Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Ramzan Kadırov nefti Rosneft-dən alıb Azərbaycana təklif edir


Ramzan Kadırov
Ramzan Kadırov
Çeçenistan Azərbaycanı yeni neft yataqlarının kəşf olunması işinə dəvət edib. (Röyters)

Çeçenistan rəsmiləri deyirlər ki, Rusiyanın “Rosneft” şirkətinin respublikada neft istehsal edilməsi üçün lisenziyasının müddəti artıq bitib.

Çeçenistan rəhbərliyi “Rosneft”dən narazıdır, şirkətin yeni yataqların kəşfi üçün yetərincə iş görmədiyi qənaətindədir və Azərbaycanın dövlət neft şirkətinə təklif də bu kontekstdə edilib.

Təklif haqda Bakıda jurnalistlərə Çeçenistanın maliyyə naziri Əli İsayev məlumat verib.

KADIROV DAHA ÇOX MÜSTƏQİLLİYƏ CAN ATIR

Mediada yer alan məlumatlara görə, Çeçenistan lideri Kadırov “Rosneft”in respublikada illik gücü 1 milyon ton olan neft emalı zavodu tikmək təklifinə həvəssiz yanaşmasından da narazıdır.

Belə bir zavod Çeçenistana daha çox iqtisadi müstəqillik vermiş olar, onun Moskvadan asılılığını azaldardı.

“Rosneft” Çeçenistanın Azərbaycana əməkdaşlıq təklif etməsinə münasibət bildirməyib.

Rusiyanın Energetika Nazirliyinin məlumatına görə, “Rosneft”in Çeçenistandakı qolu olan “Qroznıneftqaz” ötən il 800 min ton neft çıxarıb. Bu da “Rosneft”in ümumi istehsalının 7 faizinə bərabərdir.

“Qroznıneftqaz”ın təsdiq edilmiş neft ehtiyatları 60 milyon ton, qaz ehtiyatları isə 3 milyard kub metrdir.

“Qroznıneftqaz” 2000-ci ildə Çeçenistanin sovet dövründən qalma neft-qaz sənayesi əsasında yaradılıb.

Həmin sənaye isə federal hökumətlə çeçen döyüşçülər arasında müharibə nəticəsində böyük ziyan görmüşdü.

AZƏRBAYCANDA ÇEÇENİSTANIN YATAQLARINA MARAQ AZDIR

Yeni yataqların kəşf edilməsi təklifi niyə başqa bir rus şirkətinə, yaxud tanınmış Qərb şirkətinə yox, Azərbaycana edilib?

Azərbaycandakı Neft Araşdırmaları İnstitutunun direktoru İlham Şaban deyir ki,
İlham Şaban
İlham Şaban
əslində buna oxşar təkliflər əvvəllər də olub. Özü də təkcə Çeçenistandan yox, Dağıstandan da. Sadəcə, Azərbaycan bu təkliflərə elə bir maraq göstərməyib:

- Səbəb odur ki, Azərbaycanda Şimali Qafqaz Respublikasındakı layihələri riskli və az gəlirli sayırlar. Məsələn, Dağıstanda neft sahəsindəki qurğulara hücumlar olur, neft oğurluğu isə adi hal alıb. Azərbaycana vaxtilə Suriya və İraqdan da buna oxşar təkliflər gəlmişdi. Azərbaycan belə riskli zonalara yatırım qoymağa meylli deyil. Rusiya, Qazaxıstan və s. ölkələrə investisiya qoyub. Dövlət Neft Şirkəti indiyəcən sərmayə qoyduğu sahələrdə uğursuzluğa düçar olmayıb.

O ki qaldı, Çeçenistanın təklifi Azərbaycana etməsinə, İlham Şaban deyir ki, Azərbaycan regionda iqtisadi mərkəzə çevrilir. Əgər əvvəllər Şimali Qafqazdan olanlar daha çox gəlib Bakının ticarət mərkəzlərindən mal vurub aparıb öz respublikalarında satmaqla məşğul idilərsə, indi bu əlaqələr çox sıxlaşıb və bu kontekstdə Şimali Qafqazdan neft yataqlarının kəşfi ilə bağlı təklifin də Azərbaycana edilməsi təəccüblü görünməməlidir.
XS
SM
MD
LG