Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:03

Reyhan Kənan. Şeirlər


-

İnsan olmaq bəhanədir

Dağ dərənin nə vecinə
Məni bu yollar aparır.
Həsrət saçımı darayır
Şirin xəyallar aparır.
İnsan olmaq həsrətini
tortaq olanda duymuşam.
Kədər məni qərq eləməz
Günəşi içib doymuşam.
Dan yeri atəş kimidir
İndicə dəniz alışar
Dərd elə dilə gətirər.
Bu lal bəndə də danışar.
Qoymayaq ömrü solmağa
Axı ondan baha nədir?
Tanrıya yaxın olmağa
İnsan olmağ bəhanədir.


Xəyalımın mənzərəsi

Göy üzü ağlamamış buludla dolu
Hardasa əsməmiş külək yatir.
Batmamış gəmilər tufana can atır
Və hər şey bircə anda baş verir.
Bircə anda..
Buludlar ağlamağa,
Külək əsməyə başlayır.
Tufan gəmini qərq edir.
Bir an əvvəl yerində idi
hər şey.
Bir an sonra
Inlədi çalınmamış ney.
Ürəyim bulud.xəyalım külək,
Ümidim gəmi.
Çökdü gözümə bir anda
dünyanın qəmi.
Eh tapa bilsəydim gedilməmiş yolu,
Göy üzü buludla dolu.


Nə vaxtsa

Nə vaxtsa görüşsək,
Təəccüblənmə.
Bu nə sənin arzun, nə də mənim
Istəyimdir.
Təsadüf də deyil.
Təsadüflər zərurətdən doğar.
Bu dialektikadır.
Əgər tanıyıb salan versəm.
Bunu sevgi sanma.
Bu da bir etikadır.


Güzgü

Mənə doğrunu yox,
Yalanı göstər.
Donub ürəyimdə qalanı göstər.
Bilirəm, saralıb, solub gülləri,
Sən isə o yaşıl talanı göstər.
İncitmə məni hədər.
Aldat aldatdığın qədər
Və mənə hər şeyi əksinə göstər
Güzgü!


Nə Bəxtiyardı

O necə çırpındı fikir selində,
Qəm özü ağardı qara telində.
Dünyanın dərdləri çiyinlərində.
Bu sel sahilləri yuyub apardı,
Şair öz dərdiylə nə Bəxtiyardı.
Dərd hansı rəngdədir?
Qara deyil ki.
Ürəkdəki nisgil yara deyil ki
Bu sel apardığı Sara deyil ki
Ayrılıq necə də haray qopardı
Şair öz dərdiylə nə Bəxtiyardı.
Gözlərdən boylanan qəmə
vuruldu.
Qarışıb bu selə axdı,duruldu.
Kim deyir incidi,ya da yoruldu.
Şair öz dərdiylə nə Bəxtiyardı.
O baxdı,elə bil mələyə baxdı,
Ömrə qəfil əsən küləyə baxdı.
İçində dərd yatan ürəyə baxdı.
Bir ömür boyunca dərdə can atdı,
Şair öz dərdiylə nə Bəxtiyardı.


Xəbərçi külək

Bilmirəm nə dedimsə
Aldı apardı külək
Sözlərimi dilimdən.
Apardı uzaqlara yaylığımı
əlimdən,sığalımı telimdən.
Vurub uçurdu yaman
Necə haray qopardı
Oğurlayıb sözümü
bilməm hara apardı?
Dediyim söz nəydisə
Buludu da oyatdı.
İldırım necə çaxdı,
Bircə anın içində yağış da
yerə çatdı.
Baş açmadım bu işdən
Ilişdim bu kələfə.
Bircə onu bildim ki,
Dediyim söz küləklə
Yayıldı hər tərəfə.
Dedim heç kimə deməz
Sözüm ona sığındı.
Bu”gəzəyən”qızınsa
dili yaman uzundu.
Üzaq olum mən gərək,
deyəsən çərənçidir.
Söz deməyin küləyə
Küləklər xəbərçidir.


