Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Azərbaycan İrana qarşı sanksiyalara qoşulur?


Stüart Levi
Obama Administrasiyası İrana sanksiyaları müzakirə etmək üçün Türkiyə və Azərbaycana elçi göndərib. ABŞ Tehranın yaxın qonşuları ilə ticarət əlaqələrini bir az da məhdudlaşdırmaq istəyir.

Elçi Stüart Levi - maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavinidir. Oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Stüart Levinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

«BEYNƏLXALQ ÖHDƏLİKLƏRƏ RİAYƏT ETMƏYƏN... İRAN OLUB»


Elə həmin gün keçirdiyi brifinqdə Stüart Levi deyib ki, Azərbaycan rəsmiləri ilə görüşdə onlara nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı yönələn BMT sanksiyalarının son raundu ilə bağlı məlumat verib.

«Bugünkü müzakirələrin əsas diqqəti beynəlxalq öhdəliklərə riayət etməyən, o cümlədən nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı tətbiq edilmiş sanksiyaların son raunduna yönəlmişdir və mən bu barədə rəsmilərə qısaca məlumat verdim. Mən deyərdim ki, səfərimizin əsas diqqəti, məqsədi ABŞ-ın bütün dünyada tərəfdaşları ilə İranın qeyri-qanuni fəaliyyəti və beynəlxalq maliyyə sistemindən sui-istifadəsinə dair məsələlərə cəlb edilməsi və bu sahədə aktiv dialoqların davam etdirilməsinə yönəlmişdi».

Azərbaycan ABŞ-ın bu müraciətinə hansı cavabı verib və ya verəcək bu məlum deyil. Xarici işlər nazirliyi də məsələyə münasibət bildirməyə tələsmir və müzakirələrin başa çatmasını gözləyir. Amma nazirliyin sözçüsü
Elxan Poluxov
Elxan Poluxov deyir ki, Azərbaycan üzv dövlət kimi BMT-nin qəbul etdiyi qərarların hamısına hörmətlə yanaşır.

«Azərbaycan BMT-nin üzvüdür və sözsüz beynəlxalq aləmin məsul üzvü kimi biz BMT tərəfindən qəbul olunmuş qərarların hamısına hörmətlə yanaşırıq».

İran səfirliyindən də amerikalı rəsminin Bakıya səfərinə və İranla bağlı BMT sanksiyalarının müzakirəsinə hər hansı münasibət bildirmək istəmədilər.

Azərbaycanın İrandakı sabiq səfirlərindən biri Nəsib Nəsibli hesab edir ki, İranın nüvə dövləti olması Azərbaycanın maraqlarına ziddir və bu baxımdan da İran narazı qalsa belə Azərbaycan üzv olduğu qurumun sanksiyalarına qoşulmalıdır.

«Əlavə gərginliyin yaranması arzu olunmasa belə, İranın nüvə dövlətinə çevrilməsi qarşısında Azərbaycan cürətli addım atmaq məcburiyyətindədir».

«BMT-NİN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRLƏ BAĞLI QƏTNAMƏLƏRİ DƏ GÜNDƏLİYƏ GƏLSİN»


Siyasi icmalçı Sədrəddin Soltan hesab edir ki, Azərbaycan ilk növbədə özünün təhlükəsizliyini önə çıxarmalı və buna təminat alandan sonra İrana qarşı maliyyə sanksiyalarına qoşulmaq haqqında qərar qəbul edə bilər. Sədrəddin Soltan həm də hesab edir ki, Azərbaycan İrana qarşı sanksiyaya Cənubi Qafqaz respublikaları və Rusiya ilə birgə qoşulmalıdır. İcmalçının fikrincə, Azərbaycanın İrana qarşı tək maliyyə sanksiyasına qoşulması ölkə üçün əlavə problemlər
Sədrəddin Soltan
yarada, ölkə üçün çox təhlükəli ola bilər.

Siyasi icmalçı bir məsələyə də diqqət çəkir. Deyir Azərbaycan BMT-nin İrana qarşı sanksiyalarına qoşulacağı halda bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı qəbul elədiyi dörd qətnamənin də yerinə yetirilməsini gündəliyə gətirməlidir:

«Əgər BMT-nin qətnamələri məcburidirsə, onda Ermənistan da həmin qətnamələrə əməl edib işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır».

Bundan əlavə Sədrəddin Soltan həm də hesab edir ki, Azərbaycan bu sanksiyadan ona dəyəcək maddi və iqtisadi ziyanın ödənilməsi məsələsini də gündəliyə gətirməlidir.

SANKSİYADAN KİM DAHA ÇOX İTİRƏ BİLƏR?


Məsələnin iqtisadi tərəflərinə gəlincə, iqtisadçılar hesab edirlər ki, Azərbaycanın İrana qarşı maliyyə sanksiyalarına qoşulacağı halda ən çox itirən İran olacaq.

Qubad İbadoğlu
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, əgər 2003-cü ildə Azərbaycan İrana 50 milyon dollarlıq mal göndərmişdisə, qarşı tərəfdən Azərbaycana 307 milyon dollarlıq mal idxal edilib. Sonrakı illərdə də bu tempin davam etdiyini deyən iqtisadçı düşünür ki, Azərbaycan İrana qarşı sanksiyaya qoşulacağı halda İranın iqtisadi və maliyyə baxımından itkiləri Azərbaycanla müqayisədə daha çox olacaq.

Beynəlxalq sanksiyalara görə, Tehran getdikcə daha çox emal olunmuş neft məhsulları qıtlığı yaşayır. Azərbaycan da İranın başqa bir potensial təchizatçısıdır.

Hazırda İranla Azərbaycanın illik ticarət dövriyyəsi ötən il 1 milyard dollar olub, rəsmi statistika belə deyir.

İran rəsmiləri bu rəqəmi 10 dəfə artırmaq istəyirlər, Azərbaycanın rəsmi dairələrindən bu fikrə münasibət almaq mümkün olmayıb. Bu barədə oktyabrın 19-da «Wall Street Journal Europe» dərgisi yazıb.
XS
SM
MD
LG