Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:39

Azərbaycanda Hepatitə yoluxanlar


Arxiv foto
Arxiv foto
Dializ xəstəsi olan azyaşlı Məhəmməd Mehdizadənin bir dərdi də Hepatit B daşıyıcısı olmasıdır. Onun himayədarı Rasət Pirisoy deyir ki, uşağın bu virusa dializlə bağlı müalicə olunduğu mərkəzlərin birində tutulduğuna əmindir:

- Biri özəl, ikisi dövlət xəstəxanası olub. Bir az dərinə getsək, uşağın virusa yoluxmasına günahkar Səhiyyə Nazirliyidir.

Rasət Pirisoy deyir, Məhəmməd dializ (böyrək çatışmazlığı-müəl.) problemini yaşadığından həkimlər onun müalicəsi üçün nisbətən yüngül dərmanlar yazırlar, amma elə bu dərman preparatı da ailə büdcəsinə ciddi təsir göstərib:

- Dərmanların bahalısı da var, ucuzu da. Dedilər ki, 400 manata da olan dərman var, amma bunu yazmadılar ki, uşağın böyrək problemi var.

«HEPATİTLƏ MÜBARİZƏ BAHALI PROSESDİR»

Səhiyyə Nazirliyi Məhəmməd Mehdizadənin tibb müəssisələrinin birində virusa yoluxduğunu təkzib edir. Amma Hepatit B, C virusunun müalicəsinin bahalı olduğunu onlar da təsdiqləyir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, bu virusla mübarizə dünyada bahalı proses sayılır. Hepatitin müalicəsi üçün lazım olan dərmanlar isə pulsuz dərman siyahısına düşməyib. Anar Qədirli deyir ki, 6 yaşına qədər uşaqlar üçün Hepatit B-yə görə icbari peyvənd aparılır, amma böyüklər üçün bu, könüllüdür. Müsahibimiz deyir, Bakı şəhərində yerləşən 20 saylı poliklinikada böyüklərə də pulsuz peyvənd vurulur.

«VİRUSA ƏSASƏN TİBB MÜƏSSİSƏLƏRİNDƏ YOLUXURLAR»

Tibb Universitetinin infeksion xəstəliklər kafedrasının dosenti Zərqələm Ömərova deyir ki, insan həyatı üçün təhlükəli sayılan Hepatit B, C virusları ilk mərhələdə özünü göstərmir, inkişaf gizli gedir. Amma fəsadlaşanda qaraciyəri sıradan çıxarır. Bir çox hallarda xəstələr bu virusdan təsadüfi halda xəbər tuturlar. Zərqələm Ömərovanın sözlərinə görə, bu virus cinsi yolla və qanla keçir, onun fikrincə, virusa tutulanların əksəriyyəti tibb müəssisələrinə müraciət edənlər olur:

Anar Qədirli
- Bu xəstələrin 70 faizə yaxını əməliyyatlar zamanı, manipulyasiya vaxtı virusa yoluxur.

Amma Zərqələm Ömərova əsasən özəl tibb müəssisələrini virusun məkanı sayır. Onun sözlərinə görə, Azərbaycanda Hepatit B, C viruslarına tutulan xəstələrin sayı sürətlə yayılır:

- Belə deyək, epidemik bir vəziyyət var. Düzdür, hələ ki epidemiologiya səviyyəsinə çatmayıb.

«EPİDEMİOLOJİ VƏZİYYƏT YOXDUR»

Səhiyyə Nazirliyinin sözçüsü Anar Qədirli isə bu deyilənlərlə razılaşmır, o bildirir ki, 2010-cu ildə Hepatit B virusuna yoluxan 370, Hepatit C virusuna yoluxan 212 nəfər qeydə alınıb və onun fikrincə, bunu epidemiyaya yaxın vəziyyət belə saymaq olmaz:

Arxiv foto
- Təxminən 6 ildir ki, Səhiyyə Nazirliyi bu məsələdə nəzarətini artırıb və sanitar-gigiyenik tələbləri sərtləşdirib. 400-ə qədər tibb müəssisəni yenidən təmir etmişik, ya tikmişik, tibbi təchizatı yenilənib. Amma ölkədə 2 minə yaxın tibb müəssisəsi var, hamısını təmir eləyə bilməsək də, onların tibbi təchizatını yaxşılaşdırmışıq.

Anar Qədirli onu da əlavə edir ki, insanlar özləri stomatoloji kabinetlərdən və ya gözəllik salonlarından istifadə edərkən, alətlərin sterilizəsini tələb eləməlidirlər.

HEPATİT B, C VİRUSLARINI NECƏ TANIMALI?

Bu suala mütəxəssis Zərqələm Ömərova belə cavab verdi ki, özündə daimi yorğunluq, halsızlıq, yuxululuq hiss eləyən adam bu viruslara qarşı qan analizləri verməlidir. Tibb Universitetinin dosenti deyir ki, əgər virus vaxtında aşkar olunarsa, onunla mübarizə aparmaq imkanları da genişlənər.

Azyaşlı Məhəmmədin himayədarı Rasət Pirisoy da deyir, həkimlər müalicə nəticəsində azacıq uğura nail olublar, amma müalicə hələ uzun müddət davam etməlidir. Rasət Pirisoy hesab edir ki, hökumət vətəndaşı bu xəstəliklə mübarizədə tək qoymamalı, onun tibbi xərclərinə yardımçı olmalıdır.
XS
SM
MD
LG