Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:28

Fahişələrə verilmiş ömrün sonlarında eşq xülyası


Kitab bloqu


Nuranə Əliyeva



FAHİŞƏLƏRƏ VERİLMİŞ ÖMRÜN SONLARINDA EŞQ XÜLYASI

Bu ömrün sahibi, Nobel mükafatlı böyük yazıçı Gabriel Garcia Márquez’in həcmcə kiçik “Kədərli fahişələrimlə bağlı xatirələrim” romanının həyatının ən son anlarında 90 il boyunca ona yad olmuş hissləri yaşadığını sanan və bütün romanı nəql edən qəhrəmanıdır.

İspanca orijinalı 2004-cü ildə çapdan çıxmış, bundan öncə isə əlyazmalarının “oğurluqla” yayılması səbəbindən yazıçının sonluğu dəyişdirmək məcburiyyətində qaldığı sözü gedən güclü əsər müəllifinin nəşr edilmiş son romanıdır və hələ ki, Azərbaycan dilinə tərcümə olunmamışdır.

Güclü əsər! Çünki, gözəl və yazıçıya xarakterik şirin oxunaqlı dildə yazılmış roman, məhz məlum mövzuya – yaşlı bir kişinin çox gənc bir qıza aşıq olub özünü gənc və xoşbəxt hiss etməsi – müraciət etdiyindən, bir qrup oxucuya ilk baxışda, ilkin oxuma prosesində adi görünə, 90 yaşlı kişiylə yetkinlik yaşına çatmamış bir yeniyetmə qızın bir yataqda olmasından doğan xoş olmayan hisslər, qıcıq, bütün həyatını qeyri-sağlam yaşamış kişiylə bağlı təəssüf, mərhəmət hissləri yarada bilər, digər bir qrupun isə məhz bu səbəbdən diqqətini cəlb edə bilər.

Lakin, roman gərəkli nüansları görə bilmək üçün diqqətlə oxunmalı, bitiriləndən sonra müəyyən yerlərinə bir daha baxılan, son səhifənin oxunub başa çatmasıyla oxucu üçün bitən romanlardan deyil, haqqında danışılacaq, oxuma prosesində verdiyi zövqdən çox bitəndən sonra buraxdığı təəssüratla böyük olan zəngin yaradıcılıq nümunələrindəndir.

“Kədərli fahişələrimlə bağlı xatirələrim”i, əsla, seks və ya əsl eşqdən bəhs edən roman adlandırmaq olmaz.


“Kədərli fahişələrimlə bağlı xatirələrim” böyük Gabriel Garcia Márquez’in roman yaradıcılığına layiqli yekundur.
Əsər yerli qəzetlərin birində həftəlik köşə yazıları dərc olunan, vaxtilə ispan və latın dilləri üzrə müəllim olaraq dərslər vermiş, 90 yaşında subay bir jurnalistin öz doğum günündə özünə gənc və bakirə bir qızla çılğın, şəhvət dolu, köşə yazılarının müqabilində qəzetin ona ödədiyi bir aylıq əməkhaqqını xərcləmək sayəsində başa gələcək bir gecə hədiyyə etmək fikrinə düşməsilə başlayır.

Əllidən sonra sayını itirsə də, təkcə iyirmi yaşlarından əlli yaşınadək əksəriyyəti peşəkar fahişə, cazibələri deyil, qiymətləri əsasında seçdiyi, “özlərini göründüklərindən yaxşı zənn edə bilmək üçün əksər hallarda yarıçılpaq vəziyyətdə və həmişə qaranlıqda sevgisiz sevişmiş” olduğu, beş yüz on dörd qadınla olmuş, sürdüyü bu həyatla bağlı hətta bir zaman “Kədərli fahişələrimlə bağlı xatirələrim” adlı bir kitab yazmaq fikrinə düşmüş kişi illərlə getmiş olduğu çox tanınmış bir bordelin sahibəsi Rosa Cabarcas’a dərhal telefon açaraq qəfil yaranmış istəyini gerçəkləşdirmək üçün gənc bir bakirə istəyir.

Bu, reallaşır.

90 yaşlı ortabab jurnalistlə yoxsul və qayğılarını çəkməli olduğu ailədən olan, düymə tikmək üzrə ixtisaslaşmış fabrikdə uzun iş saatları ilə ağır çalışmağa məcbur 14 yaşlı bakirə qızın münasibətlərilə bağlı romanda real olan onların birgə keçirdikləri gecələrdə qızın yatması, kişininsə yuxuda olan gənc və lüt vücudu heyranlıqla seyr etməsi, onu bəzən öpüşlərilə oxşaması, onun yanında ola bilmək, yatmış gözələ ara-sıra kitab oxumaq, hədiyyələr gətirməklə özünü xoşbəxt və aşiq hiss etməsidir. Gerçəkdə isə onlar, nə söhbətləşirlər, nə də gün işığında, üzbəüz, normal geyimdə görüşürlər.

Gabriel Garcia Marquez

Bu, romanda oxucunun gördüyüdür. 90 yaşlı qəhrəmanın gördüyüsə, tam fərqli şeylərdir.

“… sanki özünün deyil, içindəki yad birinin səsiydi. Və o an ruhumda olan cüzi şübhə belə yox oldu: Onu yatmış görmək istəyirdim.”

Bəli, qızı tanımasıyla illüziyalar başlayır, qəhrəmanın öz gördükləri, öz xəyallar aləmi var və o, bunun pozulmasını istəmir.

