Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:49

Ramiz Qusarçaylı. Şeirlər


-


BU YERİN...

Bu yerin astarı üzünə çıxıb,
Bu yerin çörəyi dizinə çıxıb,
Bu yerin otu da tərsinə çıxıb,
Bu yerin arısı gülə tamarzı,-
Gedək,ay ürəyim,gedək bu yerdən,
Gəl gedək,bu yerdə nə itin azıb...


TORPAĞIN ALTI

Oddu, küldü, kömürdü,
Daşdı torpağın altı.
Məni sordu, sümürdü,
Yaşdı torpağın altı.

Soyudum üst qatından,
Ağacından,otundan,
Ayağımın altından
Qaçdı torpağın altı.

Axır,çağlaya bilmir,
Qovur haxlaya bilmir,
Məni saxlaya bilmir,
Boşdu torpağın altı.

Üzə durub üstüylə ,
Oynar odla,tüstüylə,
Oyunuyla, qəsdiylə
Xoşdu torpağın altı.


RÜŞVƏT

Dəridə dəmirov kimi,
Yarada mikrob kimi,
Tarlada alaq kimi,
Ot kimi,bitraq kimi,-

Artır rüşvət verənlər,
Artır rüşvət alanlar.
Artır rüşvət azarı,
Artır rüşvət bazarı.

Yayılır addım-addım
Nə gənc bilir, nə qoca.
Yayılır soyuq-soyuq,
Nə od bilir,nə ocaq.

...Həkim rüşvət istəyir,
Hakim rüşvət istəyir,
Biri göz qabağında,
Biri xəlvət istəyir...

İnsan taleyi ilə,
İnsan ürəyi ilə
Alver edilir ,alver,-
Niyə uçulmayır göy
Niyə yarılmayır yer?!


BİZDƏN

...Gör necə yeyinmişik,
Zirvə-zirvə enmişik,
O qədər sevinmişik,
İndi qəm qorxur bizdən

Nə göydə nur qoymuşuq,
Nə yerdə gör qoymuşuq,
Cənnəti kor qoymuşuq,-
Cəhənnəm qorxur bizdən.


YUXU

Bu yuxu gör harda haqladı məni,
Torpağın altında,
Yerin gözündə.
Bu yuxu gör harda ağladı məni ,
Ağlaya bilərdim elə özüm də...

...Gecələr yuxumu ərşə çəkənlər
Səhərlər yuxuma bal qatıb mənim.
Ayıq baxışlara yuxu əkənlər
Yuxu becərənlər aldadıb məni.

O xəzəl illərin sarısı dən-dən,
Yerində inadım yarpaqlayıbdı.
Yuxulu günlərim quyu dibində
Özü öz üstünü torpaqlayıbdı.

Nə çıxar təzədən kükrəyəm,daşam,
Yuxulu əllərim heç yana çatmır ,
Özüm illər boyu yatıb qalmışam,
Sinəmdə hisslərim qiyamı yatmır...

Məni fikir-fikir geyən qayğılar,
Məni misra-misra soyunur indi.
Günəş işığında ölən duyğular
Fanar işığında yuyunur indi.

Yarımçıq əmrə də,günə də yadam,
Fərqi yox,budaqda çürü,ya tökül...
Özüm öz əlimi yandıran odam-
Özüm öz gözümə səpələnən kül.

Ayırıb özümü duyğudan ,hissdən
Başımı yuxu ilə qatan deyiləm.
O qədər yatmışam torpağın üstdə
Torpağın altında yatan deyiləm...


AĞLA, BƏNÖVŞƏM , AĞLA...

Üstünə gün düşüncə
Çıxıb getdin yazımdan.
Səndən sonra dünyada
Toyumda bir,yasım da,
Ağla,bənövşəm,ağla.

Başım yüz daşa dəydi,
Bir gün ömür sürüncə,
Gözlərim kor olaydı
Səni ağalar görüncə,
Ağla,bənövşəm,ağla.

Səni dərib üzməmiş
Əlimi üzdüm,neynim.
Səndən küsmək günahdı
Özümdən küsdüm,neynim,
Ağla,bənövşəm,ağla.

