Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:50

«SSRİ ABŞ-a nota verdi ki, verilişləri dayandırın»


Mirzə Xəzər
«İşdən sonra» verilişinin müsahibi 1990-cı il 20 yanvar hadisələrini AzadlıqRadiosunun efirindən bütün dünyaya çatdıran Mirzə Xəzərdir.

- Azərbaycanda 20 Yanvar deyəndə, Mirzə Xəzər və AzadlıqRadiosu yada düşür. Bəs 20 Yanvar deyəndə, Sizin yadınıza nə düşür?

- Faciəli günlər yadıma düşür. Yanvar günlərində baş verənlər, xalqın o şok vəziyyətdə, o qorxu içindəki vəziyyəti, sovet tanklarının Bakıya hücumu, dişinə kimi silahlanmış əsgərlərin şəhərə girməsi, camaatın küçələrdə ağlaşması və ya qorxudan evlərə yığılıb fəryad etməsi. O telefon danışıqları mənim heç vaxt yadımdan çıxmaz.

- Telefon danışıqlarından hansı daha çox yadınızda qalıb?

- Mənim yadıma düşən o qədər var ki. Bu səslərdə ancaq qorxu, fəryad birdə qəzəb var idi. Yusif Səmədoğlu ilk zəng etdiyim adamlardan idi. Mehdi Məmmədov, Bəxtiyar Vahabzadə. Başqaları da var idi. İlk gündə baş verənlər faciəli anlar idi. Onları efirə vermək, bu verilişləri davam etdirmək əlbəttə asan iş deyildi. Amma şok, qorxu, fəryad, nalə ilə yanaşı, Sovet imperiyasına, Sovet rəhbərliyinə, Qorbaçova qəzəb, hiddət insanları birləşdirirdi. Bu da çox əlamətdar idi. Çünki bir məsələdə bütöv xalqın yekdil olması, yekfikir olması əlbəttə təqdirəlayiq idi. Amma yenə də bu, faciə idi. İnsanlar ölürdü. Xəstəxanalara düşürdü. Yaralanırdı. Yəni bu, faciəvi günlər idi.

«BİR NEÇƏ AY SONRA MƏNƏ XƏBƏRDARLIQ EDİLDİ»

- O zaman Sizin fəaliyyətinizə müəyyən təzyiqlər olub. Hətta senzura tətbiq etmək istəyi olub.

