Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:58

Zəminə Əliqızı: «Nağıl danışmağı çox sevirəm»


Zəminə Əliqız
Zəminə Əliqız
«Nağıl danışmağı çox sevirəm». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Bilik Günü ilə bağlı verilişin qonağı olan Bakı Şəhər Baş Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zəminə Əliqızı dinləyicinin kinayəli sualına cavab olaraq deyib.

Dinləyicilərin suallarına cavab verən Zəminə xanım onların fikirlərinə hörmətlə yanaşdığını və narahatlıqlarını başa düşdüyünü vurğulayıb. Son vaxtlar böyük ajiotaja səbəb olmuş məktəbli forması barədə valideynlərin narahatlıqlarına gəldikdə isə sektor müdiri bu səs-küyü təbii qəbul etdiyini deyib:

BU GƏRGİNLİYİ KİV YARATDI


«Əslində o gərginliyi nə Bakı Şəhər Təhsil İdarəsi, nə də 120 min şagirdin valideyni yaratmadı. Təəssüf ki, bu gərginliyi ölkənin Kütləvi İnformasiya Vasitələri yaratdılar. Yəni, çox böyük bir ajiotaj yarandı. Biz bu prosesə çox təbii yanaşırıq. Nə mənada təbii yanaşırıq? İlk dəfədir bu addım atılır. İlk dəfədir vahid məktəbli geyiminə keçid prosesi gedir. Bu nə az, nə çox, 120 min insanı əhatə edir. Yəni Bakı məktəblərinin 1-ci, 4-cü sinif şagirdlərinin sayı təxminən 120 minə yaxındır».

Zəminə Əliqızı deyib ki, bu proses may ayından başlasa da, hələ də 20 faiz insan forma əldə edə bilməyib. Məktəbqabağı belə basabasın yaranmasına səbəb isə valideynlərin əksəriyyətinin 10-15 gün qalmış hazırlığa başlamasıdır. Məktəbli forması əldə edə bilməyənlərə gəldikdə isə təhsil işçisi deyib ki, onlara zaman verilib:

NOYABRIN 1-NƏ QƏDƏR ƏLDƏ ETMƏLİDİRLƏR

«Ailə büdcəsinə çox ziyan vurmasınlar deyə, biz belə bir açıqlama verdik ki, məktəbli formasını əldə etməyənlər ağ köynək şərt olmaqla, ətəklər tünd rənglə seçilməklə geyimlər geyinib gəlsinlər. Amma noyabr ayının 1-nə qədər məktəbli formasına keçid hesab olundu müddət olaraq. Zaman-zaman insanlar gedib formanı hökmən əldə etməlidirlər».

HEÇ BİR TENDER ELAN OLUNMAYIB

Zəminə xanım Bakı Tikiş Fabrikinin tenderdə qalib gəlməsi ilə bağlı mətbuatda yazılanlara, deyilənlərə də aydınlıq gətirib. O deyib ki, məktəbli forması ilə bağlı heç bir tender elan olunmayıb:

«Yeganə Bakı Tikiş Evi bu yükü çiyninə çəkdi və elan etdi ki, mənimlə rəqabət aparacaq bir müəssisə yoxdur. Başqa sexlər var. Amma sexdir».

Sektor müdiri müəssisələri Bakı Tikiş Evi ilə rəqabətə səsləyib:

BİZ ALIŞ-VERİŞLƏ MƏŞĞUL DEYİLİK

«Bu gün Bakı Tikiş Evi ilə rəqabət apara biləcək hər hansı bir müəssisə varsa buyursun. Ortada 20 min var ən azı. 20 min alıcı var ki, hələ ki, vahid məktəbli geyimini əldə edə bilməyib. Onlar üçün tiksinlər. Allah xatirinə. Dəfələrlə deyirəm, Bakı Təhsil İdarəsi və ümumiyyətlə təhsil sektorunda çalışanlar bu prosesə qoşulmurlar. Biz alış-verişlə məşğul deyilik. Biz qərar veririk».

Zəminə Əliqızı müəllimlərin uniforma məsələsinə də toxunub. O deyib ki, bu, müəllimlərin öz qərarıdır:

MÜƏLLİM BÖYÜK İNSANDIR

«Bizə müraciət edirlər və təşəbbüslə çıxış edirlər ki, məktəbin özündə müəllimlər xüsusi uniforma seçiblər və bu uniforma ilə gələcəklər məktəbə. Bu, çox gözəl bir şeydir. Biz bunu dəstəkləyirik. Amma bu istiqamətdə hər hansı bir qərar verə bilmərik. Çünki müəllim böyük insandır. O özü bilməlidir hara nə geyinir».

Bakı Şəhər Baş Təhsil İdarəsinin rəsmisi müəllimlərin işə qəbul olunma prosesinə toxunaraq qeyd edib ki, son vaxtlar işə qəbul olunan müəllimlərdə kompyuter biliklərinə üstünlük verilir:

KOMPYUTERİ BİLMƏYƏNLƏR İŞƏ QƏBUL OLUNMURLAR


«Azərbaycanda yeni metodlu işə qəbul prosesi gedir. Yəni müəllim işləmək istəyənlər əvvəlki dövrlərdən fərqli olaraq belə sadəliklə məktəbə girib, dərs deyə bilmirlər. Bu il üçün əsas tələb odur ki, kompyuter bilgisi olmayan artıq bu prosesə qoşula bilməz. Bakının təhsil müəssisələrində 197 vakant yer var idi. Müxtəlif fənnlər üzrə. O 197 yeri tutmaq istəyənlər kompyuterin qarşısında oturub onlara verilən suallara cavab verməlidirlər. Əgər kompyuterlə işləyə bilmirsə, o bu suallara cavab verə bilməyəcək».

Dinləyicidən gələn «Zəminə xanım, deyəsən nağıl danışmağı çox sevirsiniz?» fikrinə , sektor müdiri kinayəli də cavab verdi:

NAĞILLARI AXŞAMLAR DANIŞIRAM

«Mən ümumiyyətlə nağıl danışmağı çox sevirəm. Amma nağılları axşamlar danışıram. Hələ ki, axşam düşməyib. Axşam qızımla birgə olanda ona nağıl danışıram. Mənə elə gəlir ki, siz uşaq deyilsiz və nağıllara inanmırsız daha».

Son vaxtlar abituriyentlərin universitetə qəbul olmaq üçün repetitorlara müraciət etməsi məsələsinə gəldikdə isə Zəminə Əliqızı bunun kütləviləşdiyini və şagirdlərin valideynlərinə arxayın olaraq məktəb təhsilinə önəm vermədiyini bildirib. Amma təhsil işçisi bunda da qəbahətli bir şey görmür:

REPETİTOR YANINA GETMƏK QƏBAHƏT DEYİL


«Heç bir müəllim yanına getmədən yüksək bal toplamaq mümkündür. Bu, kütləvilik alıb. Həm də repetitor yanına getmək qəbahət deyil. Biz təhsil müəssisəsində ümumi bilik alırıq. Biz orta məktəbdə kimyadan ümumi bilik alırıq. Amma Tibb Universitetinə qəbul olmaq istəyiriksə, bu ümumi bilik yetərli deyil. Hökmən kimyanı daha dərindən və testin tələblərinə uyğun şəkildə öyrənməlisən».

XS
SM
MD
LG