Özü də etiraf edir ki, qızı real həyatdakından çox, öz beynində tanıyır:

“O andan etibarən ağlımda elə dəqiq bir təsviri vardı ki, onunla istədiyimi edə bilirdim.”

Qızın görmədiyi gözlərinin rəngini belə öz əhvalına uyğun cürbəcür rənglərdə gözləri önünə gətirir, qızı xəyalən istədiyi kimi geyindirir.

O, öz təsəvvüründə aşiqdir, öz beynində, öz xəyallar dünyasında gerçəkdə mövcud olmayanları görür, adını belə bilmədiyi, ispan xalq mahnısından olan qəhrəmanın adıyla Delgadina adlandırdığı qızı xəyalən öz yanında, öz yatağında, evində görür.

Və əslində bu qədər xülyanı bəzən özü də sezir.

Yatmış azyaşlının bədənini öpüşlərə qərq edə-edə bir anlıq qızın üzünü belə görmədiyini və güman ki, bir gün küçədə normal geyimdə görərsə, tanıya bilməyəcəyini ağlından keçirir.

“Kədərli fahişələrimlə bağlı xatirələrim” arabir xoş və incə yumorla zənginləşdirilib: “İnsanın eşqdən ölməsinin gözəl səslənən, ədəbi bir mübaliğə olduğunu düşünmüşdüm hər zaman.

O axşam, pişiyim və o olmadan evə döndüyüm an, sadəcə insanın ölməsinin mümkün olmasını deyil, həm də mənim bu ahıl və kimsəsiz vəziyyətimdə eşqdən ölməkdə olduğumu anladım.” Qızı tanıdığı andan qəhrəman gecələr vaxtaşırı onunla bir otaqda olur, onu seyr edir, eyni zamanda həyatının hər bir anı qız xəyalən onunladır.

“Kədərli fahişələrimlə bağlı xatirələrim” romanı Kolumbiyada satışa çıxarılıb. 20 oktyabr 2004

“Təpəmdən elə bir tüstü çıxdı ki, ‘fahişə’ deyə bağırdım.” Bu yerdə sezilən incə istehza oxucuya zövq verir.

Bütün romanı nəql edən və bircə dəfə olsun adı çəkilməyən qəhrəman, bordel fəaliyyətinə fasilə verdiyindən, qızla əlaqəsi kəsilir və bir müddət axtarış və şirin iztirablardan sonrakı ilk gecədə qızı olğunlaşmış, qadın kimi, üstündə çoxlu daş-qaşla, bəzənmiş bir vəziyyətdə görür, başqa kişilərlə görüşmüş olduğunu düşünür, özünü idarə edə bilməyəcək dərəcədə hiddətlənir, otağı alt-üst edib, qızı ’fahişə’ adlandırır.

Bordeldən gənc, o zaman hələ bakirə, ilk özüylə başlayacaq, lakin, vücudunu pula satacaq bir fahişə sifariş verən, amma, indi buna təəccüblənən qəhrəmanın özü deyildimi? Delgadina fahişə olmasaydı, onunla qarşılaşacaqdımı?

Delgadina, bütün ömrü boyunca qadınlarla yalnız pul ödəmək şərtilə birlikdə olmuş, dostu, sevgilisi olmamış, gənckən valideynlərini itirmiş, onların evində otuz iki yaşından sonra yalnız yaşamış, elə öz yatağında bir gün yalnız ölməyi diləyən, bircə dəfə nişanlı olub ailə həyatı qurmağa cəhd göstərmiş, lakin, “düzəlməyəcək bir səhv olacağını” düşünüb bir gecə gözünə yuxu getmədikdən sonra son anda evlənməkdən vaz keçən, özünü çirkin, utancaq sayan, həyatın ona verdiyindən “daha çox şey qoparmaq üçün heç nə etməmiş”, iş və şəxsi həyatını xüsusi rəngarəng və uğurlu, çalışqan olsa da, özünü istedadlı saymayan, gələcəkdən heç bir gözləntisi olmayan və ölümünün yaxınlaşdığını hiss edən kişiyə yeni stimul verir, onun özünü xoşbəxt hiss etməsinə, daha enerjili olmasına, daha şövqlə işləməsinə, köşə yazılarını eşqnamələrə çevirməsinə və varlığıyla paklığı və itirilmiş gəncliyini yenidən tapdığı məhz bu gözəllə 100 yaşına çatacağına ümidlənməsinə səbəb olur.

“Kədərli fahişələrimlə bağlı xatirələrim”də əsərin əsas kişi qəhrəmanından savayı az sayda, lakin, bordel sahibəsi Rosa Cabarcas, aşiqə gerçəkdən çox, xəyalən tanış, simvolik Delgadina adlı azyaşlı qız, jurnalist qəhrəmanın qısa müddətlik nişanlısı olmuş cəlbedici Ximena Ortiz kimi romanın özü qədər unudulmaz personaj var.
‎Yazının əvvəlində əsəri güclü adlandırmışam.

Oxucu bəzən sarkazm, absurdluq, reallıq, şübhə, güman, xülya arasında çaş-baş qalır, hansı anda hansının olmasından əmin olmaqçün, sadəlövh oxucuya yanlış mesajı verə bilən əsəri bir daha vərəqləyir.

“Kədərli fahişələrimlə bağlı xatirələrim” böyük Gabriel Garcia Márquez’in roman yaradıcılığına layiqli yekundur.
XS
SM
MD
LG