Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:49

Böyükxan Pərviz. Şeirlər


-

DƏRD

Harda qaçıb gizlənirəm,
soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə,
arvad-uşaqnan gəlir.

Hər sözümə dodaq büzür,
dediyimi bəyənmir.
O, mənim özümü yeyir,
yediyimi bəyənmir.

Əlini uzatma mənə,
canım sənə sadağa.
Dərdim körpə uşaq kimi,
getməz özgə qucağa.


QAYIT, GÜLÜM

Getmisən, bu evin sahibi kimdi?
Ayağım ünvanı bəlkə səhv salıb?
Divarda xalı da köhnə kilimdi,
Bu evdə elə bil, hər şey qocalıb.

Haçandı otağın işığı sönüb,
Nə bir çay dəmlənir, nə yanır ocaq.
Bu mənzil mənimçün qəbirə dönüb,
Baş daşı əskikdir üstümdə ancaq.

Sayıram getdiyin günləri bir-bir,
Daha ürəyimdə giley qalmayıb.
Elə bil, bu evə oğru giribdir,
Özümdən savayı bir şey qalmayıb.

Sanki, aramızdan neçə il keçib,
Qonub hörümçəklər küncə, tavana.
Evin bərəkəti elə bil köçüb,
Çörəyi yeyirəm indi yavana.

Qayıt, gül çiçəyim, qayıt ətirim,
Yenə də padşah ol, otur bu taxtda.
Gəl səni təzədən gəlin gətirim,
Tapdala dilimi ayağın altda…


HƏKİM

(şair qardaşım, Paşa Qəlbinura)

Nəyim var ki, sözdən başqa?
Sənə də bəlliyəm, həkim.
Gözü tutulmuş bəxtimin,
əlində çəliyəm, həkim.

Dilim sözlü-nağıllıdı,
Dərd başımı sığalladı,
İndi hamı ağıllıdı,
Təkcə mən dəliyəm, həkim.

Göz yaşlarım döndü selə
Bu fələyi belə-belə…
Gözlərimə əlac elə,
Gözü kölgəliyəm, həkim.


SIXINTI

Bu dünyanın dərdlərini,
çəkirəm qəmim kimi,
Harda belə gəmi batıb,
mənim bu gəmim kimi?..

Vallah, beşikdən düşənnən,
ağır şərt tapır məni.
Köhnə dost itirir məni,
Təzə dərd tapır məni.

Nə bəxtimdə kişilik var,
Nə həyatımda qadın,
Belə… nə yada salmağa bir Gün,
Nə unutmağa adım…


FƏLƏKDƏN QABAQ

Bizim göbəyimiz belə kəsilib,
Qəmə bürünmüşük bələkdən qabaq.
Anamız qorxudub, hər ağlayanda,
Cini tanımışıq mələkdən qabaq.

Torpaqdan duymadıq gülün ətrini,
Dostdan uca tutduq yadın xətrini.
Od oğlu, bilmədik odun qədrini,
Söndü ocağımız küləkdən qabaq.

Bu da bir ömürdü, axırı yoxdu
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq.


NİYƏ BELƏDİ?

Bu yurd sahibsiz bağ boyda,
Əldə gəzir yumaq boyda.
Onsuz da dərdi dağ boyda,
Azarı niyə belədi?

Zəhmi çox, kiçik çillənin,
Sayı yox, dəyən şillənin.
Goruna and içilənin
Məzarı niyə belədi?

Qızıl həsəd çəkir misə,
Fərq yoxdu yaxşıyla pisə.
Xalqın gözü tərəzisə,
Bazarı niyə belədi?


ƏLLƏRİMƏ YAZILMIŞ ŞEİR

Ay əllərim, sizin ilə
bir qıza çiçək almadım.
Kimsəyə əl uzatmadım
Kimsədən çörək almadım.

Yorulmadıq, nə mən, nə siz,
Ömür sürdük su tək, təmiz.
Qabar oldu bəzəyiniz,
Bir özgə bəzək almadım.

İşlədiniz, otaq aldım,
Geyim aldım, yataq aldım.
Şaxta düşdü, papaq aldım,
Sizə bir əlcək almadım.


YAZIRAM

Hərənin bəxtinə gəlib bir yazı,
Qismət gözləyirsən gör gələcək ki?
Haqqın da qayıdıb qara kağızı,
Fəqət, ölməyini kim biləcək ki?

Bu dünya qəlp puldu, hey ötür-ötür,
Düzü qaradısa, yalanı ağdı.
Əgər beş gündüsə, beşini götür,
Yerdə nə qaldısa, qalanı ağdı.

İndi mən nə yazım bu ağ varağa?
Gözlə gördüyümü güclə yazıram.
Mürəkkəb tükənib, qəmi yazmağa,
Anadan əmdiyim südlə yazıram.


ELƏMİR

Ay quş, tərs baxdığın adam
yerini ki, dar eləmir?
Vallah, o da ələ baxır,
çoxdandı, nahar eləmir.

Bil, qurbandı sənə canım,
Did məni, halaldı, qanım,
Bu diyarda ancaq, xanım,
ölən ahu-zar eləmir.

Gəl, ikimiz deyək ağı,
Şeir yazanam, kiməm axı?
Tanrı mənə bəxt yazmağı,
hələ etibar eləmir…


KƏSƏCƏK

Kəpənək bu gülə neylər?
Gül axı bülbülə neylər?
Sel gəlsə, çınqıla neylər?
Damlalar daşı kəsəcək.

Dərdim içimdə qor olub,
Dünya başıma dar olub.
Gözlərim daha kor olub,
Deyəsən, yaşı kəsəcək!

Yollarla kəsək kəsmişəm,
Qamışdan tütək kəsmişəm.
Cəlladla çörək kəsmişəm,
Başımı yaxşı kəsəcək…


QƏBİRİN İÇİNDƏ YAZILMIŞ ŞEİR

Uzanmışam boş otaqda,
nə məktub var, nə zəng səsi.
Elə bil ki, hamı köçüb,
mən dünyanın gözətçisi.

Üzü qibləyə tərəfəm,
ümidim bu küçəyədi.
Eh, bir az zəhər olseydi,
gör qramı neçəyədi?

Burnuma gül iyi gəlir,
əklilmi, güldən bağlanıb?
Ay qapımı döyən, kimsən?
açginən, çöldən bağlanıb…


MƏNDƏN SONRA

Elə bilmə çiçəklərin, güllərin,
Mənsiz boynu büküləcək, əzizim.
Qismət olsa, adım dildə, dodaqda,
Orda-burda çəkiləcək, əzizim.

Ümid olma nə ömürə, nə baxta,
Əcəl baxmır nə xəstəyə, nə vaxta.
Məndən sonra bu yatdığım otaqda,
Bir çarpayı söküləcək, əzizim.

Dünyadı da, ağlatmaqdı peşəsi,
Üzü bərkdi, çiliklənməz şüşəsi.
Bir tərəfdən qırılacaq meşəsi,
Bir tərəfdən əkiləcək, əzizim.


ORDA BİR GƏLİN AĞLAYIR

Orda bir gəlin ağlayır,
Yarasını soruşmayın,
Saçları tamam ağarıb,
Qarasını soruşmayın.

Aman, necə də kövrəkdi?
Gözəldi, yenə göyçəkdi.
Örtdüyü qara örpəkdi,
Xarasını soruşmayın.

O qızların xası idi,
Dərdə, qəmə asi idi,
Armudun yaxşısı idi,
Sonrasını soruşmayın…
XS
SM
MD
LG