- Senzura tətbiq etmək istəyi yox, senzura tətbiq olundu. Amma təxminən iki gün sonra. 48 saat deyək. Birinci verilişdən sonra təxminən 24 saat keçməmiş SSRİ Xarici İşlər Nazirliyi Vaşinqtona rəsmi nota göndərdi ki, bu verilişləri dayandırın. Ondan sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsi bütün verilişləri hamısını hərif-hərif yoxlayıb, ruscaya tərcümə edib, Vaşinqtona, bir nüsxəsini də radionun rəhbərliyinə göndərmişdi. Bunlar bu hay-küy qalxanda, yəni beynəlxalq qalmaqal qalxanda hər kəs bunun sonrakı məsuliyyətini fikirləşməyə başladı ki, sonra biz bundan necə yaxamızı qurtaracağıq? Bunun üçün kim məsuliyyət daşıyacaq? O vaxt rəhbərlik qərara aldı ki, bu verilişlər üzərində senzura qoyulsun. Senzura deyəndə, verilişlər efirə getməzdən əvvəl hazırlanırdı, onlara verilirdi, bəzi adamlar var idi orada, qulaq asırdılar. Bəzən deyirdilər ki, buranı kəsin, bu olmaz. Amma yenə də bu olanda da, rəhbərlikdən mənə dedilər ki, narahat olma. Düşünmə biz senzura tətbiq etmişik, biz məsuliyyəti bölüşürük səninlə. Amma yenə də məsuliyyət büsbütün sənin üzərinə düşür. Bunun üçün cavabdeh sən olacaqsan. Davam etdirəcəksən, ya davam etdirməyəcəksən? Dedim əlbəttə davam etdirəcəm. Nə qədər istəsən o qədər davam etdirəcəm. Cavab vermək lazım gələndə cavab verərəm. Sonradan verilişlər tamamilə qurtarandan sonra Vaşinqtonda komissiya yaradıldı. Beynəlxalq Radio Verilişləri İdarəsinin idarə heyəti var idi. Onlar bir komissiya qurdular. İnspektor gəldi, başladı bu işi yoxlamağa.
Sovet qoşunları Bakıda, 22 yanvar 1990
Vaşinqtondan təzyiqlər başladı. Radionun içində də hamı məni barmaqla göstərirdi ki, az qalıb bunu göndərəcəklər küçəyə. Yəni buna heç kəs dözməyəcək. İnspektor gəldi, hamını dindirdi. Sonra gəldi mənim yanıma. Dedi ki, hamı üstünə atır bu məsuliyyəti. Dedim lap yaxşı. Soruşdu ki, rəhbərlikdən sənə arxa duran, kömək edən bir adam olub ki, sən bu işi gördün? Dedim ki yox. Heç kim olmayıb. Məsuliyyəti mən tək daşıyıram. Sonra sual verdi ki, təxminən iki ay keçib üstündən, bu gün belə bir hadisə olsaydı, necə hərəkət edərdin? O səhvləri nəzərə alardın yoxsa almazdın? Dedim yox, mən elə necə hərəkət etmişdimsə, elə də hərəkət edərdim. Başqa cür hərəkət etməzdim. Sonradan bu yoxlamanın nəticələri getdi Vaşinqtona. Vaşinqtondan bir neçə ay sonra qərar çıxarıldı ki, mənə xəbərdarlıq edilsin. Dedilər ki, bu dəfə səni bağışlayırıq. Birdə belə bir şey olsa, sənə cəza verəcəyik.

«RADİO VƏ MƏNİM SƏSİM DAYAQ NÖQTƏSİNƏ, ARXAYA ÇEVRİLDİ»

- O zaman sizin efirinizdə çox cəsarətli, radikal fikirlər səslənirdi. Baxmayaraq ki, Bakının az qala hər tinində əliavtomatlı əsgərlər durmuşdu. Bu cəsarət haradan qaynaqlanırdı?


- Məsələ ondadır ki, Bakıda artıq xalq arasında oyanış başlamışdı. 1988-ci il ərzində başlamışdı. Amma kütləvi şəkildə o meydan hərəkatı başlayanda, artıq xalq oyanmışdı. Burda əsas məsələ əvvəlcə torpaq məsələsi idi. Qarabağ uğrunda hərəkat idi. Sonra əlbəttə, Moskvanın ermənilərin tərəfini tutması aydın olanda, xalqda təbii şəkildə bu etiraz sovet rəhbərliyinə və SSRİ-yə qarşı yönəldi. Sonradan 89-cu ildə də bu hərəkat çox güclü davam etdi. Çünki Xalq Cəbhəsi yaradıldı. Bundan sonra meydanda müntəzəm mitinqlər başladı keçirilməyə. 89-cu ilin 31 dekabrında Araz boyunca sərhəd dirəkləri yandırılanda artıq aydın idi ki, xalq tamam ayağa qalxıb, əzmkarlıqla bu mübarizəni davam etdirəcək. Bunun da əlbəttə böyük təsiri oldu. Amma bu yanvar günlərində radio yeganə məlumat mənbəyi olmaqla yanaşı, mənə elə gəlir ki, birinci növbədə radio və mənim səsim bir dayaq nöqtəsinə və ya arxaya çevrildi. İnsanlar bu radioya qulaq asanda arxa hiss edirdi. Bu cəsarətin bir hissəsi də ondan gəlirdi ki, bizə bir şey olsa, bizi orada müdafiə edən var. AzadlıqRadiosu var. Çünki biz elə bir fəaliyyət göstərmişdik ki, həm Azərbaycan, həm də Azərbaycanın xarici bütöv bir mərkəzdə cəmləşmişdi. Yəni burda yalnız Azərbaycanın daxilində olan əhali deyil, xaricində olan əhali də büsbütün bizə qulaq asırdı, bizim verilişlərin təsiri altında idi. Bakıda, ya rayonlarda Sovet qoşunlarının yolunu kəsən o xalq ki var idi, onların həm 88-ci ildən başlanan oyanışının nəticəsi idi, həmdə bu arxanı hiss edirdi.

