Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 19:43

ANAR "30-40 adamı həmin 5 vəzifəylə necə təmin edək?"


Azerbaijan -- writer Anar, 06Jul2010
Azerbaijan -- writer Anar, 06Jul2010
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın "Yeni Müsavat" qəzetinə müsahibəsi


- Anar müəllim, sizinlə söhbət hər zaman çox çətinliklə baş tutur. Bəzən danışıqlar zamanı günlər həftələri, həftələr isə ayları əvəz edir. Nədir mətbuatla münasibətdə bu qədər çəkingənliyin səbəbi?

- Əvvəla, çəkingən deyiləm. Məndən çox mətbuata müsahibə verən az yazıçı tapılar. Televiziyanı da mən bura daxil edirəm. Amma mətbuata müsahibələr verərkən göstərdiyim həssas münasibətin, seçimin bir səbəbi var, bu, sizə aid deyil. Bəzən elə primitiv suallar verirlər ki, adam heç buna cavab da vermək istəmir. Görürsən, gəlirlər, heç bir şeydən xəbərləri yoxdur. Mənim yazılarımdan, əsərlərimdən heç nə bilmirlər və deyirlər ki, danışın da, siz axır vaxtlar nə yazmısız, əvvəllər nə yazıbsınız? Məsələn, Moskvadan gələn jurnalistlər bəzən mənim yaradıcılığıma bizimkilərdən daha çox bələd olur. İnternet, qəzet-jurnal vasitəsilə maraqlanır, oxuyur, sonra müsahibəyə gəlirlər. Daha o sualı vermir ki, neçənci ildə doğulmusuz, hansı əsərləriniz var. İkinci səbəb də odur ki, xüsusilə müxalifətyönlü mətbuata müsahibə verəndən sonra bunun altını çəkirəm. O saat bunu tərs yozurlar, işin içindən cürbəcür məsələlər qurdalayıb çıxarırlar. Bir sözlə, mənə bunun ancaq zərəri var.

- Kim yozur dediklərinizi?

- Elə jurnalistlər. Təhrif də edirlər, tərs də yozurlar. Bir müddət keçəndən sonra elə bilirlər müsahibə unudulub və mənim demədiyim şeyləri adıma yazırlar. Ona görə məsafə saxlayıram. Digər tərəfdən, mənim o qədər ayrı işlərim olur ki, müsahibələrə vaxt tapa bilmirəm. Mətbuatla münasibətlərimə gəlincə isə mətbuatın azadlığına hər zaman hörmət edirəm, tərəfdaram. Mətbuatın azğınlığına isə etiraz edirəm.

- Amma maraqlıdır ki, barəsində mətbuatda yazılan bütün yazılardan xəbərdar olan birisisiniz. Yəni belə bir həssaslığınız da var mətbuata münasibətdə...

- Yox, bütün yazılardan xəbərdar deyiləm. Birincisi, mən internetə daxil olmuram, orada nə yazıldığından xəbərim olmur. Bəzən gəlib deyirlər, filan saytda barəmdə nəsə yazıblar. İkincisi də mən qəzetlərdən ancaq “Yeni Müsavat” və “Azadlıq”ı alıram. O biri qəzetlərdə nə yazılması barədə isə bəzən gəlib deyirlər. Bu iki qəzeti oxumaq da kifayət edir ki, mənzərəni görəsən. “Yeni Müsavat” axır vaxtlar mənim barəmdə az yazır, amma “Azadlıq”ın hər nömrəsində bilirsiz ki, mənə qarşı nəsə olur.

- Daha çox hakimiyyətyönlü mediaya müsahibələr versəniz də müxalif mətbuata müsahibələriniz rezonans, reaksiya doğurur. Sizcə, müsahibədən sonra çeşidli reaksiyaların ortaya çıxması normaldır, yoxsa o müsahibənin heç bir rezonans doğurmaması?

- Yox, müsahibənin rezonans doğurması yaxşıdır, amma qərəz, yalan olmasın. Mənim ən çox əziyyət çəkdiyim şey böhtan və yalandır. Haqqımda o qədər böhtan yazıblar ki. Xüsusən də “Azadlıq” qəzetində. Əvvəllər orda anarşünaslar daha çox idi, indi bir nəfər qalıb. Hər yazısında, ifadəmə görə üzr istəyirəm, barəmdə yekəbaşlıq edir.

