Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

İslamla bağlı saytın redaktoru niyə tutulub?


“İslam-azeri.az” saytının baş redaktoru həbsdə olsa da, sayt fəaliyyətini davam etdirir. Ancaq səyyar şəkildə. Sayt kollektivinin üzvləri öz evlərindən səhifənin yenilənməsini təmin edirlər. Bu barədə AzadlıqRadiosuna saytın redaktor əvəzi Tural Əliyev məlumat verib.

Son aylar saytda “Hicab məhbuslarına azadlıq” şüarını daşıyan xüsusi bölmələr yaradılıb. Digər xəbər portallarıından fərqli olaraq, bu saytda İslam aləminə aid xüsusi rubrikalar var. “İslam”, “Din”, “Mərhəmət” bölmələrində dinə meylli xəbərlər yerləşdirilir.

Bu internet qəzeti 2006-cı ildən fəaliyyət göstərir. 2008-ci ildən onlayn xəbərlər xidmətinə keçib. Bu internet qəzetinin redaksiyası Azərbaycanın ilk islami radiosu olduğu bildirilən "Bizimradionet"-in təsisçisidir.


OFİS MÖHÜRLƏNİB, AMMA SAYT İŞLƏYİR

İndi isə sayt İranın “Cəfəri” radikal dini qrupuna məxsus olmaqda ittiham edilir. Bu ilin avqustunda saytın redaktoru Ramin Bayramov barəsində həbs qətimkan tədbiri seçiləndən sonra sayt kollektivi ofisə girə bilmir. Tural Əliyev deyir ki, indi onlar səyyar şəkildə fəaliyyət göstərməli olublar. Çünki həbsdən bir neçə gün sonra ofisin qapısı möhürlənib:
“Sayta məxsus avadanlığın yarısı MTN-dədir, yarısı da ofisdə. Deyiblər ki, istintaq bitənə qədər ofis bağlı qalacaq. Ancaq istintaq saytın özünün fəaliyyətini dayandırmağı tələb etmədiyinə görə, səhifənin işi dayandırılmır”.

“SƏFİRLİYİN TƏDBİRİNƏ GETDİYİMİZ ÜÇÜN BİZİ İRANA İŞLƏMƏKDƏ İTTİHAM EDİRLƏR”

Tural Əliyev ittihamla razı olmadıqlarını söyləyir. Dediyinə görə, saytın İrana işləməsinin göstəricisi kimi sayt əməkdaşlarının İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında iştirak etməsini səbəb göstəriblər:

”Amma bu tədbirdə digər xəbər saytlarının əməkdaşları da iştirak ediblər. Biz çox səfirliklərin tədbirəlrində oluruq. Onda deməli, hər dəfə ittahamla üzləşməliyik?”
Ötən həftə Ramin Bayramovla bağlı istitntaq müddəti daha 2 ay uzadılıb. Vəkili Ramil Bayramov bu qərardan apelyasiya şikaəti verib və onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyir:
“Səhhətində problemlər var, ödündə və qaraciyərində ağrılar olur. Biz bildirmişik ki, onun azadlıqda olması istintaqın gedişinə mane ola bilməz. Belə bir halda Ramin Bayramovun həbsdə saxlanması ədalətsizlik olardı”.


SAYT İRANA İŞLƏYİR?

Avqustun 12-də MTN “islam-azeri.az” saytının baş redaktoru Ramin Bayramovun, “Cəfəri” dini qrupunun rəhbəri Abgül Süleymanovun və İslam Partiyası sədrinin müavini Arif Qəniyevin həbs olunması haqda rəsmi açıqlama yaymışdı.

MTN-nin məlumatında bildirilir ki, Abgül Süleymanov İran Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı radikal dini qrup yaradıb. Bu qrup təbliğat işini genişləndirmək məqsədilə “İslamazeri.az” saytını yaradıb. “Cəfəri”nin üzvləri Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər.

Keçirilmiş baxışlar nəticəsində Ramin Bayramova məxsus qarajdan 1 ədəd “Baykal” tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd “F-1” tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qətranı götürülüb.


“RAMİN BAYRAMOV NARKOMAN DEYİL”

Vəkil Ramil Məmmədov deyir ki, Ramin Bayramov narkoman deyil. Bunu keçirilən tibbi eksperizalar da təsdiqləyib:

“Ramin Bayramovun orqanizmində narkotik maddə aşkarlanmayıb. Narkomaniyadan müalicəyə etiyacı olmadığı bəlli olub. Silahların da ona məxsus olmadığını sübut edəcəyik”.

Hazırda Ramin Bayramov MTN-nin təcridxanasında saxlanılır. Oktyabrın 13-də onun barəsindəki həbs qətimkan tədbirinini ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılacaq.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb.
XS
SM
MD
LG