Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:52

2 aprel aksiyaçılarının məhkəməsində qarşıdurma yaranıb (VİDEO)


Məhkəmə qarşısında etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid

2 aprel mitinqində həbs edilmiş müxalifətçilərin məhkəməsi qarşısında "Azadlıq" şüarları səsləndirildi. İttiham aktına görə, 6 müxalifət fəalı asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib.


«Məni polis bölməyə çağırıb, deyib ki, ifadə yazım. Mən də gördüklərimi yazmışam». Bunu avqustun 5-də Səbail rayon Məhkəməsində Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar Eyvazov və Elşən Həsənovun işi üzrə məhkəmə iclasında şahid kimi dindirilən qəzet satıcısı Rəfael Məhərrəmov deyib. Vəkillərin tələbi ilə Rəfael Məhərrəmovun istintaqa verdiyi ifadə oxunandan sonra bu ifadə ilə onun məhkəməyə dedikləri arasında ziddiyyətlərin olduğu üzə çıxıb. Şahid ziddiyyətlərin nəylə əlaqəli olduğunu izah edə bilməyib:

Vəkil Yalçın İmanov: "Bəlkə kimsə sizə necə yazmaqla bağlı göstəriş, məsləhət verib?"

Rəfael Məhərrəmov bu cür sualların qarşısında yalnız susub.

«HADİSƏ APRELİN 2-Sİ 1911-Cİ İLDƏ BAŞ VERİB»

Məhkəmədə şahid kimi dindirilən aksiya günü həmin ərazidə limon satan Malik Məmmədov və gül satan Famil Səfərov da bildiriblər ki, onları ifadə vermək üçün polis bölməsinə polislər aparıblar. Onların da istintaqa verdikləri ifadələr oxunduqdan sonra həmin ifadələri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlərin olduğu üzə çıxıb. Vəkillər vəsatət qaldırıblar ki, bu şəxslər yalan ifadə verdiklərinə görə məsuliyyətə cəlb olunsunlar.

Hakim Elnur Həsənov vəsatəti açıq saxladığını, məsələyə sübutları qiymətləndirmə mərhələsində qayıdacağını deyib.

«Hadisə aprelin 2-si 1911-ci ildə baş verib». Məhkəmə iclasında şahid kimi dindirilən polislərdən ikisi ifadəsinə bu cümlə ilə başlayıblar. Onların bu səhvi zalda gülüşmə doğurub.

«AVTOBUS 50 SANİYƏ DƏ TIXACDA QALSAYDI... »

«İçərisində aksiyaçılar olan avtobus 50 saniyə də artıq tıxacda qalsaydı, çöldəki aksiyaçılar içəri girib Allah bilir bizə nə edərdilər». Bunu da şahid kimi dindirilən çevik polis alayının serjantı Nəsimi Əliyev deyib. O, aksiyaçıların «İstefa, Azadlıq» şüarları qışqırmasını aqressivlik kimi qiymətləndirib. Daha sonra məhkəmədə dedikləri ilə istintaqa verdiyi ifadələr arasında ziddiyyətin üzə çıxdığını görən Nəsimi Əliyein məsələyə münasibəti belə olub:

«Hadisə 4 ay əvvəl olub. Vəkillər də çaşdırıcı suallar verirlər. Cavan oğlanam, düşmüsüz üstümə»

İttiham olunan Sahib Kərimov: «Siz 5-6 suala görə kondinsionerli otaqda tər tökürsüz. Biz isə həm də sizin ifadənizə görə 4 aydır ki, 50 dərəcə istisi olan kamerada qalırıq».

«ÇIXARIN MƏNİ ZALDAN»

Hakim Sahib Kərimovun yerindən şahidlərin ifadəsinə müdaxilə etdiyini irad tutub, Sahib Kərimovsa cavabında «çıxarın məni zaldan» deyib.