- Amma son vaxtlar üçün bunu demək olmaz. Çünki artıq barənizdə tənqid yazanların sayı azalıb.

- Bəli, azalıb. Mən bunu belə izah edirəm ki, belələri sifarişlə yazdıqları kimi sifarişlə də susurlar.

- Kimin sifarişi ilə?

- Bilmirəm. Yəqin yiyələri var. Onlar qısqırdanda ki, yaz, yazırlar. İplərini çəkib, “yazma” deyəndə isə yazmırlar.

- Nə dəyişib ki, indi belə sifarişlər azalıb?


Qan Turalı
Qan Turalı
- Bunu sahiblərindən soruşmaq lazımdır (gülür). Çünki bütün bu yay bir nəfər mənim barəmdə böhtan yazdı, adını da çəkmək istəmirəm onun. Başqaları məni
müdafiə elədi. Bunların hamısı əsəbdir, vaxtdır. Ayrı bir faydalı işə sərf edəcəyin vaxtı buna sərf edirsən.

- Barənizdə ən sərt məqalələrin müəllifi Qan Turalı da artıq sizinlə oturub danışmaq, bir çay süfrəsi arxasında görüşməyi təklif edir. Mətbuatda belə bir çağırışla çıxış etmişdi.

- Çay süfrəsini eşitməmişəm, amma mənə dedilər ki, onlar barışıq istəyirlər. Dedim, mən onlardan küsməmişəm ki, barışım. İkincisi, onlar mənim tayım-tuşum deyillər ki, onlardan küsüm, ya barışım. Mənim haqqımda çox haqsız şeylər yazıblar. Əgər indi o yazdıqlarından peşmandılarsa, mən buna ancaq sevinirəm. Həmişə demişəm ki, Yazıçılar Birliyinin tövbə qapısı da açıqdır, ümumiyyətlə, qapıları da açıqdır. Kim bura xoş niyyətlə gəlirsə, xoş gəlsin, biz onları qəbul etməyə həmişə hazırıq.

- Uzun illər davam edən qarşılıqlı ittihamlardan, davalardan hansı tərəf nə qazandı, nə itirdi? Bizim razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq, müxtəlif iddialar var ki, bəzi şəxslər ədəbi karyeralarını, maddi təminatlarını yaşlı yazıçılar, tanınmış şəxslərlə mübarizədən qazandılar. Bununla bağlı nə fikirləşirsiz?

- Mən bunu mübarizə saymıram. Mübarizə o vaxt sayılardı ki, bu, ikitərəfli olsun. Mən heç kimlə mübarizə aparmıram. Ancaq böhtan, yalan yazılar olanda ya öz adımızdan, ya da mətbuat xidməti adından cavab veririk. Onu gizlətmirəm ki, mətbuat xidməti adından verilən yazılar mənim, katiblərin, Yazıçılar Birliyinin mövqeyidir. Biz heç kimə hücum etməmişik. Ancaq cavab verməklə, yalanları təkzib etməklə, böhtanları ifşa etməklə məşğul olmuşuq. Kim bundan nə qazanır, bilmirəm. Açığı, heç inanmıram ki, onlar da nəsə qazanır. Hesab edirəm ki, get-gedə onlar da başa düşürlər ki, illər boyu mənasız işlə məşğul olublar, Yazıçılar Birliyi ilə mübarizədən heç nə qazanmayıblar.

- Bəlkə də onların mübarizədən əl çəkməsinə səbəb heç nəyin dəyişməməsidir. Məsələn, Yazıçılar Birliyində heç nə dəyişmir, həmçinin onlar da burada istədikləri vəzifəyə gələ bilmirlər.

- Yazıçılar İttifaqında tutaq ki, beş vəzifə var. 30-40 adamı o beş vəzifəylə necə təmin edək? Deyirlər ki, maddi vəziyyətimiz pisdir. Siz Yazıçılar Birliyinin üzvü olsanız, onda bizim təqaüdlərdən sizə də düşə bilər. Neçəsi olub ki, bizə qarşı çıxışlar edib, sonra da gəlib ki, peşman olmuşam. Yenidən qayıdıb, biz də ona layiqdirsə, təqaüd vermişik. O da bir il ərzində heç olmasa o təqaüdlə yaşayıb. Məşhur məsəl var ki, bir nəfər Allaha yalvarır ki, lotereya udsun. Allah da deyir ki, heç olmasa bir bilet al də. Sən heç olmasa, birliyin üzvü ol, sonra nəsə imtiyaz tələb elə də. Bir tərəfdən deyirlər ki, biz Yazıçılar Birliyinə qarşıyıq, oranı zəbt
edəcəyik, bayrağımızı ora sancacağıq. Sonra da oradan nəsə umurlar. Bu iki fikir bir-birinə ziddir axı.

