Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

Kənddən qovulduğunu deyən Nehrəm sakini Bakıda (VİDEO)


Nehrəmli Rzaqulu Həsənovu Naxçıvandan deportasiya ediblər
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

«DÜNYANIN HEÇ BİR YERİNDƏ BELƏ YAŞAYIŞ YOXDUR»

«Yonca əkməyə icazə verilmir. Yoncanı ancaq bəzi adamlar əkə bilər. Əkinə getməsin deyə, camaatın motosikletlərini, maşınlarını əllərindən alıb, doğrayırlar. Nehrəmdə bu dəqiqə yaşamaq çox çətindir. Nehrəmdə gülən üz yoxdu.»

Bunları deyən Rzaqulu Həsənov Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. İndi Bakıdadır. Bildirir ki, mayın 31-də onu Naxçıvandan məcburi çıxarıblar, başqa sözlə deportasiya ediblər.

Həmin gün kənd sakinləri işsizlik və sosial problemlərinin həlli tələbi ilə bağlı etiraz aksiyası keçirməyi planlayırmış. Rzaqulu Həsənov həm də kəndin problemlərinin həlli olunması tələbi ilə bağlı bu günlərdə yaradılmış Müqavimət Hərəkatının Təşkilat Komitəsinin sədridir. Dediyinə görə, aksiyada iştirak edə bilməsin deyə onu aldadaraq Naxçıvandan uzaqlaşdırıblar, hətta geri dönməsin deyə hədə-qorxu da gəliblər:

-Mənə dedilər ki, qaldığım evə polis girib, gəldim ora. Gördüm ki, mülki formada heç tanımadığım adamlardır. Məni gətirib Culfa gömrüyündən keçirdilər. Qayıdacağım təqdirdə insanlara əziyyət verəcəklərini dedilər. Mən də qarşıma məqsəd qoydum ki, Bakıya gəlim, prezidentə, Amerika, Avropa səfirliklərinə müraciət edim. Mənə 2 nəfər ayırsınlar, biri xarici vətəndaş olsun. Getsin, yerində görsünlər ki, biz necə yaşayırıq. Dünyanın heç bir yerində elə yaşayış yoxdur.

NARINCI OT DA İSTƏDİYİ YERDƏ BİTMİR
Naxçıvanda sökülən motosiklet hissələri

Rzaqulu Həsənov deyir ki, Nehrəmdə xarici vətəndaşlara da göstərmək istədiyi problemləri saymaqla bitmir. Onun sözlərinə görə kənddə hətta rəngi narıncı olan ot da istədiyi yerdə bitə bilmir. Camaat isə sudan tutmuş stadionadək – hər addımda korluq çəkirlər:

- Stadionu söküblər, parkımızı söküblər, kənd sakinlərinə məxsus dükanları söküblər. Kənddə su problemi var. Yonca əkməyə icazə verilmir. Yoncanı ancaq bəzi adamlar əkə bilər. Əkinə getməsin deyə, camaatın motosikletlərini, maşınlarını əllərindən alıb, doğrayırlar. Bir şeyə də məəttəl qalmışam. «Eşşəkturpu» deyilən bir ot var. Kimin əkinində bu otdan cücərirsə biçirlər. Narıncı inqilabın rəmzinə oxşayır deyə.

Rzaqulu Həsənov deyir ki, nə Nehrəmin problemlərindən, nə də özünün deportasiya olunmasından hələ ki, heç kəsə rəsmi şikayət etməyib. Öz dili ilə desək, buna lüzum da görmür, deyir Naxçıvanda şikayətə məhəl qoyan da yoxdur. İndi məqsədi mətbuat vasitəsilə prezidentə və beynəlxalq təşkilatlara, səfirliklərə müraciət etməkdir. Deyir ki, nəyin bahasına başa gəlsə də o yenidən Nehrəmə qayıdacaq və problemlərin həllinə çalışacaq.

«POLİS BELƏ ADAM TANIMIR»

Babək Rayon İcra Hakimiyyəti və Naxçıvanın Bakıdakı nümayəndəliyi isə bütün bu deyilənlərlə razılaşmırlar. Bildirilir ki, Nehrəmdə nə problem var, nə də problemdən əziyyət çəkən. Rzaqulu Həsənovun deportasiyasına gəlincə, Babək rayon polis idarəsindən bildirirlər ki, onu orada heç kim tanımır, polis də belə bir adam tanımır.

Rzaqulu Həsənovun şəxsiyyət vəsiqəsi
Nehrəm Müqavimət Hərəkatının Təşkilat Komitəsinin digər üzvü Yasin Hüseynov iyunun 1-də AzadlıqRadiosuna demişdi ki, Rzaqulu Həsənovun kənddən çıxarılmasından əlavə, komitənin daha bir üzvü polisə çağırılıb, incidilib.

Nehrəm sakinləri mayın 31-də etiraz aksiyası keçiriblər, işsizlik və digər sosial problemlərin həllini tələb ediblər. Aksiya iştirakçılarının dediyinə görə, onlar tələblərini səsləndirə biliblər, polis təzyiqi ilə üzləşməyiblər.

Amma Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, Nehrəmdə həmin gün heç bir aksiya olmayıb.

“NEHRƏMDƏ YOLLARA ASFALT ÇƏKILIB, ARTIQ NƏ ISTƏYIK”

Naxçıvanın Nehrəm kəndindən zəng etdiyini və adının Hüseyn Sadıqov olduğunu deyən başqa bir sakin isə həmkəndlisinin dediklərinə etiraz edir.

Onun deməsinə görə Nehrəmdən qovulduğunu iddia edən Rzaqulu Həsənov əslində 5 ildən çoxdur kənddən çıxıb və onun Nehrəmə heç bir aidiyyatı yoxdur.

Hüseyn Sadıqov deyir ki, Rzaqulu Həsənov AzadlıqRadiosunda Nehrəmdə olmayan problemlərdən danışıb:

“Nehrəm kəndində 8 iaşə obyekti tikilib, kənddə qəssabxanadan tutmuş doğum evi, məktəbə qədər hər şey var.

Rzaqulu Həsənov deyir əkin sahəsini suvarmağa su verilmir. Mən şəxsən 4 hektar torpaq əkmişəm artıq ikinci suvarmanı aparmışam. Bundan artıq mənə nə lazımdır ki? İstəyirsiz o suyu da mənə verməsinlər, problem yaransın? Biz bunu istəmirik. Valllah-billah suyumuzu verirlər sahələrimizi suvarırıq, Nehrəmdə yollara asfalt çəkilib. Bundan artıq biz nə istəyik”.

Sosial problemlərə gəlincə, Hüseyn Sadıqov 15 min əhalisi olan bir kənddə xırda sosial problemləri mümkün hesab edir:

“Biz müraciət edirik, baxırlar vəziyyətə və problem dərhal da həll edilir. Axı Nehrəmdə heç bir problem yoxdur”.
XS
SM
MD
LG