Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Sahibkardan xəbərsiz onun adına gömrükdən yük necə keçirilib?


Arxiv foto
Arxiv foto
Sahibkar Barat Həsənov özünün xəbəri olmadan adına İrandan bir maşın qaz sobası gətirildiyini bildirir. Dediyinə görə, 2009-cu ilin noyabrında baş verən məsələdən bir il sonra xəbər tutub. Elə o vaxtdan araşdırır ki, xəbəri olmadan adına sənədləşdirilən mal gömrükdən necə keçirilib. Bütün sənədləri əldə edəndən sonra ölkə prezidentindən tutmuş Korrupsiyaya qarşı Mübarizə İdarəsinə qədər xeyli ünvanlara müraciət edib. İndiyə qədər heç bir rəsmi qurumdan məsələyə aydınlıq gətirilməyib. Hara müraciət edibsə, onu Dövlət Gömrük Komitəsinə göndəriblər.

«BƏLKƏ HEROİN GƏTİRİBLƏR?»

Həmin ərəfələrdə İrandan bütün sənədləri qaydasında olmaqla iki maşın qaz sobası gətirən sahibkar daha sonra bu işi dayandırdığını deyir. Amma sonradan ona məlum olub ki, Bakı Baş Gömrük İdarəsi onun xəbəri olmadan, saxta sənədlər əsasında qaz sobalarının ölkəyə buraxılmasına razılıq verib.

Sahibkar məsələni araşdırmaq üçün əvvəlcə Bakı Baş Gömrük İdarəsinin maliyyə şöbəsində olub. Müraciəti nəticəsiz qaldığından elə həmin idarəyə yaxın binada yerləşən Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinə üz tutub:

«Getdim ora, içəridə olan polis harasa zəng elədi və mənə dedilər ki, «məsələ bizlik deyil, get Gömrük Komitəsinə». Getdim Komitəyə, ordan da dedilər «get Bakı Baş Gömrük İdarəsinə». Üç gün Bakıda qaldım, məni qəbul edən olmadı. Bu, cinayətdir, vətəndaşın xəbəri olmadan, iştirakı olmadan onun adına xaricdən bir maşın mal gətirilib. Kim ixtiyar verir ki, mənim xəbərim olmadan İrandan mənim adıma gömrükdən yük keçirilir? Bəlkə heroin gətiriblər, bəlkə o maşının yükü partlayıcı maddə olub. Bir şey olanda məni cinayətə cəlb edəcəklər axı».

PREZİDENTİN MÜRACİƏTİNDƏN SONRA YARANAN ÜMİD

Bu ilin əvvəlində ölkə miqyasında korrupsiyaya qarşı mübarizə ilə bağlı prezidentin vətəndaşlara müraciətindən sonra Barat Həsənov yenidən məsələnin araşdırılacağı ümidi ilə prezidentə müraciət edib. Sonradan sahibkara məlum olub ki, Prezident Administrasiyasının hüquq şöbəsinə çatan məktubların hamısı baxılmaq üçün Gömrük Komitəsinə göndərilib. Sahibkar buna etiraz edir. Deyir bu da bir növbəti qanun pozuntusudur:

«Bunların ixtiyarı yoxdur mənim gömrükdən şikayətimi gömrüyə göndərsinlər. Bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməlidirlər. Gömrük Komitəsi axı özü öz eybini açan deyil. Qalmışam avara, nə qədər yazmalıyam axı mən? Heç bir əhəmiyyəti, xeyri yoxdur. Ötür-ötür oyunu oynayırlar».

Arayış:
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 7-ci bəndinə görə, Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

QANUN QADAĞAN ETSƏ DƏ…

Qanun qadağan etsə də Prezident Administrasiyasının Hüquq Şöbəsi Astaradan olan sahibkarın müraciətini araşdırılmaq üçün onun şikayətçi olduğu quruma- Gömrük Komitəsinə göndərib.

Şöbə əməkdaşı AzadlıqRadiosuna müsahibəsində Astara rayonundan onlara gələn müraciətə böyük ehtimalla Gömrük Komitəsindən cavab verildiyini deyir. Amma şöbə əməkdaşı hesab edir ki, əgər sahibkar yenə də şikayətçidirsə, o, qəbul günləri bir daha Hüquq Şöbəsinə müraciət edə bilər.

Gömrük Komitəsinin Daxili Nəzarət İdarəsindən isə AzadlıqRadiosuna bildirdilər ki, həmin sahibkar əldə etdiyi sənədlərlə Komitəyə müraciət etsin və yalnız bundan sonra nə isə deyə bilərlər:

Bakı Baş Gömrük İdarəsi
«Belə biz bir şey deyə bilmərik, gətirsin sənədləri, araşdıraq, ona cavab verək».

BAKI BAŞ GÖMRÜK İDARƏSİ MƏSƏLƏDƏN XƏBƏRSİZDİR?


Bakı Baş Gömrük İdarəsində də bu məsələdən xəbərsiz olduqlarını və yalnız araşdırmalardan sonra nə isə deyə biləcəklərini söylədilər. İdarə rəisinin köməkçisi Elnur Kərimov:

«Bizim məlumatımız yoxdur, mən məsələni idarə rəhbərinə məruzə edim, sonra sizinlə əlaqə saxlayaram».

Baş Prokurorluqda isə hesab edirlər ki, sahibkar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yazılı müraciət edəndən sonra ona rəsmi şəkildə cavab verilə bilər.

İqtisadçı Hafiz Babalı hesab edir ki, Gömrük Komitəsi öz imicini qorumaq baxımından gec də olsa bu məsələyə aydınlıq gətirməlidir. Hafiz Babalı düşünür ki, bu kimi hallar az da olsa Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı iqtisadçıların üzə çıxardığı statistik uyğunsuzluğa da təsir edən amillərdən sayıla bilər.

İqtisadçıya görə, sahibkar özünün xəbəri olmadan Gömrükdən onun adına İrandan yük keçirilməsini təsdiq edən sənədə malikdirsə və buna aidiyyatı qurumlar baxmırsa o, məhkəməyə müraciət etsə, daha yaxşı olar. Hafiz Babalıya görə, bununla sahibkar həm də özünü sığortalamış olar.
XS
SM
MD
LG