Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:23

Dünya azərbaycanlılarının həmrəylik gününə... (VİDEO)


20 years ago at the Soviet-Iranian border
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00
Direct-ə keçid
-

TARİXDƏN SƏSLƏR


1989-cu il dekabrın 31-də İran-Azərbaycan sərhəddi. Araz çayının bu tayından o tayına həsrət dolu adamlar yığışıb, aradan keçən tikanlı məftillər yeganə sədd kimi görünür. Kimsə göstəriş verir və bir anda məftillərin sarıldığı dayaqlara od vurulur, aləmi tüstü bürüyür. Sonra kimsə taxtadan qurulan gözətçi qülləsinin başına dırmaşıb ora da od vurur. Tüstü çəkiləndən sonra kişili-qadınlı Araza enib sevinclə suyu şappıldadırlar. Çayın o tayına da adamlar gəlib.

Bu tərəfdən kimsə onu haraylayır «Əşrəf kişi dururmu?» deyə... «Oğlum evlənəsidi, istəyirəm qızı Təbrizdən seçəm». Arzular, sevinc-fərəh bir-birinə qarışıb, o taylı-bu taylı azərbaycanlıların arasından keçən tikanlı məftillər doğranır axı...

SƏRHƏD HƏRƏKATININ AZƏRBAYCAN HİSSƏSİ

İran-Azərbaycan sərhədlərinin dağılması Azərbaycanın müasir tarixində yeni bir bayramın – Dünya Azərbaycanlıların həmrəylik gününün yaranmasına «bəhanə» oldu. Əslən naxçıvanlı, milli azadlıq hərəkatının fəal üzvlərindən olan İbrahim İbrahimli xatırlayır ki, o dövrdə üzü Berlindən bəri sərhəd hərəkatı başlamışdı:

«Berlin divarları yıxıldı. Baltik yanı dövlətlərin milli-demokratik hərəkatının fəalları sərhədboyu əl-ələ tutub düzüldülər. Meydan hərəkatından sonra sərhəd hərəkatı önəmli rol oynadı. Elə hadisələr olur ki, onlar artıq simvollaşır və geriyə baxanda millətin tarixinin şərəfli səhifəsi kimi görünür».

İbrahim İbrahimli hesab edir ki, Azərbaycanda da başlayan sərhəd hərəkatı tarixdə öz mühüm funksiyasını oynadı və bundan sonra ölkədə dünya azərbaycanlılarının həmrəy olmasının zəruriliyi ortaya çıxdı:

İbrahim İbrahimli
İbrahim İbrahimli
«O vaxt müstəqillik aktının layihəsində hətta təklif olunurdu ki, ölkə Şimali Azərbaycan Respublikası kimi göstərilsin və bununla da dünya ictimaiyyətinin diqqətinə çatdırılsın ki, bu ölkənin cənub tərəfi də var».

Sonralar İran azərbaycanlısı olan Qulamrza Səbri Təbrizi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə himn yazdı. Müğənni Samir Piriyevin ifasında bu mahnı hər il səsləndi.

«...GÜNAHKAR MÜXALİFƏTDİR»

Dekabrın 31-də dünyanın hər yerində bir çox azərbaycanlı Yeni İllə yanaşı həmrəylik gününü də qeyd edir. Biz isə həmrəylik günü ərəfəsində öyrənmək istədik ki, Azərbaycan siyasi qüvvələri arasında siyasi həmrəylik varmı?

Fəzail Ağamalı
Fəzail Ağamalı
Hakimiyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, «müxalifətin radikal qanadı ilə hakimiyyət arasında həmrəylik yoxdu və bunun da səbəbkarı müxalifətdir»:

«Şahidiyəm ki, ümummilli lider Heydər Əliyevin vaxtında radikal müxalifətin parlamentdə olan təmsilçiləri, liderləri müxtəlif rəsmi tədbirlərə dəvət olunurdular, amma onlar imtina edib gəlmirdilər ki, biz bu hakimiyyəti legitim saymırıq».

Fəzail Ağamalının sözlərinə görə, o səmimiyyətlə inanır ki, iqtidar heç vaxt müxalifəti, vətəndaşı ilə probleminin yaranmasını istəməz. Hakimiyyət nə qədər dözümlü olsa da, müxalifət uzun illərdir ki, iqtidarla arasındakı məsafəni saxlayır.
Amma müsahibimiz hesab edir ki, müxalifətin pozitiv qanadı ilə hakimiyyət arasında siyasi həmrəylik var və onlar anlaşa bilirlər.

«DEMOKRATİKLƏŞMƏ DƏ MİLLİ DƏYƏR OLMALIDIR»

Əli Kərimli
Əli Kərimli
AXCP sədri Əli Kərimli onların radikal adlandırılması ilə razılaşmır, deyir ki, əslində bu ölkənin radikal müxalifətə ehtiyacı var.

«Biz radikal deyilik, sadəcə, bu hakimiyyətin istədikləri ilə oturub-durmuruq, ona görə də bizi radikal sayırlar» deyən Əli Kərimli Azərbaycanda siyasi həmrəyliyin olduğu qənaətindədir. Ancaq onun fikrincə, bu həmrəylik ölkənin milli maraqları ətrafındadır və əslində siyasi plüralizmin qorunması şərtilə də həmrəylik dövlətçilik məsələlərində qorunmalıdır:

«Eyni zamanda milli hədəflərdən biri də Azərbaycanın demokratikləşməsi olmalıdır. Çünki ölkənin demokratikləşməsi hansısa siyasi qrupun istəyi deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının təmin olunmasının yolu Azərbaycanın demokratikləşməsindən keçir. Ona görə azərbaycanlılar gərək ölkənin demokratikləşməsinə də milli ideya kimi yanaşsın».

Əli Kərimli deyir ki, onun müşahidələrinə görə, ilin sonuna yaxın artıq cəmiyyətin böyük kəsimində ölkənin demokratikləşməsinin milli ideya olması barədə konsensus yaranıb.
XS
SM
MD
LG