Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:46

Sahibsiz heyvanlar üçün sığınacaq və poliqon təklifi


Foto: Arxiv
Foto: Arxiv
«Məhəllədə bir sakit it var idi. Sahibsiz heyvanları öldürən işçilər neçə dəfə gəlib itə güllə atıb, itə dəyməyib. Bunlar da iti öldürmək üçün qarşısına çörək atıblar. İt gəldi çörək yeməyə, acından ölürdü, çörək yeyən arada gülləni vurdular. Belə vəhşilik olmaz axı...»

Heyvanlara insanların münasibətlərindən gileylənən 27 yaşlı Zaqatala sakini Nizami Ramazanovdur. Yaşadığı rayonda sürücülərin vurub yanından keçdiyi heyvanları gətirib evində saxlayır, ilk yardım göstərir. Elə bu minvalla da 7 itə sahiblik edir.

«İMAM İMZA VERMƏDİ Kİ...»

Nizami Ramazanov heyvanlara öz qayğısından əlavə, başqalarını da bu işə cəlb etmək üçün Zaqatala və Balakən rayonlarında 1000 imza toplayıb ki, dövlət sahibsiz heyvanlara sığınacaq tiksin:

«Veterinar həkimlərimiz çox savadsızdırlar. Onların çoxu hesab edir ki, sahibsiz heyvanlar öldürülməlidir. Bunu dindarlarımız da deyir. Zaqatalada məscidin imamı imza vermədi, deyir ki, murdardır, it-pişik öldürülsün. Küçədə heyvanı xəstə görüb gətiririk evə, özümüz qulluq edə bilmirik, sığınacaq olsa, onları qısırlaşdırarlar, peyvənd vurarlar, xəstəlik də yayılmaz. Dövlət səviyyəsində təşkil olunandan sonra, otellər, restoranlarda o qədər yemək var ki, yığıb vermək olar. İnsanlar kimi 3 dəfə yemək yemirlər, 1 dəfə yeyirlər. Quru çörəyi də atsan yeyəcək, yeməsə də təşəkkür edəcək, quyruğunu sallayacaq».

Heyvanların müdafiəsinə qalxan Zaqatala sakini hazırda işsizdir, heç bir təşkilatda da təmsil olunmur. Azərbaycanda isə bu sahədə fəaliyyət göstərən qurumlar da az deyil. Onlardan biri Canlı Ailəmin Mühafizəsi «Alyans» İctimai Birliyidir. Birlik küçələrdə dolaşan heyvanlar üçün klinikalar hazırlanması, sığınacaq tikilməsi üçün hökumət qarşısında bir neçə dəfə məsələ qaldırıb.

ÖLDÜRÜLMƏYƏ VƏ SAXLANMAYA XƏRCLƏNƏN PULLAR

Birliyin sədri Mənsurə Rəsulzadə:

«Özümüzün sığınacaq üçün sahəmiz var. Çox sağ olsun o insan ki, 2 ha torpaq sahəsini bizim istifadəmizə verib. Digər tərəfdən başqa bir sponsorumuz da var, onun tikintisini boynuna götürüb. Orda biz böyük bir klinika tikmək istəyirik və müvəqqəti saxlama məntəqəmiz olacaq».

Sahibsiz heyvanlar üçün saxlama məntəqəsinin xərclərinə gəlincə, Mənsurə Rəsulzadə deyir ki, bu məbləğ hər il sahibsiz heyvanlarla mübarizəyə ayrılmış vəsaitdən çox olmayacaq:

Mənsurə Rəsulzadə
Mənsurə Rəsulzadə
«Hər halda bir ildə 76 min heyvanın öldürülməsinə sərf edilən puldan çox azdır. Fundamentini o pulla qursaq, sonradan ianələrlə, işlədiyimiz layihələrlə biz bu heyvanları saxlaya bilərik. Dövlət Baytarlıq Xidmətinə də illik olaraq quduzluğa qarşı vaksinlər ayrılır».

Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, respublika üzrə 240 mindən artıq it, pişik qeydiyyata alınıb və vaksinasiya olunub.

SIĞINACAQ YOXSA OTEL?

Yazıçı Nərmin Kamal da küçədə-bacada rast gəldiyi heyvanlara diqqətsiz ötüşə bilmədiyini deyir, onları evinə gətirir, sahib tapana qədər saxlayır. Hətta o, 1 il əvvəl Bakıda aksiya keçirib, heyvanları qorumağa çağırmışdı.

Yazıçı deyir ki, heyvan hüquqları ilə məşğul olan, heyvanlar üçün sığınacaq elanları verən qeyri-hökumət təşkilatlarının da işindən razı deyil:

Nərmin Kamal
Nərmin Kamal
«Mən konkret olaraq bildim ki, onlardan biri otelçiliklə məşğuldur. Yəni, məsələn, zəngin insanlar gedir hansısa ölkəyə, bunun iti, ya da pişiyi evdə qalır. Ona görə pulla otel kimi saxlatdırır həmin sığınacaqda. Yenə də küçədə it-pişik eyni vəziyyətdə yaşayacaqsa, bu sığınacaq niyə açılıb? Bax bu dəqiqə mənim evimdə 2 pişik qalıb, birinin ayağı şikəstdir, biri də onun qardaşıdır deyə, mən onu atmıram. Onları verməyə bir sığınacaq axtarıram, amma yoxdur».

POLİQON NİYƏ YARADILIR?

Sahibsiz heyvanların küçələrdən yığışdırılması ilə bağlı Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olur.

İdarədən Trend-ə verilən məlumata görə, Azərbaycanda sahibsiz itlər üçün poliqon yaradılacaq:

«İtlərin poliqona verilərək orada əhliləşdirilməsi məsələsi müzakirə edilmir. Amma bəlkə də gələcəkdə oradakı itlərin dərisindən istifadə edilə bilər. Nəzərə alaq ki, antisanitar şəraitdə yaşadıqları üçün küçə itlərinin dərisi yaxşı olmur. Amma yaxşı qulluq edildikdən sonra onların dərisi də yaxşılaşa bilər».

Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən konvensiyaya qoşulduqdan sonra itlərin öldürülməsi rəsmən dayandırılıb, amma Canlı Ailəmin Mühafizəsi «Alyans» İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə deyir ki, onların güllələnməsi gizli şəkildə həyata keçirilir.
XS
SM
MD
LG