Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:48

MTN terror planlaşdıran 17 nəfəri ifşa etdiyini bildirir [VIDEO]


Gəncədə atışma yerindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00
Direct-ə keçid

Gəncədə atışma yerindən görüntülər

Milli Təhlükəsizlik Nazirliyi Gəncədə və başqa bir neçə rayonda əməliyyat keçirib. Gəncədə MTN-nin 1 əməkdaşı həlak olub, 3 əməkdaşı yaralanıb. Silahlılardan 1-i öldürülüb, 1-i yaralanıb, daha 2-i isə yaxalanıb.

-

Milli Təhlükəsizlik Nazirliyi (MTN) aprelin 6-da yaydığı məlumatda bildirir ki, Azərbaycanda təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvünü ifşa edib.

Nazirliyin rəsmi məlumatına əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında xüsusi əməliyyat keçirib. Silahlı birləşmənin saxlanılmış üzvlərindən avtomat silahlar, pulemyot, tapançalar, əl qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğu, külli miqdarda partlayıcı maddə olan plastid, rabitə aparatı aşkar götürülüb.

Məlumatda bildirilir ki, Gəncə şəhərində həyata keçirilmiş əməliyyat zamanı MTN-nin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər xüsusi təyinatlılara atəş açıb və əl qumbarası atıblar. Nəticədə MTN-nin əməkdaşlarıdnan 1-i həlak olub, 3-ü yaralanıb. Silahlı müqavimət göstərən şəxslərdən 1-i məhv edilib, 1-i yaralanıb, qrupun daha 2 üzvü isə yaxalanıb.

MTN qrupun kimliyi və mənşəyi haqqında ətraflı məlumat verilmir. Yalnız onların çağırış edən silahlı qrup olduğu qeyd edilir.

EV KİRAYƏYƏ VERİLİBMİŞ

Artıq yerli informasiya agentlikləri silahlı dəstə üzvləri ilə qarşıdurmada ölən Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenant rütbəli əməkdaşının adını açıqlayıblar. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Arif Babayev AzadlıqRadiosuna deyib ki, əməliyyat tədbirləri hələ davam etdiyindən baş verənlərə əlavə şərh verilmir.

Apardığımız araşdırmalardan məlum olub ki, silahlı dəstənin qaldığı 31 saylı mənzil hazırda Rusiyada yaşayan Gəncə sakininə məxsusdur. Ev sahibi uzun müddət imiş ki, evi həmin şəxslərə kirayəyə veribmiş. Həmin ərazidəki 3 saylı Mənzil İstismar Sahəsindən aldığımız məlumata görə, onlar həmin mənzilin kirayə verilməsindən xəbərdar olsalar da, orda kimlərin yaşaması barədə məlumatsız olublar:

«Evin sahibi indi Rusiyada yaşayır. Amma orda kirayə qalanları biz tanımamışıq».

3 NƏFƏR SAQQALLI OLMAYIB, AMMA...

Əməliyyat bitəndən sonra AzadlıqRadiosunun müxbiri Gülnur Raqifqızı hadisə baş verən blokda olub:

«Mən 3-cü mərtəbəyə qədər qalxdım. Blok hər yer qan içində idi. Pilləkəndə əməliyyatçılar qeydlər aparmışdılar. Silahlı dəstənin olduğu mənzilin qapısı isə möhürlənmişdi. Qonşular danışmaq istəmədi. Bir nəfər adının açıqlanmasını istəməyən sakin dedi ki, həmin 3 nəfər saqqallı olmayıb, amma şalvarları qısa olub. Həmişə səliqəli geyimdə olublar. Qonşularla da görüşüb-salamlaşıblar».

TƏLƏSMƏLİ OLUBLAR

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, Nazirliyin yüksək rütbəli əməkdaşı həlak olursa, deməli, əməliyyata uzun müddət hazırlıq görülməyib.

İlham İsmayıla görə, çox güman ki, Zaqatalada əməliyyat keçirən nazirlik əməkdaşları ordan aldıqları hansısa məlumat nəticəsində tələsik qərar qəbul ediblər:

İlham İsmayıl
İlham İsmayıl
«Görünür, belə hesab olunub ki, Gəncədə olan dəstə üzvləri aradan çıxa bilər. Bu səbəbdən də gecəykən belə əməliyyat keçirilib. Bu əməliyyata yaxşı hazırlıq olsaydı, həmin silahlı dəstə üzvlərini sakitcə də tutmaq olardı. Görünür, həqiqətən də Zaqatala ilə bağlılıq var burda. Amma ən dəqiqini yəqin MTN özü yayacaq».

İlham İsmayıl Azərbaycanın həmişə beynəlxalq terrorun hədəfində olduğunu da vurğulayır.

