Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:39

R.Quliyev: “Hökumətə təklifləri vermişəm, xeyri yoxdur”


Rəsul Quliyev
Rəsul Quliyev
Parlamentin keçmiş spikeri Rəsul Quliyev yeni il ərəfəsində yenilik.az saytına müsahibə verib. O, həmçinin yeni il münasibətilə videomüraciət yayıb. Son aylar Diktaturaya Qarşı Müqavimət Hərəkatı yaratdığını elan edib, fəal siyasi bəyanatlar verən parlamentin keçmiş sədri bu müsahibəsində də aktual siyasi məsələlərə münasibətini ifadə edir. Həmin müsahibəni təqdim edirik.


- Rəsul bəy, 2011-ci il Sizcə dünya üçün nə ilə yadda qalacaq?

- Baş verən hadisələrin zənginliyinə görə 100 ildə cəmi 4-5 il olur və azı 15-20 il də yaddaşlarda qalır. Ərəb baharı adlandırılan, yanvarda Tunis hadisələri ilə başlayıb , oktyabrda Liviya ilə tamamlanan xalq hərəkatlarının unudulmaz təsiri avtoritar və totalitar rejimlərin, diktatorların yuxularını uzun müddət qarışdıracaq.

Gözlərinin qarşısından Tunisin bir nömrəli klanı sayılan Ben Alinin bütün nəsli nəcabəti ilə cəlayi vətən olması, Mubarəkin xəstəxana çarpayısında yarıölmüş vəziyyətdə oğlanları ilə birlikdə məhkəmənin suallarına cavab verməsi və nəhayət milyonlarla vətəndaşlarını ya qoyun ya da terrorist adlandıran qanına qəltan edilmiş Kaddafinin “haram, haram” (yəni qeyri qanunidir) çığırtısı çəkilməyəcək. Vətəndaşları həmin ölkələrdəki şəraitə uyğun şəraitdə yaşayan Azərbaycan tipli ölkələrin camaatı da şirin yuxular görür. Görürlər ki, bir gün Misirin Təhrir meydanından olan insanlar Bakının Azadlıq meydanındadır.

Azərbaycanın sərvətlərini talayanlar ya Mübarəkin ya da Kaddafinin vəziyətinə salındığı momentdə şirin yuxularından ayılırlar. Düşünürlər ki, sabah bəlkə qəfildən oyanmayıb prosesi axıra çatdıra biləcəklər.

İnsanların təlatümü olan “Ərəb baharı”nı Yaponiyada təbiətin təlatümü əvəz etdi. Bu sunaminin qarşısına mərdliklə sinə gərən Yapon xalqı bir daha insanın gücünün tükənməz olduğunu göstərdi.

Əsrin bir nömrəli terroristi Ben Ladenin heç bir itki vermədən öldürülməsi Amerika xüsusi təyinatlılarının profesionallığının ən parlaq nümayişi oldu.

İlin lokal hadisəsi kimi Rusiyada başlanan avtoritizmə qarşı müqavimət hərəkatını göstərmək olar.

- 2011-ci ildə Azərbaycanın qazancı və zərəri nə oldu?

– Ölkə kimi heç bir qazancdan söhbət getmir. Fərdi şəkildə əvvəlki kimi hökumət strukturları yenidən milyardlar qazandı, xalq da bir o qədər itirdi. Dağlıq Qarabağ probleminin həlli daha da müşkülləşdi.

Müxalifətin bir neçə inamsız addımlarından sonra hökumət daha da azğınlaşdı. Camaatı ələ salmaq, alçaltmaq, insan yerinə qoymamaq kimi hərəkətlərə vaxtilə az da olsa abrını saxlayıb bu işləri görməyənlər də qoşuldular.

- 2012-ci il üçün planlarınız varmı?

- Bu planları artıq elan etmişəm. Xalqın demokratiya uğrunda və ya diktaturaya qarşı müqavimət hərəkatını yaratmaq. Bu hərəkata qoşulanların sayını artırmaqla xalq hərəkatı statusuna nail olmaq. Hökuməti (inanmasam da) siyasi və iqtisadi reformalara getməyə dinc yolla məcbur etmək.

Anlamasalar alternativ variantların olmasını da xatırlatmaq. Buna o vaxta qədər əminəm ki, Suriyanın prezidenti Bəşər Əsədin də məsələsi ya Kaddafi kimi həll olar, ya da beynəlxalq məhkəmə qarşısında dayanar. Anlatmaq ki, əgər Bəşər Əsəd 7 ay bundan öncə getsə idi istənilən ölkə ona siyasi sığınacaq verərdi. Törətdiyi cinayətlərdən sonra onun planetdə ancaq bir yeri ola bilər o da zindandır. Onun kimi xalqın qanını töküb gözləməyin.