Boğuldum göz yaşından
Silə bilmədim,ağla.
Ölməyim məsləhətmiş
Ölə bilmədim,ağla,
Ağla,bənövşəm,ağla...


ŞƏDDI ŞAHNAZ

Bu naz Şurun şah nazıdı,
Bir gözəlin ah nazıdı,
Gül nazıdı, şeh nazıdı
Pozma gülüm əhdi naz-naz,
Şəddi Şahnaz.

Bir az Cabbar, bir az Xandı,
Naləsində eşq virandı,
Ey ruhumun muğam andı,
Ey muğamın cəddi Şahnaz,
Şəddi Şahnaz.

Zilxan bulud, şimşək səsim,
Cingənə sim, zirvə pəsim,
Ürək-ürək, əsim-əsim,
Bir ilahi mehdi Şahnaz
Şəddi Şahnaz.

Göy dağıla, Yer yeriyə,
Könül, uyma hər pəriyə,
Bax Arazdan Həkəriyə,
Aşdı min-min səddi Şahnaz
Şəddi Şahnaz.

Öt dilimdə qərib bəstəm,
Dərd divanəm, qəm şikəstəm,
Qoy oxunsun qəbrim üstə,
Yeddi səsdə yeddi Şahnaz
Şəddi Şahnaz.


QAR

Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qübarı
Tox toxa söylənir, ac aca, - qardı.

Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...

Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.

Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də
Bu qar sirli qardı, tapmaca qardı.

Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə,-
Adına gəlincə,- bir heca, Qardı...


QÜBBƏM... QALAM...

A Şah dağım, Şah ləngərim,
Şah duruşum, Şah səngərim,
Şah sözüm, dil büzüm-büzüm,
Şah düzüm, gül düzüm-düzüm,
Gül üzünmü,
Gül üzümmü,
Gül üzünə
Gül düzümmü...

Dağlar qızı, Qız bənövşəm,
Naz çiçəyim, naz bənövşəm,
Tənha arı gül tərpətməz,
Dodaq əyməz, dil tərpətməz,
Tərpənimmi,
Ürpənimmi,
Bu möcüzə
Sirr mənimmi...

Səslə məni, Təngə, gəlim,
Gözəllikdən təngə gəlim...
Sağım Təngə,
Solum Təngə,
Döngə-döngə yolum Təngə,
Az gəlimmi,
Üz gəlimmi,
Dərə-təpə
Düz gəlimmi...

Başı daşlı Daş minarəm,
Daş əlləri boş minarəm,
Döyə-döyə əydiyim daş,
Əyə-əyə geydiyim daş,-
Daş nəfəsim,
Daş qanımmı...
Daş ətəkdə
Daşdanımmı...

Xınalığım, Xan nağılım,
Xana-xana şan nağılım,
Dağ sinəsi xına-xına,
Kəklik qonar sına-sına, -
Xonça bulud
Xınam gəlsin...
Xınalansın
Sonam gəlsin...

Qudyalçayım, suyun qərib,
Sən oynayan oyun qərib,
Qərib keçmə, su lillidi,-
Su ürəkli, su dillidi,
Lilləndim a...
Dilləndim a...
Dağ çayıyam
Zilləndim a...

Yerim Qübbə, göyüm Göy nər,
Qalam üstə göyüm göynər...
Qübbəm, Qalam Qurd yeridi,
Qurd yeri ilk yurd yeridi,-
Elim can-can...
Obam can-can...
Qübbəm, Qubam
Azərbaycan! ...


DAHA

Xalq donunda hər şeyin
Nəfsi ağlından yeyin,
Ta şeytana söyməyin
Cini yormayın daha.

Dış siyasi Buşxana,
İç sosial leşxana,
Hər kənddə bir quşxana
Hini yormayın daha.

Xumar yeri mədrəsə,
Qumar yeri ... eh, nəsə...
Cəhənnəmə yol kəsə
Tini yormayın daha.

Nə qan, nə qiyamçılıq,
Hay-küyü bir qamçılıq,
Gedir müsəlmançılıq
Dini yormayın daha...


