Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:30

Milli seçim turlarında nəticələr niyə elan olunmadı?


«Eurovision-2011» Almaniyada keçiriləcək
«Eurovision-2011» Almaniyada keçiriləcək
Yanvarın 14-də «Eurovision-2011» mahnı müsabiqəsinin milli seçim turları üzrə yarımfinal başa çatdı. Səsvermənin nəticələrinə görə, İlhamə Qasımova, İlqarə İbrahimova, Nurlan Növrəsli, Aynişan Quliyeva və Arzum Xəlilova ilk beşliyə düşdülər. Bu yalnız tamaşaçıların göndərdiyi SMS səsvermənin nəticələridir. Finalçıların adları isə SMS-lər və münsiflər heyətinin ortaq nəticələri əsasında formalaşır.

İNTİZAR

Lakin İctimai Televiziya tamaşaçılara və iştirakçılara sözün əsl mənasında sürpriz edərək finalçıların adlarını açıqlamadı. Səbəb isə televiziyanın ən reytinqli proqramının izləyicilərini bir qədər də intizarda saxlamaq oldu:

«Əgər sizin həqiqətən də bu beş nəfər finalçının adlarını öyrənmək istəyiniz bu qədər güclüdürsə qarşıdakı bir neçə gün ərzində İctimai Televiziyanın efirini daha sıx, daha müntəzəm izləyin. Bu yaxın bir neçə gündə finalçıların adlarını öyrənə bilərsiniz».

Bu elanın səslənməsi tək yarışmanı izləyən zaldakı tamaşaçıların təəccübünə səbəb olmadı. Müsabiqə iştirakçıların özləri də çaşqın baxışlarla nə baş verdiyini anlamağa çalışırdılar.

«AMMA GETMƏK İSTƏMİRƏM»

Çingiz Mustafayev
«Mən hələ də başa düşə bilmirəm nə baş verir. Çünki finalçıların adlarının açıqlanmaması bizim üçün şok idi. Biz bunu heç gözləmirdik. Amma bəlkə də mənim üçün bu yaxşıdır. Çünki səsvermənin nəticələrinə görə mən getməliyəm. Amma getmək istəmirəm».

Müsabiqə iştirakçısı Çingiz Mustayev belə deyir. O, səsvermənin nəticələrinə görə, 7-ci yerdədir. Digər iştirakçı, ilk üçlüyə düşən Nurlan Növrəsli isə normal müsabiqələrdə olduğu kimi Azərbaycanda da qaydaların əvvəlcədən müəyyənləşdirilməsinin tərəfdarıdır:

«YAXŞI OLARDI Kİ, QAYDALAR ƏVVƏLCƏDƏN BİLİNSİN»

«Yaxşı olardı ki, qaydalar əvvəlcədən bilinsin. Sonradan qaydalar müəyyənləşdirilməsin. Məsələn, biz gözləyirdik ki, finalçılar məlum olar. Amma nədənsə finalçıların adları açıqlanmadı. Gözləyirik də, görək nə olur».

Mübariz Tağıyev
Xalq artisti Mübariz Tağıyev də müsabiqə şərtlərinin istənilən vaxt, istənilən şəkildə dəyişdirilməsini normal hesab etmir:

«EFİR ŞOUSU ADI İLƏ BİLMİRƏM NƏ EDİRLƏR»

«Efir şousu adı ilə bilmirəm nə edirlər. Bu həm müsabiqə iştirakçıları, həm də tamaşaçılar üçün normal deyil. Nə isə bu cür hallar mənə çatmır. Bu adi bir oyun deyil. Finalçıların adlarını açıqlamalıdırlar ki, onlar hazırlaşsınlar».

Münsiflərin və tamaşaçıların səsverməsi nəticələrinə əsasən beş ifaçı finala vəsiqə qazanacaq. Azərbaycanı «Eurovision-2011»də təmsil edəcək ifaçı isə fevralın ilk günlərində müəyyənləşəcək.
XS
SM
MD
LG