- Anar müəllim, doğrudanmı bu çəkişmə Azərbaycan ədəbiyyatına, Yazıçılar Birliyinə bir faiz də olsa, fayda vermədi? Tutaq ki, birliyin rəhbərliyində olanlar başqa vaxt hansısa addımı atardılarsa, bu fəaliyyətdən sonra növbəti qarşılıqlı ittihamların olmaması üçün müəyyən korrektələr etdilər?

- Yox, mən deyə bilmərəm müsbət təsirini. Gələn il Allah qoysa, 25 il olacaq Yazıçılar Birliyinin rəhbəriyəm. Neçə ildir, birliyə qarşı müxtəlif iradlar var. Amma mən hələ də başa düşmürəm ki, nə istəyirlər. Bir onu başa düşürəm ki, yəqin mənim getməyimi, əvəzimə başqasının gəlməsini istəyirlər. Bundan başqa, onların mənə iradı nədir, anlamıram.

- Siz özünüzü həmin narazıların yerinə qoyub, mənzərəyə baxanda nə görürsüz? Tutaq ki, 25 ildir bir nəfərin sədr olması sizdə də narazılıq doğurmazdı? O iradlarda haqlılıq payı heçmi yoxdur?

- Bilmirəm, vallah. Mən, hər halda, 25 ildə 3 qurultayda yekdilliklə seçilmişəmsə, deməli, işimdən razı olublar. Özü də mən tək deyiləm ki. Kinematoqrafçılar İttifaqına Rüstəm İbrahimbəyov məndən əvvəl sədr seçilib, indiyə qədər sədrdir. Rəssamlar İttifaqına Fərhad Xəlilov məndən əvvəl sədr seçilib, hələ də fəaliyyətini davam etdirir. Onlardan heç birinə şükür ki, heç kimin iradı yoxdur. Hamının problemi ancaq Yazıçılar Birliyi ilədir (gülür).

- Yəqin ki, bu, Azərbaycanda bir ənənədir. İttifaq sədrlərinin ömürlük sədr olması...

- Yox, məndən çox sədr olan olmayıb. Mirzə müəllim 23 il sədr olub, amma dalbadal yox. 3 il sədr olub, sonra gedib, yenidən qayıdıb 4 il sədrlik edib. Amma dalbadal 25 il, özü də belə çətin dövrdə sədrlik edən olmayıb. Mən faktiki iki quruluşda sədrəm - sovet quruluşunda 1987-ci ildə seçilmişəm. Sovet dövrünün bütün şərtləri içində işləmişəm, aradakı qarışıqlıq dövründə də, müstəqillik dövründə də.

- Və neçə-neçə prezidentlə işləmisiz. Hamısı ilə də yola getmisiz.

- 4 prezident olub. Bir dəfə sən mənə bu sualı vermisən, mən də cavab vermişəm (gülür).

- Yox, mən o sualı verəndə hələ İlham Əliyev hakimiyyətə gəlməmişdi.

- Mən sənin həmin müsahibəni “Əsrin əsiri” adlı kitabıma da salmışam. Orada da demişəm ki, mənə kimin münasibəti yaxşıdırsa, mənim də ona münasibətim normal olub. Sən təsəvvür elə ki, bu prezidentlər bir-birinin əleyhinə olub. Sənin dediyin kimi, onların hamısı məni qəbul ediblərsə, deməli, mən onların heç birinin adamı olmamışam. Mən dörd prezidentə də hörmət etmişəm və edirəm. Amma onların içində ən çox hörmət etdiyim Heydər Əliyevdi. Onun barəsində yazdığım kitaba da nəzər salsaz, görərsiz ki, onun mənim haqqımda dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən az deyil. Məni qiymətləndirib, dəfələrlə bunu deyib, mən də təşəkkür etmişəm.

(ardı var)

Sevinc Telmanqızı,
Zabil Müqabiloğlu
XS
SM
MD
LG