AĞLAMA

Ağlayırsan, indi ağla,
Məni öləndə ağlama.
Qəbrim üstə güllər solub
Xəzan gələndə ağlama.

Sıxılma yas saxlayanda,
Geyib qara bağlayanda,
Ağla, düşmən ağlayanda,
Dostlar güləndə ağlama...

Gözəl davran, gözəl inlə,
Darılma dərd gözəlinlə...
Göz yaşını öz əlinlə
Özgə siləndə ağlama...

Öz tamı var, öz təhəri,-
Ölüm ömrün son bəhəri...
Gizlə gözündən qəhəri
Gözün biləndə ağlama.

Axşam şəri, səhər danı,-
Səninlə böldüm hər anı,
Sonuncu dəfə dünyanı
Yarı böləndə ağlama...


BIR BÜLBÜL, BIR QARATOYUQ...

Havalı könlümü dəli çağında
Bir bülbül dağladı
bir qaratoyuq.
Eyvana uzanan tut budağında
Bir bülbül çağladı,
bir qaratoyuq.

Çevirdim şeirimin yaşıl tağını,
Yordum yoxuş-yoxuş sözün ağını,
Gözümdə tellənən qəm saçağını
Bir bülbül qoxladı,
bir qaratoyuq.

Özü olmayanlar üzə duranda,
Ürək bulandırıb könül qıranda,
Qarğalar başımda qoz sındıranda
Bir bülbül ağladı,
bir qaratoyuq.

Burda həm atayam,
burda həm uşaq,
Yaxından yaxınam,
uzaqdan uzaq...
Atamın yasını özümdən qabaq
Bir bülbül saxladı,
bir qaratoyuq.

Qeybət qıyma-qıyma kəsəndə məni,
Heç kəsən duymadı küsəndə məni...
Deyim kim bağladı bu kəndə məni
Bir bülbül bağladı,
bir qaratoyuq...


DEYIL

Qapında doğman, yadın,
Açın, gələsi deyil.
Son mənzilə arvadın
Bacın gələsi deyil.

Bu doqqaz at saxlamaz,
Üstündə ad saxlamaz.
Təndirin od saxlamaz
Sacın gələsi deyil.

Dərd dəvə haxdan gələr,
Yıxmağa çox dam gələr,
Füzuli, Ağdam gələr,-
Laçın gələsi deyil?!

Nə gördü bu hay-küydən,-
Özünə qənim meydan...
Xilasına nə şeytan
Nə cin,- gələsi deyil...

İmdad gəzmə vayında,
Bat siyasət çayında,
Gələn tayfa hayında
Elçün gələsi deyil...


GIZLƏNIB

Bu adamlar, yaltaqlığın uğurunda gizlənib,
Nə yuxarı yerindədi, nə aşağı yerində.

İçindəki alçaqlığın çuxunurda gizlənib
Nə böyüyu yerindədi, nə uşağı yerində.

Örüş-naxır iştahının axurunda gizlənib
Nə xırmanı yerindədi, nə başağı yerində.

Oynadığı hər havanın axarında gizlənib
Nə imanı yerindədi, nə işığı yerində.

Əlahəzrət köləliyin cığırında gizlənib
Nə şairi yerindədi, nə aşığı yerində.

O təpər ki, bu millətin fağırında gizlənib
Nə papağı yerindədi, nə qurşağı yerində.


* * *

Sənə qondu könlümün
Quşu, başdaşım, quşu.
Deyən gəlir ölümün
Xoşu, başdaşım, xoşu...

Bu nə xof, nə hürküdü,
Ağı da bir türküdü,
Dünya yaman bürküdü
Üşü, başdaşım üşü.

Deyim sözün düzünü,-
Ağartmadım üzünü...
Yan-yörəmdə yüzünün
Leşi, başdaşım, leşi...

Xətt çək yaşımın üstdən,
Daş tök daşımın üstdən,
Yondur başımın üstdən,
Naşı, başdaşım, naşı...


SƏDDAMA GECIKMIŞ MƏKTUB

Səndən Şah İsmayıl ola bilərdi,
Səndən Sultan Səlim ola bilərdi,
Səndən heç Şaron da olmadı, Səddam,
Heç Mahmud Abbas da ola bilmədi...