Ümid təzə ilədir

Payız bitdi qış gəldi
Çillə təzə başlayıb.
Hələ laldır arzular
Ümid var danışacaq
Dilə təzə başlayıb.
Özüm kimi utancaq,
Qaradinməz arzular.
Eh,gör nələr istəyər,
Eh,gör nələr arzular!
İllər bir-bir dəyişir
Sanki mənlə döyüşür.
Hər dəyişən ilimdə
Bir ümid dişi düşür.
Bax,yenə də çillədir.
Göy üzündə ulduzlar
yenə gilə-gilədir.
Ürəyimə damıb ki,arzularım
deyəsən çiçək açıb uçacaq.
Həyətdə salxım söyüd
Bu il çiçək açacaq.
Ümid təzə ilədir.


Kölgə

Kölgə nə duyğumuzdur,
Nə də hissimiz.
Kölgə ayrılmaz hissəmiz.
Bir ruh kimi bizi izlər,
Sanki bizi əzizlər.
Bilinməz ki, ağlayar,
Ya gülər
Günəşin sayəsində
gözlə görünər.
Dünyanın, cahanın
aynası günəş,
bütün kölgələrin anası günəş.
O ana göylərdə
yanar, yanar.
İşə bax, kölgənin də anası var!
Kölgələr sevməyi bilməz,
Kölgənin göz yaşı bilinməz.
Bir kölgə var,
Nə getməz, nə də sürünməz.
Təkcə tanrının kölgəsi
Gözlə görünməz.


Küskün ev

Söyləyin,o evi niyə sökdünüz?
O evdə həsrətin od, közü vardı.
O kiçik, balaca kürsülü evin,
Məndən üzü dönən küsülü evin
Mənə söyləməyə çox sözü vardı.
Sökdünüz damını, divarlarını.
Sökdünüz bəzəkli otaqlarını.
Sökdünüz, tökdünüz suvaqlarını.
Hopmuşdu o evə anamın səsi.
Atamın əlinin o nişanəsi.
Hardasan, hardasan, ay ev yiyəsi.?!
Bopylanıb o evin pəncərəsindən
Uşaqlıq dünyama baxardım barı,
Orda bir ana var beş balasıyla,
Hələ də boylanır yollara sarı.
Siz görə biməzdiz, bilməzdiz axı,
O evin kədərli baxışlarını,
Siz görə bilməziz divarlardakı,
Anamın əlinin naxışlarını.
Yenə qəmlə dolu,sevinclə dolu,
Alıb ürəyimin dərinliyindən
Xəyal dəftərini niyə tökdünüz?
Sizə neyləmişdi o ev yiyəsi,
Söyləyin,o evi niyə sökdünüz:
Söyləyin,o evi niyə sökdünüz:


Adım

Çiçək adı veriblər
dünyaya gələn zaman
guya gözəl olmuşam
yanağından qan daman.
Amma düşünməyiblər
Çiçək ömrü az olar.
Çəmənlərdə bitsə də
sonra əllərdə solar.
Sevinərək adıma ürəyim
aldanırmış.
Guya k, mənim adım
Şipşirin bal dadırmış.
Çiçək-çiçək yaşadım.
Çiçək-çiçək böyüdüm.
Çiçəyinə çevrildim
həyətdəki söyüdün.
Qulaqda sırğa etdim
anamın hər öyüdün.
Çiçəklə dolu olan donlarım
harda qalıb?
O çiçək uşaqlığım
hansı baharda qalıb?
İndi ötən illərin quruca bir
səsiyəm
Çiçək nədir, ay allah?
Mən dərd süpürgəsiyəm.


Sürüşkən yol

Bu yol sürüşkəndir.
Bu yoldan keçmə.
Keçmək istəsən də fikrindən
daşın.
Kim bilir bu yolda kimlər
yıxılıb, sən də yıxılarsan əzilər
başın.
Bu yol o yollardan deyil,
yaxşı bax.
Seçirsən barı gəl öz yolunu
seç.
Dərədən, təpədən dənizdən
qorxma.
Niyyətin düzdürsə,
Keç, ürəklə keç.
Nə ondan, nə bundan yolu
soruşma.
Yollardan yollara hey yollar
axır
Hamının keçdiyi yolda sürüşmə
Bəlkə keçilməyən yollar darıxır.
Bəlkə də o yolda bir bulaq su var
Bəlkə o bulağın bir yuxusu var.
Bulağın üstündə bitən çiçəyin bəlkə
qoxlanmayan bir qoxusu var.
Bax, indi ordayam - bulaq üstəyəm.
Bulaq yuxusunu danışır mənə.
Tutub çiçək ilə tutub əl-ələ
Mən qonaq gedirəm yaşıl çəmənə.
Mənim ürəyimdir keçilməyən yol.
Keçirsən gəl, mənim ürəyimdən keç.
Sanma ki, ayağın sürüşə bilər.
Heç kimlə heç zaman görüşməyənlər
Mənim ürəyimdə görüşə bilər.


