Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:54

Avro 2012 - favorit kimdir?


Modellər əyinlərindəki libasları ilə Avro-2012-də iştirak edən ölkələri tanıdırlar
Modellər əyinlərindəki libasları ilə Avro-2012-də iştirak edən ölkələri tanıdırlar
«Qoy oyunlar bir tur getsin, qrup oyunları olsun, mən sizə 100 faiz də olmasa, 90 faiz deyəcəm çempion kim olacaq. Çünki hələ bir çox komandalar öz oyunlarını göstərməyiblər».

60 yaşlı Abbas Zamanovla bukmeker kontorunda görüşəndə otağın bir küncünə çəkilib hansı komandaya «stavka» qoymaqla bağlı baş sındırırdı. Deyir iyunun 8-də start götürən futbol üzrə Avropa Çempionatını səbirsizliklə gözləyir. Abbas Zamanov deyir ki, ötən çempionatda «əli yaxşı gətirib»:

«Hər dəfə 20 manat «stavka» qoyurdum, 130 manat aparırdım. Mən həmişə az oyun yazıram. Çox oyun yazanda sənin şansın az olur. Necə deyərlər potensial enerji qalxdıqca, kinetik enerji azalır. Başa düşürsən...». (gülür)

«SÜKUT AXŞAMA YAXIN, YA DA SABAH POZULACAQ»

Paytaxtda baş çəkdiyim bir neçə bukmekerdə bir-iki nəfərdən çox adam görmədim. Bəzi bukmekerlərin isə qapısı hələ də bağlı idi. Amma bukmeker kontorlarını idarə edənlər sükutun axşama yaxın və ya iyunun 8-də, Avropa Çempionatı başlayandan sonra «pozulacağını» deyirlər.

Bukmekerlərdə söhbətləşdiyim azarkeşlərin əksəriyyəti Almaniya və İspaniya komandalarını qalib gördüklərini dedilər. «Almaniya, İspaniya. Amma ən çox İspaniyanı qalib görürəm».

Rəşad Həsənov İspaniyanı qalib görsə də sürprizlərin də gözlənilən olduğunu deyir. Özü də hesab edir ki, sürprizləri çempionata ev sahibliyi edən iki ölkədən biri - Polşa edə bilər. Həmsöhbətim hesab edir ki, ötən illərdə zəif hesab edilən komandalar illər keçdikcə gücləndiyindən daha şanslı görünürlər.

ÇEMPİON OLMAĞA İDDİALI «5»LİK

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli ötən çempionatın qalibi olmuş İspaniya komandasının yenə qalib olmasını az inandırıcı sayır. Deyir birincisi, Avropa çempionatı tarixində heç bir komanda iki dəfə qitə birinciliyi titulunu qoruya bilməyib, ikincisi isə bu ilki çempionatda daha güclü komandalar var:

Mahir Rüstəmli
Mahir Rüstəmli
«İndi ispanlardan bu titulu almağa çalışacaq bir çox komandalar var. Xüsusən Almaniya, Hollandiya, İngiltərə, İtaliya, Fransa – belə iddialı komandalar beşliyi var».

Mahir Rüstəmliyə görə, Avropada keçirilən ölkə çempionatları tez başa çatdığından yığma komandalar qitə çempionatına yaxşı hazırlaşmaq imkan əldə ediblər ki, bu da azarkeşlərə maraqlı və gərgin oyun vəd edir.

«ƏN GƏRGİN MÜBARİZƏ 3 KOMANDA ARASINDA OLACAQ»

Uzun müddət futbol şərhçisi olmuş Çingiz İsmayılov çempionluq uğrunda ən gərgin mübarizənin Almaniya, İspaniya və Hollandiya komandaları arasında gedəcəyini deyir. Fikrini də həmin komandaların çempionata qədər göstərdikləri oyunlarla izah edir:

«İstər ilkin mərhələ oyunlarında, istərsə də son yoldaşlıq oyunlarında bu komandalar öz oyunları ilə sübut etdilər ki, digərlərindən qat-qat üstündür. Gözlənilməz nəticələr olar, amma əsas favoritlər Almaniya, İspaniya və Hollandiyadır».

OYUNLARIN NEÇƏSİ HARDA VƏ NƏ VAXT OLACAQ?

Çingiz İsmayılov
Çingiz İsmayılov
Bu il futbol üzrə Avropa çempionatına Polşa və Ukrayna ev sahibliyi edəcək. 31 matçdan 16-sı Ukraynada, 15-i Polşada baş tutacaq.

Bütün görüşlər Bakı vaxtı ilə saat 21:00-da və 23:45-də başlanacaq.

Seçmə mərhələnin görüşləri 11 – 19 iyunda, ¼ final matçları 21 – 24 iyunda, yarımfinal oyunları 27-28 iyunda olacaq. Çempionata iyulun 1-də Kiyevdəki «Olimpiyski» stadionunda baş tutacaq final matçı ilə yekun vurulacaq.

Futbol üzrə Avropa Çempionatı 1960-cı ildən keçirilir. 2000-ci ildən isə çempionata 2 ölkə birgə ev sahibliyi edir.
XS
SM
MD
LG