Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:41

ATƏT rəsmisi: «Gələcəkdə aksiyalara daha mərkəzi yerlərdə yer veriləcək»


Koray Targay
Koray Targay
«Düşünürəm ki, gələcəkdə aksiyaların keçirilməsi üçün gündəlik həyata təsir göstərməyəcək daha mərkəzi yerlərdə yer veriləcək. Yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyirlər». ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay İctimai Palatanın son mitinqlərindən danışarkən belə deyib. Səfirin APA-ya müsahibəsindən bəzi məqamları təqdim edirik.

«AZƏRBAYCANIN DAXİLİ SİYASƏTİNƏ QARIŞMAQ İSTƏMİRİK»

- Fikrinizcə, «Siyasi partiyalar haqqında» qanun layihəsi ATƏT-in standartlarına tam uyğundur? Halbuki Venesiya Komissiyası «Siyasi partiyalar haqqında» qanununa dəyişikliklər layihəsində bir sıra qüsurlar olduğunu bildirib, partiya üzvlərinin minimal sayının 1000-dən 5000-ə qaldırılmasının, xarici vətəndaşların siyasi həyatda iştirakının qadağan edilməsinin yolverilməzliyini qeyd edib...

- «Siyasi partiyalar haqqında» qanuna son dəyişikliklərlə də bağlı onu deyə bilərəm ki, bu dəyişiklik demokratikləşmə baxımından irəli atılmış bir addımdır. Prinsip olaraq problemlər yoxdur. Daha yaxşı ola bilərdimi? Əlbəttə ola bilərdi. Bizim bu qanunla bağlı dəyərləndirməmiz müsbətdir. Burada mübahisə yaradan bir məsələ vardı - siyasi partiyanın yaradılması üçün tələb olunan imza sayı ilə bağlı. Onu da çıxarıblar. Onunla bağlı müxalifət partiyalarında narazılıqlar vardı. İndi bunun tətbiqinə baxmaq lazımdır. Ümumilikdə dəyişikliklər Venesiya Komissiyasının mövqeyinə əhəmiyyətli dərəcədə uyğundur. Vətəndaşlığı olmayanların siyasi həyata qatılması ilə bağlı bir-iki məsələ var ki, o da gələcəkdə siyasi ehtiyaclara uyğun düzənlənə bilər. Mənim şəxsi fikrimcə, bu, ölkənin təcili ehtiyacı deyil. Ola da bilər, olmaya da...

- Gələcəkdə müxalifət və iqtidar partiyaları arasında siyasi dialoqun keçirilməsi planlarınızda varmı?

- Biz müxalifət və iqtidar arasında dialoqun keçirilməsində əlimizdən gələni mümkün qədər edə bilərik. Bununla yanaşı, Azərbaycanın daxili siyasətinə qarışmaq istəmirik. Bizdən hər iki tərəfdən bir tələb olursa, hansısa addım ata, özümüz də bu məsələni təklif edə bilərik. Təbii ki, tərəfləri zorla dialoqa gətirə bilmərik. Bizim indiyədək bununla bağlı təkliflərimiz olub.

«NÜMAYİŞÇİLƏRİN ÖZ FİKİRLƏRİNİ DAHA GENİŞ KÜTLƏLƏRƏ ÇATDIRMASI ÜÇÜN MƏRKƏZDƏ YERLƏRİN SEÇİLMƏSİ LAZIMDIR».

- Müxalifətin kütləvi aksiyalarına münasibətiniz necədir? Aksiyaların keçirilməsi üçün hakimiyyət tərəfindən yaradılan şərait ATƏT-in Bakı ofisini qane edirmi? Ofisin əməkdaşlarının aksiyalarda müşahidələr aparmasında məqsəd nədir?

- Beş ildən bəri ilk dəfə rəsmi olaraq aksiyaların keçirilməsi üçün yer hər iki tərəf arasında razılaşdırıldı. İkincisi, aksiyalar problemsiz keçdi. İctimai aksiyalarda məqsəd fikirləri insanlara aşıqlamaqdır. Boş ərazinin ortasında 300-500 nəfər toplaşıb nə deyir desin, effekti olmayacaq. Nümayişlərdə məqsəd fikirlərini kütləyə çatdırmaqdır. Kimsə bunu bəyənər, ya bəyənməz, onun öz işidir. Düşünürəm ki, gələcəkdə aksiyaların keçirilməsi üçün gündəlik həyata təsir göstərməyəcək daha mərkəzi yerlərdə yer veriləcək. Yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyirlər. Hesab edirəm ki, şəhərin mərkəzində və bəzi yollarında tikinti işləri başa çatandan sonra bununla bağlı da müəyyən qərarlar qəbul ediləcək. Nümayişçilərin öz fikirlərini daha geniş kütlələrə çatdırması üçün mərkəzdə yerlərin seçilməsi lazımdır. Əgər insanlar yıxıcı, etikadan kənar məsələlər istisna olunmaqla, toplaşmaq istəyirlərsə, buna izn vermək gərəkdir.

«BİZ MÜFƏTTİŞ DEYİLİK»

- Müxalifətdə belə bir fikir səslənir ki, ATƏT demokratikləşmə məsələsində hökumətə yetərincə təzyiq göstərmir. Siz bu fikri necə qarşılayırsınız?

- Bizim vəzifəmiz təzyiq göstərmək deyil. Düşünürəm ki, o zaman lazımi nəticəni də ala bilmərik. Biz müfəttiş deyilik. Vəzifə təlimatımız Azərbaycanın da daxil olduğu 56 ölkə tərəfindən qəbul olunub. Azərbaycan müstəqil ölkədir. Hansısa məsələdə iştirakımız, tövsiyələrimiz ola bilər. Narahatlıqlarımızı müvafiq məqamlarla paylaşır, həllinə çalışırıq. Biz də təzyiq göstərməyə çalışar və müdaxilə edəriksə, bir müxalifət partiyası və ya QHT kimi olarıq. Təzyiqin ölçüsü olmalıdır.

«EUROVİZİON» NİYƏ BOYKOT EDİLMƏLİDİR?»

- Bəzi təşkilatlar tərəfindən xarici media orqanlarında «Eurovision»un Azərbaycanda keçirilməsinin boykot edilməsi ilə bağlı çağırışlar səslənir, kampaniyalar aparılır. ATƏT bu məsələyə necə baxır?

- Mənim qənaətimə görə, bu cür tədbirlər boykot olunmamalıdır. Əksinə, bundan istifadə edib, ölkənin dünyaya tanıdılması və demokratik dəyərlərə daha sürətlə inteqrasiya olunmasına çalışmaq lazımdır. Bu gün Azərbaycana diqqətin artması istər hökumətin, istərsə də vətəndaşların üzərinə müəyyən məsuliyyət qoyur. Boykot niyə edilməlidir, guya başqa ölkələrin problemləri yoxdur? Burada vahiməli vəziyyət yoxdur və boykot doğru nəticələr verməz. Heç keçmişdə də bu yarışmanın boykot edildiyini görmədim.
XS
SM
MD
LG