Anlar

Bu mənim şəkil albomum
Əks olunub həyatımın anları.
Əks ounub uşaqlığım, gəncliyim.
Qalıb orda rahatlığım, dincliyim.
Uşaqlıqda şəklim yox,
Yada da düşməyib heç
İlk şəklim çəkilib gec,düz ikinci
sinifdə.
Düzüm-düzüm oturmuşuq sırada
Müəllim də əyləşibdir arada.
Günəşin şüasından gözum qıyılıb
əllərim əsgərtək dizim üstə qoyulub.
Və iki ildir ki, atamı itirmişəm.
Şəkildə bilinmir atasızlığım
Geyimim yerində ətraf da ki,yaz.
Təkcə boynum əyilib bir az.
Bu da üçüncü sinif
Fotoqraf gəlib yenə
Sevinirik, təzə nə var geyirik
Bacımla tez qaçırıq məktəbə.
Tələsdiyimdən ya nədən
Ayaqqabılarımı dəyişməyi unuduram.
Heç kim demir bunu.
Şəkildə gizlətməyə çalışıram
Ayaqqabılarımın cırılmış burnunu.
Böyüyürəm beləcə, böyüyür şəkillərim.
Hər şəkildə böyüyür sevincimlə birgə
gözlərimdəki kədərim.
Şəkildə əks olunur həyatın bircə anı
Həyat lövhələrinin onsuz da yoxdur sanı.
Ah,o şirin anlarım indı hardadır, hanı?


Nazim Hikmət və mən

Yolçu, yolun Şərqə isə
Yağış yağacaq, tələs.
Yol mahnısı oxuma ha!
Böyüyər acların göz bəbəkləri.
Onlar bir tikə çörəyə həsrət.
Oxuya bilməzlər axı
Günəşi içənlərin türküsünü.
Yetimlik yağar dünyanın baxışlarından
Yaralı xəyalatlarla yaşayar insan.
Səsini itirən şəhər var hələ
Susub əbədi.
Girməsən yaxşıdır o şəhərə
Inciyər Anadolu.
Hələ ki, gecədir az qalıb səhərə.
Göydən buludlar keçir
Qoşul buludlara get.
Onsuz da qaydadır
Gəldik gedirik.
Sən də get.
Çatsan getdiyin yerə
Məktub yazarsan mənə.
Ünvanımın onsuz da yoxdur farkı.
Ceviz ağacının bitdiyi yer.
Gülhanə patkı.


Duz yükü

Oğul çəpər olar düşmən yoluna.
Gözəllik misalı qız olar yenə.
Şəkəri nə qədər sevsə də insan
Hər şeyə dad verən duz olar yenə.
Qız yükü, duz yükü deyib atalar
Bu yükün altında yaşadı anam.
Dörd duz yükünü gör neçə illər
O cılız çiynində daşıdı anam.
O, təkcə daşıdı bu ağır yükü
Bu necə ömürdü adı olmadı.
Çiynində duz yükü daşısa da o,
Ömrünün duz qədər dadı olmadı.


Ayağıma ilişən daş

Ayağıma ilişən daş,
mənə nə demək istədin?
Özüm səndən narazıyam,
sənsə məni üstələdin.
Sənə dəyən təpiklərin
sayınımı dedin mənə.
Sındırdığın ürəklərin
payınımı dedin mənə?
Bəlkə elə sən özün də
bir insansan.
Kim qarğıyıb görən səni
çevrilib bir daş olmusan.
Səni atmadım uzağa
hayıfım gəldi qoluma.
Nədir qəsdin axı sənin
gəlib düşmüsən yoluma.
Zərbən başımı çox əyib,
saçlarıma qar ələyib.
Görən sənin bu daş başın
neçə başdan başa dəyib.
Bağışla ki, dinləmədim,
daş dilini anlamıram.
İnsan dərdi ola ola
daş dərdinə ağlamıram.
Ayağıma ilişən daş,
çıx yolumdan çox işim var.
Sənin işin başımladır
ayağımla nə işin var?


