Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

«Qarabağdan sonra ikinci bəla – korrupsiya»


Cəmil Həsənli
Cəmil Həsənli
«Əgər fərqli üzlər varsa, çıxsınlar ortalığa».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında professor Cəmil Həsənli deyib. o deyir ki ziyalıların fərqli üz göstərmək niyyətləri yoxdur. Onların məqsədi millətin ağrı-acılarını diqqətə çatdırmaqdır.

«Bizim nə fərqli üz göstərmək fikrimiz var, nə fərqli sifət göstərmək fikrimiz var. Biz bu vətənin övladlarıyıq, ziyalılarıyıq, az-çox gedən proseslərin içərisində olan adamlarıq və bizim ayrı bir istəyimiz də yoxdur. Nə bilim kimsə dəyişiləcək, kiminsə yerinə kimsə gələcək, belə bir niyyətlərimiz də yoxdur. Biz ağrının ifadəçiləriyik. Bu cəmiyyətin ağrıyan yerlərini göstərmək istəyirik və göstəririk ki, qardaş bizim bu yerimiz ağrıyır. Bunun müalicəsi olmalıdır».

QARABAĞDAN SONRA İKİNCİ BƏLA - KORRUPSİYA

Cəmil Həsənli Azərbaycanı ağrıdan ən böyük problemin Qarabağ problemi olduğunu deyib.

«Azərbaycan bu gün Qarabağdan sonra ikinci böyük bir bəlaya düçar olub ki, o da korrupsiyadır. Korrupsiyanın doğurduğu ağrılı nəticələr elə Qarabağ boyda nəticələrdir. Qarabağ bizim bu gün kəsilmiş, qanqren olmuş hissəmizdir, o Azərbaycanın bir hissəsini o vəziyyətə salıb. Korrupsiya isə onun qalan hissəsini o vəziyyətə salıb. Bu gün bu balaca Azərbaycan elə böyük korrupsiya bataqlığına çevrilib ki, kimsə topuğuna, kimsə dizinə, kimsə xirtdəyinə qədər bu korrupsiyanın içindədir».

Cəmil Həsənli digər məsələlərə də münasibət bildirib. O, son vaxtlar islam dini ətrafında yaranmış qalmaqallara da, etirazlara da münasibətini açıqlayıb. O deyib ki, İslamın əsasında vətən sevgisi durmalıdır.

HƏR ŞEYİ ZİYALILARIN ÜSTÜNƏ ATMAQ LAZIM DEYİL

«İslamın bütün atributlarına riayət etməklə yanaşı İslamın mərkəzində vətənçilik dayanmalıdır. İnam da olmalıdır, etiqad da olmalıdır, dini ayinlər də yerinə yetirilməlidir, amma Şuşa işğalda qala-qala Qüdsün azad olunması üçün mitinq keçirmək bir az qəribə görünür».

Professor cəmiyyətin passivliyinə də öz fikrini bildirib. O deyib ki, hər şeyi ziyalıların üzünə atmaq düzgün deyil.

«Ziyalı o demək deyil ki, ya alimdir, ya yazıçıdır, ya bəstəkardır. Ziyalı içində işıq gəzdirən o işıqla öz ətrafını işıqlandırırsa bu ziyalıdır. Yəni o işıq ictimai məna kəsb edirsə, ictimai məna daşıyırsa o ziyalıdır. O, tamamilə ali təhsili olmayan bir adam da ola bilər, şəhərdə yaşamayan adam da ola bilər. Bizdə cəmiyyət istəyir ki, müəyyən bir zümrəni özündən ayırsın və bütün məsuliyyəti qoysun onun üzərinə və hər şeyi də ondan umsun».

Cəmil Həsənli deyib ki, hər kəsin cəmiyyətə bir yanaşma tərzi var, hakimiyyət isə özünü demək olar ki, cəmiyyətdən ayırıb.

HAKİMİYYƏTİN SÜNİ AKVARİUMU

«Hakimiyyət özü üçün bir süni akvarium yaradıb. Onun üçün cəmiyyət odur. O akvariumdan kənardakı cəmiyyəti o görmək istəmir. Əgər görmək istəyirsə, o akvariumdan kənara çıxsın, getsin o cəmiyyətin içinə, onlarla söhbət etsin və onun ağrısını duysun».

Professor deyir ki, bu ölkədə hər şeyə nəzarət olunur və kimin nəyi varsa, kim nə ilə məşğuldursa, onun hesabı var. Onun sözlərinə görə, elə korrupsiyanın da mənbəyi vəzifədir.

«Azərbaycanda və digər Şərq ölkələrində korrupsiyanın mənbəyi vəzifədir. Əgər hər hansı bir nazirin yüzdən artıq firması varsa, o yüz firmanı idarə etmək bir adamın işi deyil. Deməli bu nazirliyin bir hissəsi bu firmaları idarə edir də. Bu dövlətə necə işləyəcək? Bunu bəyəm yuxarıda oturanlar bilmirlər? Hamısını çox yaxşı bilirlər. Bunun qarşısının alınmamasının səbəbi isə korrupsiyanın ictimai xarakter daşımasıdır».

XS
SM
MD
LG