Bu boyda zarafat nəyə gərəkmiş,
Bu boyda xürafat nəyə gərəkmiş,
Bir Ərəb dünyası dağılan yerdə
Yüz Yasir Ərəfat nəyə gərəkmiş...

Silahı özündən ağır uşaqlar,
Sinəsi güllədən yağır uşaqlar,
Bu yetim uşaqlar, fağır uşaqlar
Hərəsi bir Səddam ola bilərdi,
Sənin qisasını ala bilərdi...

Səni bu uşaqlar öndə görmədi,
Səni bu uşaqlar səndə görmədi,
İraqdan iraqda gördülər səni,
Özündən qıraqda gördülər səni,
Vədindən qıraqda gördülər səni,
Sözündən qıraqda gördülər səni...

Mən-mən deyə-deyə bəstələdiyin,
Ötdüyün ariya harada qaldı?!
Hayınla, küyünlə üstələdiyin
Bəs Misir, Suriya harada qaldı?!

Bəs o üyütdüyün goplar nə idi,
Bəs o böyütdüyün toplar nə idi,
Atdığın bombalar önünə düşdü,
Yurdun Fələstinin gününə düşdü...

Göyləri xışlayıb şumlardı səsin,
Çalıb oynadığın havanı gördüm,
Gücünü Küveytə göstərən kəsin
Axırda girdiyi yuvanı gördüm...

Vardı var əlində, meydan əlində,
Nə qaldı o haydan, küydən əlində,
Özünü ərəbin imamı saydın
Özünsə oynadın şeytan əlində.
Rusa bel bağladın, anan ağladı,
Ağladı, özü də yaman ağladı...

Dəryanı timsahlar oynadan yerdə
Neyləyər balığın yosun silahı...
Dünyanı günahlar oynadan yerdə
Allahsız "allahlar" oynadan yerdə
Neynəyər imansız rusun silahı...

O nəydi çarşablı İran savaşı,
Hər iki tərəf də bir türkdən idi.
Öyünən ərəbin çalmalı başı
Qırılan Təbrizdən, Kərkükdən idi...

Yığılıb Kəbəyə şeytan daşladın,
Dünyanın şeytanı Buşdu, bilmədin.
Özündən qaçmağa özün başladın
Təklərin meydanı boşdu, bilmədin...

Bilmədin sel gücü el gücündədi,
Bu dünya təklərin qəza bölgəsi
Harda müsəlman var qan içindədir,-
Harda müsəlman var Qəzza bölgəsi...
Şuşa Kərbəlanı tanıyan kimi

Kərbala Şuşanı tanımadısa,
Kəlbəcər gedəndə, Laçın gedəndə
Bir ərəb bir rusu qınamadısa,

Tarixin Xocalı xəcalətindən
Bağdadın burnu da qanamadısa
Neynəsin bu ərəb dəvəsi ölmüş,
Min ildi azadlıq həvəsi ölmüş...

Mərd ürəkdən doğar, xain bərədən
Mehrində Ankara Mərsin olmayıb.
Xəbərin olmayıb Qanlı dərədən,
Sənin Canaqqala dərsin olmayıb...

Neynəsin bu ərəb dəvəsi ölmüş,
Min ildi azadlıq həvəsi yoxdu,
Min ildi mübariz nəfəsi yoxdu,
Nefti var, atomu, nüvəsi yoxdu...

Neynəsin bu ərəb dəvəsi ölmüş,
Hələ də bitməyib özünə qəsdi,-
Hələ də özünə divan tutacaq.
Oxunub tarixin Fələstin fəsli
İndi də yerini Livan tutacaq?!

Bizi ayırmağa bəhanə min-min,
Bizi birləşdirən nəyimiz qalıb?!
O qədim Qurd yeri yad əlindədir,
O yetim yurd yeri yad əlindədir,
Bircə boş hayımız, küyümüz qalıb...
Bir də başımıza daş yağdırası
Göyümüz qalıb...


QUSARIM

Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bilmədim Suvarın, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.

