Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39

Həsən bəy və Hambal


Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi
-

(Zərdabinin qızı, atası haqqında xatirə yazmış Qəribsoltan xanım Məlikovanın əziz ruhuna sayğılarla)

Bu hadisəni Həsən bəy öz evində həmişə danışmağı xoşlayarmış.

XIX əsrin Bakısı.

Həsən bəy şəhərdə ehtiyacı olan şagirdlərə kömək etmək üçün Xeyriyyə Cəmiyyəti yaradır.

Və bütün gücünü cəmiyyətə daha çox üzv cəlb etməyə yönəldir.

Çünki cəmiyyət o üzvlərin hesabına yaşamalı idi.

Qəribsultan xanım yazır ki, atam bir qəbul otağından o birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirmiş.

Bu «dilənçilik» (Xanım elə belə də yazır) Həsən bəyə ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilmirmiş.

Uğursuz günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsizcə gəzirmiş.

Qəribsoltan xanımın dediyinə görə, bu rədd cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş...

Bəziləri xahişə gələn ziyalını inandırmağa çalışırmış ki, onun xahişi tamam mənasızdır...

Bəli, zavallı Həsən bəy «bu qızıl yuvalarından» çıxıb küləkli Bakı küçələrində «xeyirxahların» ona münasibətini düşünə-düşünə dolaşırmış.

Qeyri-ixtiyari addımları yavaşımış, başı sinəsinə əyilibmiş.

Birdən...Həsən bəy kiminsə onun qoluna toxunduğunu hiss edir.

Başını qaldıranda, qarşısında bir hambalın durduğunu görür.

Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq varmış.

Hambal Həsən bəyə sevgi ilə baxırmış.

Üzündə də utancaq, çəkingən bir təbəssüm varmış.

- Eşitmişəm, bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi.

Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb deyir:

- Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimsədən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin!
XS
SM
MD
LG