Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Hüseyn Arifin lətifələri yenidən çap edildi (OXU)


İsmayıl Şıxlının “Dostum Hüseyn Arifin lətifələri” kitabı bu günlərdə yenidən nəşr olunub. Həmin kitabdan bəzi lətifələri oxucularımıza təqdim edirik.


Gənc şairlərin birinin toyunda Hüseyn Arif tamada olur. Bir az yeyib içəndən sonra bəyin sağlığına badə qaldırır.

- Başınıza and olsun, belə oğul yoxdu dünyada. Mən onu çox yaxşı tanıyıram. Bakıda gəzmədiyi qız qalmayıb. Lap yaxşı eləyib başını bağlayırsınız. Bunun ipini açıq qoymaq olmaz.


***


Hüseyn Arif kəndə qonaq gedir. Ev sahibi dərhal ayağa durur. Kök bir toğlunu yıxıb bıçağı boğazına çəkmək istəyir.

Hüseyn qışqırır:

- Kəsmə. O qədər əti kim yeyəcək, hayıf eləmə. Bircə budu bəsdi.


***


Bir gün nəşriyyatın işçiləri görür ki, Hüseyn Arif Vaqif Səmədoğlunun qolundan bərk-bərk tutub gətirir. Soruşurlar:

- Hüseyn müəllim, bunu belə hara aparırsan?

- Heç hara – deyə cavab verir, - iki aydı bizdə işləyib maaş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.


***


Hüseyn qələm dostlarından biri ilə görüşüb hal-əhval tutur:

- Nə var nə yox, atan necədir?

- Çox sağ ol, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardı.

Dostu gözləyir ki, Hüseyn ona ürək-dirək verəcək. Amma qəribə “təskinlik” eşidir.

- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.


***


Zəlimxan Yaqub Hüseyn Arifin şeir kitabını redaktə edirmiş. Görür ki, şairin şeirlərinin içində onun öz şeirləri də var. Telefonunu götürüb zəng edir.

- Ustad, sənin şeirlərinin içində mənim də şeirlərim var. Deyəsən, qarışıq salıbsan, onları çıxarmaq istəyirəm.

- Yox, yox dəymə. Sənin, ya mənim, nə fərqi var, öz şeirlərimizdi, qoy çap olunsun.


***


Bir gün Mirzə İbrahimov Hüseynə zəng vurur.

- Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir. Təcili gəl.

- Baş üstə Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.


***


Hüseyn Arif Basin küçəsindəki evin 8-ci mərtəbəsində yaşayırdı. Bir gün Məleykə xanım onu bazara göndərir. Bir az keçmiş görür ki, qapını açarla açmaq istəyirlər. Yəqin edir ki, Hüseyndir. Qapını açır. Görür, Hüseyn liftin yanında durub, lift gözləyir.

- Ay Hüseyn hara gedirsən?

- Elə bildim, səhv gəlmişəm.

Demə, Hüseyn evin açarının yerinə qapını işin açarı ilə açırmış.


***


Hüseyn Arif bir dəstə cavanla yol gedirmiş. Birdən dayanıb təəccüblə soruşur:

- Ay uşaqlar, mən niyə axsayıram?

- Hüseyn müəllim, ayağınızın biri səkidə, o biri asfaltdadır. Aşağı düşsəniz, axsamazsınız.


***


Yazıçılar İttifaqında Rəyasət heyətinin iclasında yaradıcılıq ezamiyyəti məsələlərinə baxılırmış. Ərizələr oxunur, hərəyə bir ay, yarım ay ezamiyyət verilirdi ki, gedib həyatı öyrənsinlər və sonra qayıdıb əsər yazsınlar. İclasın şirin yerində kimsə ayağa qalxır:

- Yoldaşlar, təklif edirəm, Hüseynə də bir aylıq ezamiyyət verilsin.

- Haraya?

- Evinə.


***


Hüseyn Arif bir dəfə Tovuza gəlir. Raykomun birinci katibi onun xətrini çox istədiyindən həmişə şairi özü gəzdirir, kəndlərə, kolxozlara, dağlara, səfalı yerlərə aparırmış. Bu dəfə Hüseyndən üzr istəyir.

- Sən allah, bağışla, Mərkəzi komitədən adamlar gəlib, başım qarışıqdır. Tapşırmışam, bu dəfə ispalkomun sədri ilə gəzərsən.

Hüseyn fikirləşmədən cavab verir:

- Lazım deyil, o da sənin tayındır. Maşının mənə ver, özgə heç nə lazım deyil.


***


Hüseyn Arif “Azərnəşr”də şöbə müdiri işləyəndə Qılman İlkin direktor imiş. Bir gün mərkəzi komitədən Qılman İlkinə zəng vururlar ki, Hüseyn təcili yuxarı göndər., lazımdır. Qılman İlkin gülə-gülə deyir:

- Onu tapsanız, yanıma göndərin mənə də lazımdır.

- Necə, bu nə deməkdir? Sənin nəyinə lazımdır?

- İşdən çıxartmaq üçün əmr vermək istəyirəm, üç aydır tapa bilmirəm.



***


Hüseyn Arif Ağstafada özünə ev tikdirirdi. Çətinliklə maşın tapıb daş gətirtmiş və qapıya tökdürmüşdü. Bir gün soruşdum:

- A kafır, deyəsən, ev tikdirirsən?

Hüseyn tələsik cavab:

- Mən yox, xalq özü şairə ev tikdirir.

Gülümsədim. Bilirdim. Bilirdim ki, özünü sındımır. Aradan bir ilə yaxın keçdi. Eşitdim ki, Hüseynin daşlarını oğurlayıblar. Kədərləndim.

- A kafır, deyəsən xalq daşını geri aparıb.

Yenə özünü sındırmadı.

- Yox, daşı oğurlayanlar gəlmələrdir, xalq deyil.


***


Bir gün yenə səhər tezdən telefon səsləndi. Dəstəyi qaldırdım. Hüseyn idi.

- Ayə, a qoca, deyirlər, yenə hökumətlə birləşib Qazaxda insitutut açırsınız?

- Elə bir şey var.

- Bə rəhbərlik haqqında fikirləşibsiniz?

- Fikirləşirik.

- Ə, nə fikirləşirsiniz, hazırca rektoram, durmuşam qarşınızda, dağa-daşa niyə düşürsünüz. Zəlimxan Yaqubu da verin mənə təsərrüfat hissəsi üzrə prorektor, gedək, hər şeyi sahmana salaq.


***

Hüseyn Arif Aşıqlar Birliyinin rayonlarda filiallarını açmaqla məşğul imiş. Rayonların birinə gedir, katiblə görüşür, gəlişinin səbəbini danışır. Katib fikrə gedir.

- Ay qağa, ha fikirləşirəm, boş yer tapa bilmirəm.

Şair fikirləşmədən deyir:

- Ay qağa, özünü yorma. Elə bu otağı boşalt, ver aşıqlar birliyinə, özünə yer taparsan.
XS
SM
MD
LG