Yerləri gül səsi, çiçək qapısı,
Göyləri nur seli, mələk qapısı,
Dosta dost qapısı, ürək qapısı
Düşmənə keçilməz hasarım mənim,
Qusarım mənim.

Bir daşı yurd daşım, binə daşımdı,
Bir daşı baş daşım, sinə daşımdı,
Bil ki, yamaq daşım, pinə daşımdı,-
Sənsiz hara düşsə güzarım mənim,
Qusarım mənim.

Ötür şəlalələr tel nəğməsini,
Asıb qayalara sel nəğməsini,
Yasab nəğməsini, Hil nəğməsini
Könlümə əbədi yazarım mənim
Qusarım mənim.

Düşsün gözəllikdən gözə dən, baxım,
O gözəl hüsnünə təzədən baxım...
Çıxım, Şahdan baxım, Ləzədən baxım
Deyim bu qartalım, bu sarım mənim,
Qusarım mənim.

Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bu səs Suvarındı, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.


MƏNZƏRƏ

Bu kəndçidi, kənd içidi,
yola verdim,
Bu qonşudu, şudu - budu,
yola verdim,
Bu qonşunun tanışıdı,
yola verdim,
Bu tanışın Xanışıdı,
yola verdim,
Bu Xanışın xahişidi,
yola verdim,
Bu qohumdu, yad toxumdu,
yola verdim,
Bu qaynata, bu qaynana,
baş qoşmadım bir oynuna,
yola verdim,
Bu qardaşdı, qara daşdı
yola verdim,
Bu bacıdı, dil acıdı
yola verdim,
Bu qayındı, hər qılığı bir oyundu,
yola verdim,
Bu baldızdı, balı duzdu,
yola verdim,
Bu yeznədi, hər üznədi,
yola verdim,
Bacanaqdı, şirini yox, acı nağddı,
yola verdim,
Bu xaladı, öz qövmünə bir bəladı,
yola verdim,
Bu bibidi, yüz əməli, bir cibidi,
yola verdim,
Bu dayıdı, sərçə boyda ürəyi var,
elə bilir bir ayıdı,
yola verdim,
Bu əmidi, "əmiyə qalan dəmyə qalar..."
bir zəmidi,
yola verdim,
Dostdu küsdü,
yola verdim,
düşmən qəsdi,
yola verdim,
Tənəsini, eyhamını yola verdim,
Mən hamını yola verdim,
...Bir özümə yol vermədim.

2009


BATAQLIQ

Udur məni bu bataqlıq, udur, udur...
Boğur məni bu mənzərə, boğur, boğur...

Boğur məni bu boz qəfəs,
Soran beyin, vağam nəfəs,
Lil yoğurur bulaq səsi
Çaqqal doğur Qurd dərəsi,
Meşə içi kef qoxuyur,
Bulud köçü kif qoxuyur,
Yiyəsi yox bu yerlərin,
Hər gələn bir cib toxuyur,
Boğur məni bu mənzərə, boğur, boğur...
Udur məni bu bataqlıq, udur, udur...

Zirvələrin şiş ucunda
Qara dönüb qalacaqdım,
Bu dağların daş ovcunda
Bir damla su olacaqdım, -
Bu dağlarda nə qaldı ki...
Bax Samurdan Qarqaracan
Tapdaqlarda tağlar gedir,
Gül güləcən, qar qaracan
Dağlar gedir, ağlar gedir...
Bax yatandan oyağacan
İmiyəcən, Cimiyəcən,
Bulan başdan ayağacan
Bat ilikdən sümüyəcən,
Bu əyalət çuğullusu,
Bu cəhalət ağıllısı,
Çəpər belə, sərçə belə,
Ocaq belə, hücrə belə,
Qələm belə, fırça belə,
Qanun belə, icra belə...
Söz azadlıq çabasında,
Din siyasi əbasında,
Millət riya libasında...
Əti ata sırıyıblar,
Otu itə sırıyıblar
Əti, otu yalaq - yalaq
Axur - uxur, calaq - calaq
Bu millətə sırıyıblar...
Udur məni bu bataqlıq, udur, udur...
Boğur məni bu mənzərə, boğur, boğur...
Hara gedim mən bu yaşda,
Hara gedim mən bu sində,
Adı qalıb bu yerlərin
Ay südü yox gecəsində,
Gül xırmanı xəzəl doğur,
Söz arınmır cecəsində...
Bu yerlərdə dərd eşməyə,
Dərdləşməyə kim qaldı ki...
Vəd sürüşkən, əməl çürük
adamları
itinə tök...
Nökər nankor, ağa quduz,
Haram iştah əjdahadı...
..........................
..........................
Udur məni bu bataqlıq, udur, udur...
Boğur məni bu mənzərə, boğur, boğur...

