Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:30

Yunanıstanda referendum olsun, olmasın?


Yunanıstan hökuməti baş nazir George Papandreou
Yunanıstan hökuməti baş nazir George Papandreou
Yunanıstan hökuməti baş nazir George Papandreounun Avropa Birliyindən maliyyə yardımı almaqla bağlı referendum keçirmək planını yekdilliklə dəstəkləyib.

Mübahisəli referendum məsələsi bu gün Fransada keçirilən «Böyük 20-lər»in sammitində də əsas müzakirə mövzusudur.

Papandreou noyabrın 1-i gecəyədək davam edən nazirlər kabinetinin fövqəladə iclasında deyib ki, referendumda avrozona ölkələrinin tələb etdiyi kimi, sərt tədbirlər üçün xalqdan mandat istəniləcək.

«TƏLƏSİK SEÇKİLƏR TƏHLÜKƏ YARADA BİLƏR»

Noyabrın 4-də parlamentdə Yunanıstan hökumətinə etimad məsələsi müzakirə olunacaq, Papandreou deyib ki, mümkün tələsik seçkilər borc içində üzən ölkəyə təhlükə yarada bilər.

Papandreou həm də deyib ki, onun referendumla bağlı açıqlamasından sonra dünya bazarında yaranan çaxnaşma uzun sürməyəcək.

Görüşdən sonra hökumətin sözçüsü Elias Mossialos deyib ki, referendum yardım razılaşmasının əsasları aydın ifadə olunandan sonra keçiriləcək.

Papandreounun referendumla bağlı şok açıqlaması Avropa ölkələri liderlərinin Yunanıstana 130 milyard avro maliyyə yardımı ayırması və bu ölkənin borclarının yarısını silməklə bağlı razılaşmasından bir həftə sonraya təsadüf edir.

YUNANISTANIN XİLASI XALQA NƏYİN BAHASINA BAŞA GƏLƏCƏK?

Yunanıstan da öz növbəsində ictimai xərclərini xeyli azaltmalıdır, təqaüdləri və maaşları kəsməli, dövlət işində işləyən minlərlə işçini ixtisara salmalıdır.

Yunanıstanın xilasını nəzərdə tutan bu tədbirlərin icrası ilə bağlı təkliflər ölkədə geniş etirazlara səbəb olub.

Papandreou bu gün Fransanın Kan şəhərində «Böyük 20-lər»in sammitinin açılışı ərəfəsində Fransa prezidenti Nicolas Sarkozy və Almaniya kansleri Angela Merkel ilə görüşməlidir.

Fransa prezidenti Nicolas Sarkozy və Almaniya kansleri Angela Merkel
Fransa prezidenti Nicolas Sarkozy və Almaniya kansleri Angela Merkel
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun rəsmiləri də görüşə qatılmaq niyyətindədirlər.

Sarkozy və Merkelin birgə bəyanatında deyilir ki, Avropa Birliyi sammitinin ötən həftəki qərarı «həmişəkindən də vacibdir», bildirilir ki, «bu, Yunanıstanı yenidən həyata qaytaracaq».

Referendumla bağlı bəyanat Avropa ölkələrində heyrət dolu reaksiya yaratdığından Sarkozy bu gün Yunanıstanı inandırmağa çalışırdı ki, razılaşmanı qəbul etsin:

«İnsanlara öz sözlərini demək imkanı vermək hər zaman qanunidir, amma hər kəs vacib şərtlə razılaşmasa, Avropa zonası ölkələrinin həmrəyliyi mümkün deyil».

REFERENDUM DEKABRDA KEÇİRİLƏ BİLƏR

Lüksemburqun baş naziri, avrozonanın 17 üzvünün rəhbəri Jean-Claude Juncker deyib ki, referendum yardımı rədd edərsə, bu, Yunanıstanın iflası deməkdir.

Bu arada, referendumla bağlı açıqlama dünya bazarında böyük enməyə səbəb olub, başqa sözlə dollara nisbətdə avronun qiyməti kəskin aşağı düşüb.

Yunanıstan rəsmiləri təklif ediblər ki, referendum yanvar ayında keçirilsin, amma daxili işlər naziri bildirib ki, razılaşmanın detalları nəzərdə tutulandan tez əldə olunarsa dekabr ayında da referendumu keçirə bilərlər.

Amma Papandreounun hökumətinin səsverməyədək hakimiyyətdə qalacağı aydın deyil.

HÖKUMƏT SƏSVERMƏYƏDƏK HAKİMİYYƏTDƏ QALACAQMI?

Hakim Sosialist partiyasından olan deputatlardan biri partiyadan istefa verib, bu da noyabrın 4-də etimad səsverməsi ərəfəsində parlamentdə hakim çoxluq iki yerdən məhrum olmuş olub.

Həmin partiyadan olan digər millət vəkili isə hökumətin referendum planını dəstəkləyəcəyi halda vəzifəsindən gedəcəyini bildirib, partiyanın altı üzvü isə baş naziri istefaya çağırıb.

Yunanıstan müxalifəti isə vaxtından əvvəl seçkilər keçirməyə çağırıb, bildirib ki, referendum Yunanıstanın Avropa Birliyinə üzvlüyünü təhlükə altına qoyur.

Əgər hökumət səsverməyədək hakimiyyətdə qalmasa, referendum məsələsinə yenidən baxıla bilər, amma bu, maliyyə yardımının şərtlərini həyata keçirməyi ləngidəcək.

Referendum keçirilərsə və Yunanıstan xalqı maliyyə yardımının əleyhinə səs verərsə, mütəxəssislərin fikrincə, Yunanıstanın avrozonada üzvlüyü təhlükə altına düşə, ölkə borc çirkabına yuvarlana və qlobal banklara, bazarlara sarsıdıcı zərbə dəyə bilər.
XS
SM
MD
LG