Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:57

Novruz Məmmədov:«Azərbaycan qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə bilər»


Novruz Məmmədov
Novruz Məmmədov
«Azərbaycan xüsusən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha çox dəstək almazsa qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və «yeni blok»a daxil ola bilər».

Bu barədə «Bloomberg» agentliyinə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycan istəyir ki, Avropa və ABŞ Dağlıq Qarabağdan çıxması üçün Ermənistana təzyiq göstərsinlər.

Novruz Məmmədovun sözlərinə görə, Azərbaycan başqa bir siyasi alyansa qoşulmaq üçün dəvət alıb, amma dəvətin detalları barədə məlumat verməyib.

«Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Amma vəziyyət belə davam edərsə, qarşıdakı 5-10 ilə bunu nəzərə ala bilərik. Biz Qərb ölkələrindən Qarabağ məsələsində dəstək gözləyirik».

Novruz Məmmədov əlavə edib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir:

«Biz dünyada yeganə müsəlman xalqıq ki, taleyimizi Qərblə bağlayırıq. Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük».

Məmmədovun dediyinə görə, Azərbaycanın Qərblə yaxınlığı İranla münasibətdə bəzi gərginliyə də səbəb olub:

«İran bizə deyir ki, niyə Qərbə neft satırsınız? Siz ABŞ və İsraillə əlaqələrinizi kəsməlisiniz, çünki onlar bizim düşmənlərimizdir».

O, həmçinin qərbin bəzi mətbuat orqanlarını Azərbaycan və İran arasında gərginliyı qızışdırmağa cəhddə təqsirləndirib. Buna nümunə olaraq «Foreign Policy» jurnalında ötən ay Azərbaycanın guya öz aeroportlarından birini İrana mümkün zərbələr endirmək üçün İsrailə təklif etməsi haqqında yayılan məlumatı göstərib.
XS
SM
MD
LG