İfadə verən həm polislər, həm də digər vətəndaşlar təqsirləndirilən şəxslərin avtobusun şüşəsini sındırdıqlarını görmədiklərini bildiriblər. Onu da əlavə ediblər ki, aksiya iştirakçıları tərəfindən onlara hər hansı xəsarət dəyməyib. Vəkillər bir neçə polis əməkdaşının da məhkəmədə dedikləri ilə istintaqa verdikləri ifadələrin ziddiyyət yaratdığını bildirərək onların məsuliyyətə cəlb olunmalarına dair vəsatət qaldırıblar.

Vəkillər ittiham tərəfinin şahid kimi təqdim etdiyi «Transqeyt» MMC-nin nümayəndələrindən birinə - aksiyanın şahidi olmamış dəstə rəisinin şahid kimi dindirilməsinə etiraz ediblər. Hakim onların bu etirazını qəbul edib.

PROSESDƏ QALMAQAL

Prosesdə 14-15 yaşlarında bir oğlanın telefonla çəkiliş aparması üstündə qalmaqal da yaranıb. Həmin oğlanın prosesdən çıxarıldıqdan sonra nəzarətçilərin otağında saxlanılması zaldakıların etirazı ilə qarşılanıb.

Ayağa qalxıb məhkəmənin saxta olduğunu deyən bir qadının zaldan çıxarılması etirazları daha da artırıb.

Bu prosesdə Müsavat partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də iştirak ediblər. Müsavat başqanı İsa Qəmbər bizə bildirdi ki, əslində məhkəmədə bu işin tamamilə qondarma olduğu aydınlaşır. O bu işdə polislərin şahidlik etməsini biabırçılıq adlandırıb deyir ki, polislər ibtidai istintaqa verdikləri ifadəni müstəntiqlərin diktəsi ilə yazdıqları üçün indi onu xatırlamırlar. Ona görə də o vaxt yazdıqları ilə indi dedikləri arasında ziddiyyət var. Bu da ifadələrini məhkəmədə iflasa uğradır:

«Gürcüstan qanunvericiliyinə görə hər hansı bir şahidin istintaq zamanı verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət yaranırsa, məhkəmədəki ifadə əsas götürülür. Nəzərə alınır ki, məhkəmədən fərqli olaraq istintaqa ifadə ictimaiyyət qarşısında, sərbəst şəkildə verilmir, müstəntiqlər tərəfindən işgəncə, təziyiq ola bilir».

Əli Kərimli də bildirir ki, heç bir şahid təstiq etmir ki, bu gün mühakimə olunan şəxslər haradasa qanunsuz iş gördüklərini heç bir şahid təsdiq etmir:

«Bu cinayət işi əvvəlcədən quraşdırılmışdı, saxta idi. Və bu məhkəmə prosesi tam aydın şəkildə sübut edir ki, bu iş mitinq iştirakçılarını həbs etmək üçün quraşdırılıb. Qisas məqsədi daşıyır. İttiham göz qabağında tamamilə ifşa olunur. Əslində bizim müqəssir elon olunmuş dostlarımız məhkəmədə ittihamçı kimi çıxış edirlər».

MƏHKƏMƏ İCLASINDAN SONRA

Sözügedən məhkəmədə müttəhim kürsüsündə əyləşən 6 nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

Hakim ittihamları haqlı bilsə, müxalifət fəalları üç ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

İttiham aktına görə, bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

Həmin aksiyaya görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Ancaq müdafiə tərəfi bu ittihamları böhtan və siyasi sifariş hesab edir. Növbəti məhkəmə iclası avqustun 10-dadır.

Avqustun 5-i məhkəmə prosesi başa çatandan sonra məhkəmə binası qarşısına toplaşan ittiham olunanların yaxınları, müsavat və AXCP-dən olan fəallar «Azadlıq», «İstefa» şüarları səsləndiriblər. Onlar məhkəmə binası qarşısındakı yolu kəsməyə cəhd etsələr də, polis bunun qarşısını alıb.
XS
SM
MD
LG