- Yeni ildə sizcə dünya siyasətində nə yeniliklər baş verə bilər?

- Birincisi mühüm hadisə ABŞ-da prezident seçkiləri olacaq. Bu seçkilərdən sonra dünya siyasətində bir çox strateji məsələlərə yenidən baxılacaq. Amerika hələ ki super dövlət statusunu saxlamaq qüdrətinə malikdir. Ancaq Çinin nəfəsi artıq il ildən arxadan amerikanı daha güclü yandırır.

Bir neçə il bundan öncə milli gəlirinə görə 7-ci yerdə olan Çin bu gün 2-ci yerdədir. Çin yeganə ölkədir ki, hərbi texnikası klasına görə Amerikaya yaxınlaşıb. Çinin artan təsir dairəsinin qarşısını almaq üçün Amerika yaxın şərqdə, RF-da və Şimali Koreyada demokratik dəyişikliklərə nail olmalıdır. ABŞ dilemma qarşısındadır. O məqsədyönlü siyasət aparsa yenidən neftin bir barelinin qiymətini 20 dollar səviyyəsinə endirə bilər. Bu halda Rusiya yenidən ya dağılmalıdır, ya da demokratiyanın 2-ci mərhələsinə başlamalıdır.

Sözsüz ki, neftin qiymətinin aşağı düşməsi İranı da laxladacaq. Mən Azərbaycan və Qazaxıstanı yazmıram çünki bunlar fundamenti olmayan ölkələrdir, oradakı rejimlər avtomatik çökəcək.

Necə “polkovnik’’ Hüseynov 1993-cü ildə çevriliş etmişdi, indi hətta serjant bu işi görə bilər, sözsüz biz imkan versək. Ancaq Amerikanın bu siyasətin çox mühüm çatışmayan cəhəti var. Bu gün Çin enerji resursları import edir və milyardlar xərcləyir. Neftin qiymətinin aşağı düşməsi Çinin finans resurslarını azı 20 faiz qaldırır.

Ona görə də ABŞ-ın strateji beyinləri yeni strateji proqram üzərində baş sındırırlar. Dünyanın bu sahədə toplanmış beyinlərinin 70 faizinin Amerikada olduğunu nəzərə alsaq bu çox masştablı plan olacaq. Hər halda bu planın tərkib hissəsində yeni demokratik ölkələrin yaradılması xüsusi yer tutacaq. Həmin ölkələrin içərisində bizim balaca Azərbaycanın olmasına da şübhəniz olmasın.

- Xeyli vaxtdır ölkədə maaşlar artırılır. Siz bir iqtisadçı kimi necə düşünürsüz, 10 faizdən çox qaldırmaq mümkün deyilmi əmək haqqlarını?

- Bu bir çox elementlərin bir yerdə baxılmasını tələb edən bir məsələdir. Maaşların artırılması istənilən normal ölkədə iqtisadçı və finasistlərin dərin analizinin əsasında həyata keçirilir. Sözsüz ki, söhbət ancaq dövlət büdcəsindən maaş alanlardan gedir. İstənilən sivil ölkədə prezident filankəslərin maaşını qaldırdı deyilsə və ya yazılsa, o prezidenti o qədər ələ salarlar ki, özü başını götürüb qaçar.

Ona görə bizdə maaşların artırılması heç bir qaydaya tabe olmadığından fikir söyləmək çətindir. Kimlərsə , “təhsil nazirliyində 1 milyon adam işləyir, onların maaşını 10 faiz qaldırsanız onsuzda sizi hamı sevir bundan sonra sevgi birə on artar” deyir. Prezidentin kefi sazdırsa “gedin qaldırın” əmrini verir. Baş finansit kar kağızın götürüb gəlir ki, məsələn “bu işi görmək üçün yarım milyard manat lazımdır”, o da komanda verir ki, neft fondundan verilsin. Yarım milyard sözsüz ki, müəllimlərin cibində qalmır bazara çıxır. Prezidentin yemək içmək malları satan monopolistləri o dəqiqə qiymətləri qaldırır.

Həmin pullar əlavə heç bir şey almadan əvvəl həmin monopolistlərin, oradan da prezidentin cibinə axıdılır, çünki qiymətlər artıb.