2009


GİLƏNAR

Aşıq Əlikram üçün
Yer Göyə bənd, bəs Göy nəyə,
Ölləm göynəyə - göynəyə
İki dünya bir köynəyə
Dar gələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

"Bəhri divanə" irsimin
Qopuz kimi öz tilsimi.
Eşq özü də iki simin
Bir naləsi, ay Gilənar.
Nar giləsi, ay Gilənar.

"Baş müxəmməs" şah beytimdi,
"Baş sarıtel" ah beytimdi.
"Kərəmi"mdi, "Dübeyti"mdi
Yar tələsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

"Dərbəndi" dərd dənim kimi,
"Laçını" dağ çənim kimi,
"Yurd yeri"nin mənim kimi
Var dəlisi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

Dilimdə o gülün adı,
"Zarıncı"dı, "Qaytarma"dı,
Neyçün məni qaytarmadı,
Bir beləsi, ay Gilənar,
Nar giləsi, ay Gilənar.

08.11.2008


AD

Ada bax, nələr çəkir
Adların arasında,
Evinin içindəki
Yadların arasında.

Ağıl gedir, dərk gedir,
İnam gedir, ərk gedir,
Bu qoduq nə bərk gedir
Atların arasında?!

Demə, şeytan da, cin də
Birdi adam içində,
Təpər yox el gücündə,-
"Zad"ların arasında.

Qandı haqqın kürəyi,
Sınıb bulud xərəyi,
İtir şair ürəyi
Çatların arasında.


HARDASAN

Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni...
Sənsiz göyüm - göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən...

Pirdi, övliyadı, nədi, bilmirəm,
Eşqə bax, imana, dinə gəlirəm.
Mən səndən ayrılıb gedə bilmirəm,
Mən səndən ayrılıb sənə gəlirəm.

Bir bəyaz duyğutək gəlləm yuxuna,
Durub şirin - şirin səslərəm səni.
Büküb qarasına, büküb ağına,
Gözümün içində bəslərəm səni.

Gözümdə nə qədər gecə ağarıb,
Özüm də bilmirəm necə ağarıb,
Nazın bu sevginin göz dağı olub,
Sinəm bu sevginin dustağı olub...

İki göz dolusu ağlaram səni,
İki dodaq boyu gülləm səninlə.
Gizlicə yolundan saxlaram səni,
Dünyanı ikiyə bölləm səninlə.

Hardasan, öldürür bu təklik məni,
Ovutmur bu güllük, çiçəklik məni...
Sənsiz göyüm - göyüm göynəyirəm mən,
Sənsiz bu dünyanı neynəyirəm mən...

* * *

Sovrulur ömrün xırmanı,
Yerində can ətri qalır.
Ayrılığın kol dibində
Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə.
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.

Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam,
Ölümə bir toy tuturam,
Əzrayılın xətri qalır...


NƏ GƏZİR

Bu da bu saldığım bağların sonu,
Şaftalı nə gəzir, badam nə gəzir.
Toxumun, dənliyin dəyişib donu,
Fidanım nə gəzir, butam nə gəzir?!

Kənddi də...
nə bağban, nə bağlıq qalıb,
Nə aranlıq qalıb, nə dağlıq qalıb,
Yerində bu boyda bataqlıq qalıb,
Nəriltim nə gəzir, nidam nə gəzir?!

Bilmirəm kim kölə, kim qiyamçıdı,
Ziyalı abrını döyən qamçıdı,
Baş oğru ən böyük ittihamçıdı,
Bəraət nə gəzir, xitam nə gəzir?!

