə də start verəsən, on dəfə romandan az məbləği mükafat kimi təsis edəsən - hesab edirəm ki, bu, böyük poeziyaya qarşı çox böyük ədalətsizlikdir.

“Şeir allahın bəzi özəl qullarına pıçıldadığı sözlərdi. Mənə pıçıldamadı.” - Orxan Pamukun sözləridir... Bu, tanınmış bir yazıçının şeirə verdiyi böyük qiymətdir. Şərhə ehtiyac varmı?

Mənə görə, bir romanı yazmaq mükəmməl bir şeiri yazmaqdan asandır.

Şeir beyin deyil, ruh məsələsidir. Gözəl bir şeiri oxuduqda aldığınız təəssüratı xatırlayın. Onu belə ucuzlaşdırmağa dəyərmi?

Borxes nəsrlə nəzmin fərqindən danışarkən deyirdi: “Nəsr səhifələrindən oxucu xəbərlər, məlumat, mülahizə gözləyir. Amma, nəzm oxucusu bilir ki, şeir onun hisslərinə təsir etməlidir.” Başqa nəsə deməyə lüzum yoxdur yəqin ki...

***

Roman və ondan aşağı “rütbəli” nəsr nümunələri nəzmə baxanda kütləvi şəkildə oxunur. Amma bu, o demək deyil ki şeirə maraq azalıb, şeir oxunmur. Şeir oxunur, oxunacaq.

Mən Nigar Köçərlini günahlandırmıram. O öz missiyasını yerinə yetirir. Yetirməyə də bilərdi. Pulunu başqa sahəyə “yatırıb” yaxşı qazanc əldə edə bilərdi. Ona bu işdə dəstək olanlar bunu bilməliydilər. Adam bir işi ya görər, ya da görməz. İnanıram ki, gələcəkdə də MKM keçirilərsə, bu nüans nəzərə alınacaq.

Zatən nəsrə üz tutanlar qazanmaqdadırlar. Nəsr para gətirir. Şairlərin də həyatına, zəhmətinə baxın, nasirlərin də. Şairlərə daha çox dayaq olmaq lazımdır. Onlara ruh vermək lazımdır. Çünki şeir ruhdan doğulur. Şeir ruhun övladıdır. Şeir İlahinin şairlə məhrəm söhbətidir. Şairlər daha yüksək qiymətə, hörmətə layiqdirlər... Bilməm, anlada bildimmi???
XS
SM
MD
LG