Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Prezidentlər Soçidən bəyanatla qayıdırlar


Rusiya prezidenti D.Medvedev (mərkəzdə), Azərbaycan prezidenti İ.Əliyev (solda) və Ermənistan prezidenti S. Sarkisian (sağda) Soçidə görüş zamanı, 23 yanvar 2012
Rusiya prezidenti D.Medvedev (mərkəzdə), Azərbaycan prezidenti İ.Əliyev (solda) və Ermənistan prezidenti S. Sarkisian (sağda) Soçidə görüş zamanı, 23 yanvar 2012
-

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yanvarın 23-də Soçidəki 11-ci görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Rusiya prezidenti Dmitry Medvedevin vasitəçiliyi ilə keçirilən görüşdə qəbul edilən bəyanatda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş var. Amma söhbətin hansı irəliləyişdən getdiyi barədə detallı məlumat verilməyib. Yalnız o qeyd olunur ki, «sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər».
BƏLKƏ REFERENDUMA RAZILAŞIBLAR?
Konfliktoloq Elxan Mehdiyevin də diqqətini «irəliləyiş əldə olunması» tezisi çəkib. Müsahibimiz deyir ki, detallar açıqlanmadığı üçün onlar yalnız ehtimallarla danışmağa məcburdular. Onun ehtimalına görə də, tərəflər arasında referendum məsələsində razılıq əldə olunub:
- Bir neçə gün qabaq Şuşanın icra başçısı Bayram Səfərov dedi ki, onlar Dağlıq Qarabağda referendum keçirilməsinə razıdırlar, amma bir şərtlə ki, bütün qaçqınlar öz yuvalarına dönsünlər. Məncə, Bayram Səfərov bu fikri söyləməklə hakimiyyətin məsələyə mövqeyini səsləndirirdi. İndi deyəndə ki, irəliləyiş əldə olunub, fikirləşirəm ki, bu məsələdə razılaşıblar.
10-UNDA ƏLDƏ OLUNMAYAN UĞUR 11-CİYƏMİ QALDI?
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Soçi görüşü Medvedevin vasitəçiliyi ilə ilə keçirilmiş əvvəlki görüşlərlə müqayisədə ən ümidsizi idi. Elxan Şahinoğlunun fikrincə, Medvedevin hakimiyyətinin sonuna az qalmış Dağlıq Qarabağ kimi bir münaqişənin həllində ciddi dönüş yarada biləcəyi çox az inandırıcıydı:
- Əgər bir uğurlu addım olsa idi, bu 10 görüşdə olardı. Sadəcə, rəsmi Kreml Qərbi Dağlıq Qarabağ münaqişəsindən uzaq tutmağa çalışır. Medvedev bu 3 ildə buna nail oldu, amma münaqişənin həlli yolunda ciddi addım atılmadı.
Elxan Şahinoğlu deyir ki, hətta bu illər ərzində Medvedev xoş niyyətli olsa idi belə, Moskvanın Ermənistanı müdafiə edən siyasi-hərbi elitası münaqişənin həlli yönündə dönüş yaratmağa imkan verməzdi. Müsahibimiz əlavə edir ki, Rusiyada prezident seçkisini nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsi bir də bu ilin yay aylarında Kremlin «yadına» düşə bilər.
«2 İL MÜNAQİŞƏNİN HƏLLİNİ GÖZLƏMƏYİN!»
Politoloq Zərdüşt Əlizadə isə məsləhət görür ki, ən azı iki il Dağlıq Qarabağ münaqişəsini unudaq, onun fikrincə, 2 ildən sonra belə nəsə baş verəcəyini söyləmək də çətindir:
- Bu görüş əslində əhalidə əsassız ümid yaratmağa yönəlib, sadəcə belə görüntü yaradır. Ola bilər ki, İranda gözlənən müharibəyə görə Rusiya Azərbaycan və Ermənistana təlimatlar verib. Amma Dağlıq Qarabağ münaqişəsini 2 il unudun. 2 il zəmanət vermək olar ki, heç nə olmayacaq.
AMMA HUMANİTAR ƏLAQƏLƏR İNKİŞAF EDƏCƏK
Prezidentlərin bəyanatında isə o da bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bəyanatda deyilir: «Prezidentlər təsdiqləyiblər ki, bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər».
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dönüş olduğunu söyləyir. Soçi danışıqlarının irəliyə addım olduğunu deyən Mübariz Əhmədoğlunun fikrincə, Soçi görüşü zamanı Ermənistan tərəfi heç bir şərt irəli sürməyib. Müsahibimiz deyir ki, bəyanatda humanitar əlaqələrin inkişafının da nəzərdə tutulması Azərbaycan-erməni icmalarının görüşünə işarə vurur, bu isə özlüyündə münaqişənin sülh yolu ilə həlli yolunda müsbət addımdır.
Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə Rusiya prezidentinin vasitəçiliyi ilə 2011-ci il iyunun 24-də Kazanda görüşüblər.

Görüşdən fotolar:
Azərbaycan və Rusiya prezidentləri, Soçi, 23 yanvar 2012
Azərbaycan və Rusiya prezidentləri, Soçi, 23 yanvar 2012


Azərbaycan, Ermənistan və Rusiya prezidentləri, Soçi, 23 yanvar 2012
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri, Soçi, 23 yanvar 2012


XS
SM
MD
LG