Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

«Sabiranə bir seçki təbliğatı gedir»


İqbal Ağazadə
İqbal Ağazadə
“Seçkidə bu mərhələyə qədər olan yekuna qiymət versək, çox sabiranə bir seçki təbliğatı gedir”.

AzadlıqRadiosunun “İşdən sonra” proqramında “Qarabağ” seçki blokunda təmsil olunan partiyalardan birinin - “Ümid” Partiyasının sədri İqbal Ağazadə namizədlərin təbliğat- təşviqat prosesinin gedişinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, seçkiyə bu şəkildə yanaşmaq düzgün deyil:

“21-Cİ ƏSRDƏ PARLAMENT SEÇKİSİNƏ QOŞULAN ADAM NƏLƏRDƏN DANIŞIR?”


“Bu şəkildə yanaşmaq olmazdı seçkiyə. Seçki çox ciddi bir hadisədir. Mən heç kimin şəxsiyyətinə toxunmaq istəmirəm. Amma mən çıxış edənlərin, qanunverici orqana seçilmək istəyənlərin çıxışlarına və onların yanaşdığı məsələyə baxıram, yadıma Mirzə Ələkbərdən başqa heç nə düşmür. Dindirir əsr bizi dinməyiriz. 21-ci əsrdə parlament seçkisinə qoşulan adam nələrdən danışır?”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə İqbal Ağazadə ilə qismən razılaşsa da, deyib ki, bunun səbəbini siyasi partiyalar özlərində axtarmalıdırlar:

“ANA VƏTƏN PARTİYASINDA DA EYNİ VƏZİYYƏTDİR”

“Mən belə fikirləşirəm ki, bu faktdır ki, bu gün siyasi partiyalar seçki prosesində kifayət qədər, yetərli şəkildə və mütəşəkkil iştirak edə bilmirlər. Bunun səbəbini gəlin İqbal bəy özümüzdə axtaraq. Bunun səbəbini kənarda axtarmayaq. Bugün elə sizin, bizim və yaxud özünü Azərbaycanın bir nömrəli müxalifəti qismində təqdim edən ayrı-ayrı partiyaları götürək. Onların içərisində neçə nəfəri cəmiyyət tanıyır? İqbal bəydən başqa cəmiyyət daha kimi İqbal bəy kimi tanıyır? Ana Vətən Partiyasında da eyni vəziyyətdir. Mən istəyirəm özümə bir az tənqidi yanaşam. Fəzail Ağamalı və Zahid Orucdan başqa kimlər daha çox tanınır? Və ya Müsavatda və ya AXCP-də. Bizdən də 3-4 nəfər funksionerdən başqa, Azərbaycan cəmiyyəti tərəfindən tanınanı yoxdur. Bunu etiraf etmək lazımdır”.

İqbal Ağazadə isə deyib ki, ilk növbədə Azərbaycanın nədən bu vəziyyətə gəlib düşməsi sualına cavab tapmaq lazımdır ki, vəziyyəti anlayasan.

“İTV-NİN VƏ MSK-NIN AZƏRBAYCAN QANUNLARINI POZMAĞA İXTİYARI YOXDUR”

Namizədlər ayrılan pulsuz efir vaxtına da münasibətlərini bildiriblər. Onların hər ikisi pulsuz efir vaxtından istifadə edəcəyini söyləsələr də, İqbal Ağazadə bu formada efir vaxtının ayrılmasını qanunsuz sayır:

“Namizədlərin təbliğatını aparmaq üçün efir vaxtı yoxdur. Deyirlər ki, İctimai Televiziya 4 dəqiqəlik efir vaxtı ayırıb. Əvvəla, İctimai Televiziyanın və MSK-nın Azərbaycan qanunlarını pozmağa ixtiyarı yoxdur”.

ƏN CİDDİ EFFEKT CANLI TƏMASDIR

Fəzail Ağamalı isə təbliğat dövründə ən ciddi effekt verən vasitənin canlı təmas olduğunu bildirib:

Fəzail Ağamalı
“Televiziyadan daha çox insanlarla canlı təmasa girmək məncə seçkinin taleyinin həll olunmasında daha ciddi əhəmiyyət kəsb edir. Deyilmiş və sınaqdan çıxmış bir deyim var. Deyilir ki, seçilmək istəyən əgər seçicinin bir stəkan çayını içmirsə, artıq ordan onun səsini götürməyə bilər. Ona görə də mən televiziyadan daha çox - əlbəttə bu da lazımdır, pulsuz televiziya ekranından da, eyni zamanda kimin imkanı varsa, pullu ekrandan da istifadə edir, qəzetlərdən də, saytlardan da istifadə edib, öz təbliğatını qura bilər. Lakin mənə elə gəlir ki, ən xarakterik və ciddi effekt doğuran insanlarla canlı təmasdır”

PULLU EFİRDƏN İSİTİFADƏ ÜÇÜN İMKAN YOXDUR

Bəzi telekanalların pullu efir vaxtına qoyduğu qiymətlərə gəldikdə isə, İqbal Ağazadə deyib ki, bunu televiziyalar namizədlərin sadəcə çıxış etməməsi üçün ediblər. O deyib ki, müxalifət partiyalarından olan namizədlərin pullu efir vaxtından istifadə etmək üçün imkanları yoxdur. Fəzail Ağamalı da bildirib ki, pullu efir vaxtı üçün qoyulmuş qiymətlərə onların da imkanı çatmayacaq.

Sonda namizədlər seçicilərlə görüşlər keçirmək üçün ayrılan yerlərə də münasibət bildiriblər. Fəzail Ağamalı deyib ki, o seçicilərlə ancaq müəyyən olunmuş yerlərdə görüş keçirir. İqbal Ağazadə isə bildirib ki, həmin yerlər adekvat deyil:

“Bunlar sadəcə mitinq keçirməmək üçün ayrılan yerlərdir”.

XS
SM
MD
LG