Cazibə qanunu

Yerin cazibə qanunu pozulsa,
nə olar görəsən?
Məsələn; özünü
doqquzuncu mərtəbədən
atan adam elə havada qalar.
Göydən təyyarələr nə düşər.
nə partlayar.
Alpnistlər rahat dağa qalxar.
Amma,fəsillərin qanunu pozular.
Nə yağış yağar,nə qar.
Buludlar dolu qalar.
Yerdə çiçəklər solar.
Dünyanı qorxu alar.
Inanmıram nə vaxtsa bu
cazibə pozular.
Bir bax, gör ağacda nə qədər
alma var!


Yağış

Yerdən göyə yağış yağar.
Elə yağış ki,
buludu insan.
Adi yağış deyil ki. o,
bu yağış leysan.
Hər gün yağar yerdən göyə
kəsməyisə yox.
Bir kimsədən inciməyi,
küsməyisə yox.
O yağışı yerdən göyə
yağdırar insan.
Nə var axı insan üçün
bu işdən asan.
Yağdırdıqca o yağışı
qalmaz yadında.
Yerdən göyə yağış yağar
günah adında.


Tanımadığım adam

Sənə veriləsi sevgim yox mənim
Səni tora salan sehrim yox mənim.
Qorxma, sənə qarşı mehrim yox mənim,
Yaxında olsam da yenə də yadam
Tanımadığım adam
Mən ki tanımıram əzəldən, indi,
Baxışın gözümdə ilişdi, sındı,
Sanma ki, ürəyim sevgiylə dindi,
Yandıran deyiləm, buz edən odam
Tanımadığım adam.
Bu görüş bir anlıq, ötəri idi,
Səni tanımaqçün yetərli idi,
Demə, görüşlərin betəri idi.
Hər necə olsa da yenə də şadam
Tanımadığım adam
Düşməz ki, bir daha yolumuz qoşa
Bir anlıq yol idi vurduq biz başa,
Sən ki bənzəmirsən bir parça daşa,
Götürüb yolumdan kənara atam,
Tanımadığım adam.
Dünyada yolumuz tən düşə bilər,
Hamı tanımadan görüşə bilər
Bəlkə də bir ömrü bölüşə bilər
Uzatsan əlini inanma tutam
Tanımadığım adam
Tanımadığım adam


Hardasa uzaqlarda

Roma gözəl şəhərdir.
Paris ondan da gözəl.
Amma Romanın da, Parisin də
ətrafında böyük və balaca kəndlər var.
O kənddə yaşayanlar bizim
kəndin adamları kimi sadə,safdılar.
Sadəlik kəndin yaraşığı.
Lap elə bizdəki kimi ay işiğıdır
bu kəndlərin işığı.
Bilmirəm o uzaq kəndlərin adı nədir.
Bilmirəm dağdadır,ya dərədədir.
Bilirəm ki,o kəndin tozlu
torpaq yolu var.
O yolda bir quyu var.
Gəlib-gedən su içər.
Və elə indicə o yoldan
Üstündə oğlan uşağı oturan
Bir odun arabası keçər.


Qəsr

Mən Qəsrə can atıram.
Ruhum orda əsirdi.
Mən Qəsrə can atıram.
Bəlkə anam Qəsrdi.
Nədir axı bu Qəsr?
Ruhun sığdığı bədən.
Ovulmuş divarları topdan,
mərmidən,güllədən.
Qəsr-əqrəbi donmuş zaman.
Yazısı yarıda qırılan roman.
Qəsr-Kafkanın çata bilmədiyi məkan.
Ehey!
Kimdir bu Qəsri tikən?
Mən Qəsrə can atıram,
Yolu olmasa belə.
Onu görünməz edən axı kimin ahıdır?
Bəlkə elə bu Qəsr bir allah dərgahıdır.
Yarım qalmış romanı,
əqrəbi donmuş zamanı,
O, yatmış qəhrəmanı oyatmaq istəyirəm.
Kafka çata bilmədi.
Heyf!
İlişdi illərə,zamana,əsrə.
Bəs mən necə qovuşum,
Belə get-gəlli olan,
Ruha təsəlli olan,
Yalnız allaha bəlli olan
Qəsrə?
XS
SM
MD
LG