Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:01

Saday Şəkərli. Şeirlər


-

Saday Şəkərli


Şeirlər


Görüşəndə... ayrılanda

Bu da mənim ömrüm... çıxdım yol üstə,
Baharından keçim, qışından keçim.
Bir həzin nəğməni oxuyub pəsdən
Taleyindən keçim, ömründən keçim.

Desən, ürəyimdə yağışlar yağar,
Körpədi, yaşıldı bu arzu-dilək.
Qəlbimi söykəsəm qara torpağa,
Fikirlər ağappaq gül aça bilər.

Küləklərin kimi, yağışın kimi,
Adlayıb dərəndən, düzündən keçim.
Bir imtahan günü, bir sınaq günü
İgid babaların izindən keçim.

Keçim kamanından, udundan keçim,
Uzatsın yolumu bir sazın simi.
Vətən, işığından, odundan keçim,
Qılıncın altından keçənlər kimi...


Mənə yuxu kimi gəlir bu dünya

Daha böyümüşəm, nə fikir, nə qəm,
Başımı yuxular qatacaq indi.
Uşaqlıq deyəndə, elə bilirəm
Uzatsam əlimi, çatacaq indi,
Mənə yuxu kimi gəlir bu dünya.

Bu küylü quşların ömrü bir anmış,
Tüstüsü başından çıxar söyüdün.
Dünən doğulmuşam, dünən yaranmış,
Xəbərim olmadı haçan böyüdüm -
Mənə yuxu kimi gəlir bu dünya.

Boğulur içimdə hayım-harayım,
Ötər güllə kimi gün bala-bala.
Tikilir anbaan ömür sarayım
Bu yuxumu ola, aşkarmı ola -
Mənə yuxu kimi gəlir bu dünya.


***

Baharı gözümə geydim
dünyanı yaşıl gördüm,
insanlar qocalmayır,
cavanlaşır gördüm.

Baharı başıma qoydum -
papağım budaqladı:
Kölgəsinə qoyun-quzu əvəzinə
özüm gəldim.
Baharı yaşıma qoydum
(Nə gözəldi -
ağrısıyla qalıb yadımda)
Bir sarı yarpağa düşdü
Gördüm atamdı...

Baharı ürəyimə qoydum
yaşılladım, yarpaqladım.
Yolçu, gəl meyvəmi dər
Yaşıllığıma əl aç.
Kölgəm yanğına əlac -
Görmürsənmi
yarı adam oldum,
yarı yeriyən ağac...


Keçdi on beş il...

On il bir yaşadıq...
Oxudum hər gün
O bulaq qəlbini, çeşmə qəlbini.
Daş imiş ürəyi yaratdığının -
On beş il görməyib ata qəbrini.

On beş il...
Gəlmişəm, torpağın yatıb,
Qəbirə düşmüsən, düşmə acığa.
On beş il başdaşı qoymadıq, ata,
Dedik ki. öldüyü yadından çıxar.

İllər kimliyinə baxmır adamın,
İllər gün aparır. illər oğrudur.
Qocalar soruşmur mənim adımı,
Görəndə soruşur, kimin oğludur?

Bir iş görməmişəm adına layiq,
Sinəmə basmağa od axtarıram.
"Qohumlar" soruşur: kimin oğludur?
Utanıb özgə bir ad axtarıram...

Kəndə yolum düşür ildə bir dəfə,
Bu kəndin yoluna, de, çıxım necə?
Bir zamanlar səni soruşan yolçu
Qorxuram qəbrindən hal tutub keçər.

Ot basıb qəbrinin üstünü, ata,
Gül açıb -
qəmlidir ancaq duruşu.
Dindirsəm. hönkürüb ağlayar o da,
Eh. səni bu güldən necə soruşum?

Ağlaya bilmirəm, dözə bilmirəm,
Ürəyin dolusa, gözün dolusa,
Başdaşı yerində dikələn ağac
Qorxuram soruşa kimin oğlusan?


Yandı şair

Quru-quru otlar yandı,
Qara-qara buludlar yandı,
Qarı-qarı palıdlar yandı
Sən də yandın, Nazim Hikmət.