Siz özünüz də hər şeyi çox asanlıqla hesablaya bilərsiniz. Sadəcə olaraq maaş artırılana qədər məsələn, ət, yağ, qənd neçəyə olub qaldırandan sonra neçəyə qalxıb fərqi hesablaya bilərsiniz.

Məsələ ondadır ki, müəllimə maaşı qaldırdılar o nə uddu, nə də uduzdu. Bəs maaşları qaldırılmayanlar? Onlar hamısı uduzdu. Ona görə bu sistemli maaşların tənzimlənməsinə mənim şərh vermək şansım yoxdur. Mən kriminalist deyiləm.

- Ölkədə jurnalistlər üçün bina tikilir. Sizcə bu dövlətin jurnalistlərə, söz azadlığına qayğısı deyilmi?

– Rüşvətlə işləyən jurnalistdən jurnalist olmaz. Bu evləri alan jurnalistlər ölkədə olan jurnalistlərin 5 faizini təşkil edər. Hökumət başa düşmədən meşədə və ya dağda canavarın oynadığı rolu oynayacaq. Ümid edirəm ki, bu hərəkət nəhayət təmiz və qeyrətli jurnalistkanın Azərbaycanda inkişafına kömək edəcək.

- Hakimiyyətə iddialı olduğunuzu artıq bəyan etmisiz. Sizcə ölkədə maaşlar nə qədər olmalıdır, ziyalıların, yaradıcı insanların mənzil şəraitini, mətbuatın vəziyyətini necə düzəltmək olar?

- Ölkədə maaşların miqdarını pul vahidi ilə ifadə etməyin mənası yoxdur. Mən onun strukturasını izah edim. Kreditlə ev almısansa və ya kirayə götürmüsənsə aldığın maaşın 30 faizi buna, 25 faizi yeməyə, 10 faizi pal-paltar, 15 faizi maşın və ya başqa bahalı şeylər almaq istəyirsənsə yığılmalı və ya kreditlə almısansa onu ödəməyə, 10 faizi qara gün, ağ gün üçün toplanmalıdır .Yerdə qalan 10 faiz də gözləmədiyin xərclər ola bilər. Müxtəlif ölkələrdə bu rəqəm məsələn, ayda 1200 dollardan 3000 dollara qədər ola bilər. Bu rəqəm asılıdır ölkə sosial proqramlarını necə həll edir. Müxtəlif yaş qruplarına, müharibə veteranlarına və sair və sair sosial təminatlar hansı səviyyədir. Məsələn səhiyyə, təhsil sözün əsl mənasında pulsuzdur ya yox.

Mən özüm üçün Azərbaycanda hansı sistemin olacağını müəyyənləşdirmişəm. O dediyim struktura hamı üçün eyni səviyyədə işləyəcək. Adını çəkdiyiniz intlektual qrupların yuxarı pul qazanmaq şansları daha çox olacaq. Əksinə sivil ölkələrdə olduğu kimi onlar kasıblara xəstələrə kömək üçün öz pullarından ayıracaqlar.

- Yaltaqlana bilməyən, tapşıranı, pulu olmayanlar həmişə mənzilsiz yaşamalıdırlar, yoxsa bunun bir çıxış yolu olmalıdır? Dünyada müxalifətin öz təkliflərini vermək ənənəsi də var, bu baxımdan bəlkə hökumətə məsləhətlərinizi verəsiz?

- Birinci başlayaq pulun olub olmamasından, çünki bu əsas faktordur.

İnsanların pulları onların azadlığını təmin edən səviyyədə olmalıdır. Pul fərdin başqasından asılı olmamağına təminat verir. Ona görə ilk növbədə insanlara öz fiziki və intlektual resurslarını maddiləşdirməyə şəraitin yaradılması zəruridir. Bu şərait hamı üçün eyni olmalıdır. Sözdə yox.

Öz imkanlarını maddiləşdirən insanlar ümumi əhalinin 95 faizini təşkil edəcəkdir. İstənilən cəmiyyətdə ancaq beş faiz şikəst , əlil bacarıqsız adam ola bilər, onlar da dövlətdən maliyələşdirilməlidir. 95 faizin imkanları çərçivəsində milyonerlər, orta sinif və çinovlikləri olacaq, onlar praktiki heç kimdən yox, ancaq özündən asılı olacaq. Bu insanlara yaltaqlanmaq lazım deyildir və onların mənzilinin olmaması mümkün deyildir. Müxalifətin səsi sayından asılı olmayaraq həmişə eşidilməlidir, kar olmamaq üçün vətəndaş cəmiyyəti yaradılmalıdır. Hökumətə təklifləri vermişəm, xeyri yoxdur.
XS
SM
MD
LG