MTN ZAQATALADA DA ƏMƏLİYYAT KEÇİRİB, 4 NƏFƏR SAXLANIB

Milli Təhlükəsizlik Nazirliyi ötən gecə Zaqatala rayonunda da əməliyyat keçirib.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat zamanı 4 nəfər saxlanılıb.

Saxlanılan şəxslər Bakıya gətirilib. Onların nədə ittiham olunduğu açıqlanmır. Bununla belə, Zaqatalada həyata keçirilən əməliyyatın Gəncə əməliyyatı ilə bağlılığı istisna edilmir.

POLİS SAKİNLƏRİ EYVANLARDAN UZAQ DURMAĞA ÇAĞIRIR

​AzadlıqRadiosuna Gəncə şəhər Prokurorluğundan deyiblər ki, hüquq-mühafizə orqanlarının 2 əməkdaşı və 1 nəfər silahlı dəstə üzvü ölüb.

Amma prokurorluq daha dəqiqi məlumatın MTN tərəfindən yayılacağını bildirib.

Gəncə müxbirimiz xəbər verir ki, hadisə baş verən binanın önünə 2 təcili yardım maşını gəlib. «Həmin avtomobillərin arxası bloka tərəfdir. Polis jurnalistləri yaxınlaşmağa qoymur. Güman edilir ki, içəridə ölü və yaralılar var, təcili yardım maşınları onları aparmağa gəlib».

Müxbirimiz onu da deyir ki, polis ətrafdakı çoxmərtəbəli binaların sakinlərinə eyvanlara çıxmağı qadağan edib.

2 NƏFƏRİN ÖLDÜYÜ, 2 NƏFƏRİN YARALANDIĞI BİLDİRİLİR

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzadlıqRadiosuna bildirdilər ki, hadisə zamanı 2 nəfər ölüb, 2 nəfər də yaralanıb.

«Ölənlərdən biri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşıdır. Biri də terrorçudur. Yaralılar haqda bizdə dəqiq məlumat yoxdur. 2 nəfərin yaralandığı və Bakıya aparıldıqları deyilir».

Bu məlumatı verən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşı adının açıqlanmasını istəməyib.

Milli Təhlükəsizlik Nazirliyindənsə məlumatı nə təkzib etdilər, nə təsdiq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev dedi: «Hazırda əməliyyat tədbirləri davam etdiyi üçün məlumat vermirik».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənsə bildirdilər ki, ölən silahlı dəstə üzvlərindəndir. Onlara hüquq-mühafizə orqanlarının əməkdaşının ölməsi haqda məlumat daxil olmayıb.

SİLAHLILAR ZƏRƏRSİZLƏŞDİRİLİB

Hadisə yerində olan müxbirimiz xəbər verir ki, silahlı şəxslərin zərərsizləşdirildiyi bildirilir. Amma rəsmi qurumlar baş verənlərlə bağlı hər hansı açıqlama vermirlər. Hazırda hüquq mühafizə orqanları ərazidədirlər. Müəyyən istintaq hərəkətləri aparılır.


HƏKİMLƏRƏ DANIŞMAQ QADAĞASI QOYULUB

Yaralıların reanimasiya söbəsindən çıxarıldığı bildirilir. Xəstəxanadan verilən məlumata görə, həkimlərə bu barədə danışmaq qadağan olunub.


GƏNCƏDƏ SİLAHLI QARŞIDURMA

Gəncə şəhərində silahlı qarşıdurma olub. Yaralananların olduğu bildirilir.

Hadisə Təbriz küçəsi, 93 saylı binanın 3-cü mərtəbəsində baş verib. Məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşları həmin mərtəbədə qalan sakinləri təhlükəsizlik məqsədilə binadan çıxarıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə baş verən ərazi Milli Təhlükəsizlik Nazirliyinin silahlı əməkdaşları və polis tərəfindən əhatəyə alınıb. Heç kim əraziyə buraxılmır:

«Mən lap yaxınlıqdayam, 3-cü mərtəbədəki evin aynabəndindən görünür ki, 4 nəfər içəridə gəzişir. Sakinlər deyirlər ki, həmin adamlar çoxdan bu mənzildə yaşayırlar və indiyə qədər hər hansı problem baş verməyib. Hələki ərazidə olan təhlükəsizlik qüvvələri heç bir açıqlama vermirlər. Ölən, bir neçə yaralının olması barədə ilkin məlumatlar var. Yaralıların Gəncədəki 3 saylı xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilir. Xəstəxanadan yaralıların gətirildiyini təsdiqləsələr də ətraflı məlumat verməkdən imtina etdilər».

Hüquq-mühafizə orqanları Gəncədə baş verənlərlə bağlı heç bir məlumat açıqlamırlar. Amma Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.
XS
SM
MD
LG