Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Sulutəpədəki tikililər üçün bələdiyyə sənədi nəyi həll edə bilər?


Sulutəpə sakini
Sulutəpə sakini
- Qiymətləndirmə rəyidir. Bu sənədlərin hamısı bələdiyyədən verilib. 5 sot torpaq və üstündəki evim 30.400 manat qiymətləndirilib. Yəni harasa köçürülməli olsam və sair bu pul mənə ödənilməlidir. İndi də gəliblər ki, bura Neft Şirkətinindir. Sökdülər, qoydular yerə.

10 İLDİR EV TİKİRMİŞ...

Dekabrın 14-də Sulutəpədə evi başına uçurulanlardan biri də Ruslan Allahverdiyev küçəsinin sakini Firdovsi Səfiyev olub. İkimərtəbəli evin tikintisi ilə bağlı bələdiyyə sənədlərini qarşımıza tökən Firdovsi Səfiyev deyir ki, düz 10 ildir ev tikirmiş. Bələdiyyə sənədini isə 2008-ci ildə alıb. Evin üstünü bu günlərdə örtübmüş. Deməsinə görə tikintini başa vurana yaxın Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları 2-3 ayda bir dəfə həmin ünvana gələrək tikintini dayandırmağı məsləhət görüblər. Sonuncu gəlişləri isə əvvəlki gəlişlərindən fərqli olub:

- Özüm evdə olmamışam, azyaşlı uşaq evin içərisində ola-ola evi uçurdublar. Yoldaşıma imkan da verməyiblər ki, uşağı evdən çıxartsın.

EVDƏN BAHA SƏNƏDLƏŞMƏ

Firdovsi Səfiyev deyir ki, sənədləşmə dalınca gedəndə ondan çoxlu rüşvət istəyiblər. Baxıb ki, evin sənədləşdirilməsi ona evdən baha başa gələcək. Ona görə də elə bələdiyyə sənədi ilə kifayətlənməli olub. Prezidentin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstərişini eşidəndə isə sevincinin həddi-hüdudu yox imiş. Hətta bələdiyyədən gəlib sənədləşmə üçün onun da evini siyahıya alıblar.

Firdovsi Səfiyevin həyat yoldaşı isə bizə ödəniş qəbzləri göstərir:

- Qazda, işıqda, suda sayğaclarımız var, 2003-cü ildən torpaq vergisi ödəyirik, əlimizdə qəbzlərimiz də var.

İndi Səfiyevlər nə edəcəklərini bilmirlər. Bilmirlər ki, Neft Şirkəti işçilərinin sökdüyü evi bərpa etsinlər, yoxsa sökülməmiş hissənin də söküləcəyini gözləsinlər.

SƏNƏD QANUNSUZ VERİLİB

Xocasən bələdiyyəsinin sədr müavini Rüstəmzal İsmayılov deyir ki, Firdovsi Səfiyevə verilmiş sənəd qanunsuz olub. Çünki 2007-ci ilin oktyabr ayından prezidentin qərarı ilə bu səlahiyyət bələdiyyələrdən alınıb. Keçmiş bələdiyyə sədri belə hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılıb. O ki qaldı söküntülərə, bələdiyyə sədrinin müavini evlərin sökülməsini pisləyir:

Sulutəpədə sökülən evlərdən biri
Sulutəpədə sökülən evlərdən biri
- 2005-ci ildə «Binəqədi Oil» yarandı. Binəqədi neft qaz idarəsi bu xarici şirkətə 25 illik icarəyə verildi. Dövlət də buna qarant durub. Həmin torpaq sahələri səhvən onlara verilib. Bütün yaşayış əraziləri hamısı onun kontrakt sahəsinə düşüb. Məsələn götürək Xocasən kəndini. Bu kəndin ən azı 500 yaşı var. Necə oldu ki, 2005-ci ildən sonra bütün Xocasən kəndinin ərazisi «Binəqədi Oil»- un ərazisi oldu? O cümlədən də Binəqədi kəndini, Biləcərini, «Binəqədi Oil»- ə verilmiş başqa əraziləri götürək. Bu ərazilərə xalq deputatları soveti vaxtında da sərəncam verilib, ondan sonrakı vaxtlarda da. 2005-ci ildən sonra isə hər yer oldu neft ərazisi. Bu necə ola bilər? İndi bu neft şirkəti 2000-ci ildən 2007-ci ilədək bələdiyyənin çıxardığı heç bir qərarı tanımır.

Ancaq bələdiyyə sədrinin müavini onu da dedi ki, onlar ərazilərini müəyyən edə bilmirlər. Prezidentin qərarına qədər satılan torpaqlar da gözəyarı satılıb. Çünki onlarda bələdiyyəyə düşən ərazilərin konkret xəritəsi yoxdur.

«BİNƏQƏDİ OİL» YOXSA NEFT ŞİRKƏTİ?

Binəqədi kəndində yerləşən «Binəqədi Oil» Company-ə də baş çəkdik. Oradan suallarımızı Dövlət Neft Şirkətinə ünvanlamağımızı məsləhət gördülər. Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev isə AzadlıqRadiosuna bildirib ki, «Binəqədi Oil» onlarla icarə müqaviləsi bağlamış ayrıca şirkətdir və Dövlət Neft Şirkəti başqa şirkətin yerinə danışa bilməz.

Bu ilin mayında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, müqavilə ilə «Binəqədi Oil»-un ərazisinin 67 faizini vətəndaşlar tutub və bu da neft istehsalına ziyan vurur.

YEGANƏ YOL – MƏHKƏMƏ

Hüquqşünas Fariz Namazlı deyir ki, uçurulmuş evlərin sakinləri məhkəməyə müraciət etsinlər:

- Ən vacib yol məhkəmələrə müraciətdir. Hər bir vətəndaş məhkəməyə müraciət edərək mülkiyyət hüququnun tanınmasını tələb etməlidir. Eyni zamanda həmin hüququnun pozuntusunu məhkəmə qaydasında müəyyənləşdirilməlidir və ona vurulmuş zərərin kompensasiyasını tələb etməlidir.

Fariz Namazlı deyir ki, həmin tikililərin özbaşına tikilib-tikilməməsini də məhkəmə qaydasında aydınlaşdırmaq lazımdır. Eyni zamanda həmin ərazilərin Dövlət Neft Şirkətinə məxsus olub-olmamasını da müəyyənləşdirmək lazımdır.
XS
SM
MD
LG