Atəşkəs... Qarabağ... gülməcələrdi,
Ən böyük qələbə heç - heçələrdi,
Aşağı, yuxarı qulbeçələrdi
Camaat nə gəzir, adam nə gəzir?!

Üstümə yüz adda bazar yeriyir,
Tamarzı yeriyir, bezar yeriyir,
Dalımca bir qara məzar yeriyir
Mənzilim nə gəzir, odam nə gəzir?!

QAÇIR

Bu əkini mən əkmişəm,
Biçin məndən niyə qaçır...
Mən bilirəm nə çəkmişəm,
Neçin, -
məndən niyə qaçır...

Dərd yenə dastan başlayıb,
Toyumu yasdan başlayıb,
Məni yüz şeytan daşlayıb,
Bəs cin məndən niyə qaçır...

Cəngə ağ bayraq sancmışam,
Başına oyun açmışam,
Şuşadan özüm qaçmışam,
Laçın məndən niyə qaçır...

Asqırıb qatdım aranı,
Cuhuda satdım İranı,
Özüm küsdürdüm Turanı
Bəs Çin məndən niyə qaçır...

Altında gəzdiyim torpaq,
Öldürüb əzdiyim torpaq,
Çölündən bezdiyim torpaq,
İçin məndən niyə qaçır?..

2006


SÖZ AXŞAMI

Zakir Məmmədə
Bu şam da əriyir bu söz axşamı,
Əriyib qurtarır son nəfəs kimi.
Nə dərdim bir dərddi,
nə dərdin tamı,
Ürəyim soyuyur boş qəfəs kimi.

Ötür boyat - boyat bayağı boylar,
Min qabar göyərir dilimdə, şair.
Kükrəyir məcrası macəra çaylar,
Qəm seli çağlayır lilimdə, şair...

Təşnəsi lallara nə illah,
susur,
Göylü iddialar göysüz böyüyür.
Hər sözün içində bir günah susur,
Hər günah içində bir söz böyüyür.

Yumaz inadından rəngini daşlar,
Boyalı qafiyə buxova gəlməz.
Üstümə zülmətin yürüşü başlar,
Ancaq...
nə gün doğar, nə hava gəlməz...

O qədər quraq söz,
şoran bəstə var.
Içində küləklər ulayır indi.
Artır oğru şair,
oğru bəstəkar,
Millət bir - birini talayır indi.

Bax, bu yatan qılınc,
bu fil qulağı,
Xəcalət qızarır tənələrində.
O mənəm - bir ovuc şəhid torpağı,
O sənsən can verən qisas yerində...

Bu şam da əriyir bu söz axşamı,
Əriyib qurtarır son nəfəs kimi.
Nə dərdim bir dərddi,
nə dərdin tamı,
Ürəyim soyuyur boş qəfəs kimi.


BAYRAM

Təzə ayaqqabı almışam,
Ayaqlarımın bayramıdır.
(Tat İzmirağa)


Son həsiri satdı kasıb,
Cəhrələrin bayramıdır.
Çox üz üzün üzdən asıb
Çöhrələrin bayramıdır.

Xanımları xamladılar,
Kişiləri damladılar,
Meşələri şumladılar,
Pöhrələrin bayramıdır.

Alağı tağdan üstdədi,
Dərəsi dağdan üstdədi,
Ayranı yağdan üstdədi,
Nehrələrin bayramıdır.

Bir mitinq, piket tapılmır,
Zülmə etiket tapılmır,
Dubaya bilet tapılmır,
Zöhrələrin bayramıdır.

Köhnə saytdı təzə setdə,
Yurd tapdaqdı internetdə,
Yetim doğur internatda,
Körpələrin bayramıdır.

ATƏT yenə küynən gəlib,
Öz dığası haynan gəlib,
Urus yekə ...gəlib
Cəbhələrin bayramıdır.

Çəpik yağır, alqış yağır,
Yerdən göyə qarğış yağır,
Hər gün şou - ...yağır,
...bayramıdır.

O tayda bu tay oğlu çox,
Bu tayda o tay oğlu çox,
Mamoğlu çox, dayoğlu çox,
Kirvələrin bayramıdır.
XS
SM
MD
LG