Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:59

Markes belə demişdir...


Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin müxtəlif dövrlərdə dedikləri, yazdıqları...


- Mən hər zaman serial mətni yazmaq istəmişəm. Gördüyü işlərə görə sevilmək istəyən biri kimi mənim üçün roman yazmaqdansa serial mətni yazmaq daha effektlidir.

- Biz dilin qəlibləşməsi ilə mübarizə aparmalıyıq. “Xalq”, “Demokratiya” kimi sözlər artıq öz qüvvəsini itirib. Seçki təşkil edən hər kəs, özünü demokrat sayır.

- Mən nağıl yazmağa da çalışmışam. Amma alınmayıb. Hətta yazdıqlarımdan birini oğullarım kiçik yaşda olanda onlara oxutdurmuşam. Nağılı oxuyub qurtardıqdan sonra isə onlar mənə dedilər: “Ata məgər sən elə hesab edirsən ki, uşaqlar axmaqdırlar”?

- Xoş olmayan sürprizlərlə qarşılaşmamağa çalışıram. Ekskalatora yox pilləkənlərə, təyyarədən başqa isə hər şeyə üstünlük verirəm.

- ABŞ Cənubi Amerika ölkələrinə böyük məbləğlərdə investisiyalar yatırır. Lakin bizim 1 sent belə xərcləmədən etdiklərimizi onlar hələ də edə bilməyiblər. Biz onların dilini, musiqisini, yeməklərini, sevgilərini, düşüncə tərzlərini dəyişdiririk. Biz onlara, onların bizə təsir etmək istədikləri şəkildə təsir edirik.

- SPİD yalnız sevginin riskini artırır. Sevgi həmişə təhlükəli olub. O özlüyündə ölümcül bir xəstəlikdir.

- Gənc ikən fahişələr mənim dostlarım olublar. Çox vaxt mən onların yanına sekslə məşğul olmaq üçün yox, tənhalıqdan qurtulmaq üçün gedirdim. Həmişə deyirəm; ailə qurdum ki, səhər yeməyimi tək yeməyim. Əlbəttə Mersedes deyir ki, mən it oğlu itəm.

- İctimai əlaqələr üzrə menecer işlədiyim vaxtlarda kinossenariləri redaktə edirdim. O zaman artıq evli idim və iki oğlum da vardı. Kitab yazmaqdan ötrü isə işimdən imtina etməli oldum. Maddi vəziyyətim buna yol vermədiyindən avtomobilimi girov qoydum və bütün pulları Mersedesə verdim. O hər gün məni iş üçün lazımi olan kağız, siqaret və s. ilə təmin edirdi. Kitabı yazıb qurtarandan sonra məlum oldu ki, bizim qəssaba 5000 peso borcumuz var. Bu böyük məbləğ idi. Mənim ciddi bir kitab yazmağım barədə artıq ətrafda şayiələr dolanırdı. Əsnaf da bu məsələ ilə maraqlanırdı. Kitabı nəşr olunması üçün əlavə 160 peso-ya ehtiyac vardı, məndə isə cəmi 80 peso pul qalmışdı. Çıxış yolu kimi Mersedesin saç qurutma maşını ilə mikserin girova qoydum. Mersedes bunu öyrənəndə demişdi: “Bircə o qalmışdı ki, roman pis çıxsın”.

- Əgər bir məsələyə qadın qarışmışsa, deməli, hər şey yaxşı olacaq. Əminəm ki, dünyanı qadınlar idarə edir.

Markesin "Mənim kədərli fahişələrim" kitabı
- Qadınların yeganə bağışlamadıqları bir şey varsa o da xəyanətdir. Əgər öncədən oyun qaydalarını tətbiq etsən, onlar necə biri olursa olsun adətən bu qaydaları qəbul edirlər. Ancaq oyun zamanı qaydaların dəyişməsinə dözə bilmirlər. Bu kimi hallarda onlar qəddar olurlar.

- Kubada mənim yerli professorlar ilə bir mübahisəm düşdü. Onların deyirdilər ki, “Yüz ilin tənhalığı qeyri adi kitabdır, lakin heç bir çözüm yolu təklif etmir”. Mənə görə bu doqmadır. Kitablarım vəziyyətləri təsvir edir, onlar heç bir çözüm yolu təklif etməməlidir.

- Mən kiçik burjua yazıçısıyam. Bu mənim səviyyəmdir, mənim görünüşümdür.

- Əgər yazıçı olmasaydım, barda pianoçu olardım. Bu yolla sevgililərə bir-birilərini daha artıq sevməyə kömək edərdim.

- Böyük fəlakətlər həmişə böyük bolluq doğurur. Onlar insanı yaşamağa vadar edir.

- Mənim vəzifəm odur ki, məni sevsinlər. Ona görə də mən yazıram. Ciddi qorxu hissi keçirirəm ki, məni sevməyən kimsə var və istəyirəm ki, o məni heç olmaya bu müsahibəmə görə sevsin.

Çevirdi Nicat M.
(Esquire jurnalı)
XS
SM
MD
LG