- Aradan illər keçib. O zamankı Azərbaycanla indiki Azərbaycan arasında fərq varmı?

- Çox böyük fərq var. O vaxt ilk müstəqillik həvəsi, insanların azadlığı dərk etməsi, Sovet mənəviyyatının zəncirini qırması, o tilsimdən xilas olması, o insanların birdən-birə çiçək kimi açıb parlaması hər bir xalqın tarixində nadir hallarda olur. Mən çox təəssüf edirəm ki, ovaxtkı şövq, cəsarət, istək, birlik, həmrəylik, yadlara nifrət, qəzəb, vətənə bağlılıq, ən ülvi hisslərə, o mənəviyyata, insan ləyaqətinə hörmət, nə ki vardı o müsbət şeylər təəssüf ki, onlardan indiki Azərbaycanda çox-çox az qalıb. Əhali büsbütün dəyişilib. Bu da xalqın, millətin inkişafında mənfi bir təzahürdür. Buna sevinmək olmaz. Bəziləri sevinir ki, belə vəziyyət yaranıb.
Bakı, yanvar 1990
Çünki belə bir kütləni idarə etmək asandır.

«O SƏSLƏRƏ QULAQ ASANDA, 2 HƏFTƏ LAZIMDIR Kİ, ÖZÜMƏ GƏLİM»

- Dəyişikliklərə səbəb nədir sizcə?

- Müxtəlif siyasi hadisələr, ümidlərin doğrulmaması, sonrakı hadisələr. Sonrakı proseslərdə xalq öz ümidlərinin puça çıxdığını yavaş-yavaş gördükdən sonra, birdəki o qorxu ab-havasının, Sovet İttifaqının ən güclü vaxtlarında olduğu kimi, yenidən bərqərar olması insanları susmağa və köhnə adətlə yaşamağa vadar etdi.

- Yəqin o vaxtlar baş verənləri eşidəndə, baş verənlərə hissiz qulaq asa bilmirdiniz?

- Şübhəsiz ki, hissiz qulaq asmaq mümkün deyildi. Bir nəfər oturub. Bütöv məsuliyyət mənim boynuma düşdüyü üçün mən telefon danışıqlarının hamısını özü aparmışam. Bir nəfər oturub. Xətt açıqdır. Ona müntəzəm olaraq zəng edirlər. Hər kəs də zəng edəndə sakit danışmır. Hər biri zəng edəndə emosiya, hirs, qəzəb, ağlaşma, nalə, fəryad. O hisləri, yüzlərlə, minlərlə o insanın hisslərini bir nəfər qaldıra bilməz. O çox ağır bir şeydir. Şübhəsiz ki, o tək bir insanın şüurunda, səhhətində və ya onun psixologiyasında dərin iz buraxır. O iz daim qalır. O iz asan sağalıb keçmir. Onun nəticəsidir ki, mən o səslərə qulaq asa bilmirəm.

- Heç qulaq asmamısınız?

- Qulaq asmışam. O səsləri montaj edəndə, 4-5 il bundan qabaq. 4-5 ildir qulaq asmıram. Qulaq asanda da mənə 2 həftə vaxt lazımdır ki, özümə gəlim.
XS
SM
MD
LG