Quru-quru otlar,
Qara-qara buludlar,
Qarı-qarı palıdlar
Yandı çartlaya-çartlaya,
Yandı çırtıldaya-çırtıldaya
Qonşusu eşitmədi
yananların səsini
Sən yandən
nə çartladın,
nə çırtıldadın
Səsini dünya eşitdi, Nazim.

Üzünə alov çilədilər
Üfürdün keçdi.
Cibinə köz yığdılar
Düşündün: keçdi.

Şairin
Kim görüb çöldən yandığını?
Şair içindən yanar, dədə.
Sən də yandın öz içindən
Yaza-yaza
gələcəyindən, keçmişindən.
Ömrünün
dünənini yandırdın
işığında şeir yazdın.
bu gününü yandırdın
işığında şeir yazdın,
Sabahını yandırdın
Özünü görə bilmədin, Nazim,
şeirləriniydi özünün işığında
Özün yanırmışsan, Nazim,
özündən xəbərsiz.


Nədədir görəsən
Nədədir bu sirr,
görəsən nədə?
Dağ da yansa azalır
Şair yananda böyüyür, dədə.
Şair yananda...
Yanmasa şair olmaz.


Bir də boyum çıxmaz o gözəlliyə

Yaman böyüyürdüm
Özümdən xəbərsiz,
anamdan xəbərsiz,
qınımdan xəbərsiz
o gözəlliyin xətrinə.

Boy atdı o gözəllik,
biri ayağımdan,
biri başımdan
dartıb uzatdılar məni
o gözəllikdən də yuxarı.

Çıxdı ağaca o gözəllik
Bu ağac haça-haça
çatmışam qaça-qaça,
belini quca-quca
Gəzdim budaqbabudaq.

O qaçdı, mən qaçdım
bir ağac boyu qaçacaqdı
Yıxıldı birdən o gözəllik
düşdü şöhrətin qucağına.

Ha dartdılar
başımdan. ayağımdan...
Ürək yansa boymu çıxar
Böyümədim ki böyümədim
o gözəlliyə sarı...


Atasından qorxan qız

(Yarızarafat)

Bulağa getmədi tək
Bəlkə suyundan qorxdu.
Kənddə toy oldu tək-tək
Kəndin toyundan qorxdu
Atasından qorxan qız.

Məktəbə ağartdı yol
Bir kəsə yanaşmadı
Ürək edib bircə yol
Dərsi də danışmadı
Atasından qorxan qız.

Bayram olar, pay gedər
Bir evə pay gətirməz.
Qonağı cavandırsa
Öldürsən çay gətirməz
Atasından qorxan qız.

Günü keçdi yuxulu
Əlinə əl dəymədi
Topuğundan yuxarı
Bircə yol don geymədi
Atasından qorxan qız.

Elçilər yol üstə
Sabah şərbət içilər...
...Nə incidi, nə küsdü
Ərə getdi keçələ
Atasından qorxan qız.


Bu qızlar tələsir ərə getməyə

Azalar istisi doğma ocağın
Əlinə iş yatmaz, ürəyinə söz.
Ağlayar çiçəyi bağçanın, bağın
Odur qızılgülün yanağı köz-köz
Bu qızlar tələsir ərə getməyə.

Məhəbbət yol gələr kipriklərinə,
Nə günduz yuxular, nə gecə yatar.
Zibil vedrəsinə zibil yerinə
Zibil gətirdiyi nimçəni atar -
Bu qızlar tələsir ərə getməyə.

Alovlu gəncliyin çarəsi nədir
Hər sözü qəlbinə götürər qızlar.
Qonağı deyəndə külqabı gətir
Gedib qəndqabını gətirər qızlar -
Bu qızlar tələsir ərə getməyə.

Sevgili, danlaqlı, sevincli, nazlı
Başı gah sığallı, gah da qapazlı.
Anadan vədəsiz qaçanlar azmı
Şirinli-acılı yerə getməyə,
Bu qızlar tələsir ərə getməyə...
XS
SM
MD
LG