Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:28

Atasından ötə...


"Düzdür, prezident İlham Əliyev Azərbaycanda sabitlik yaradıb, amma bu, kövrək stabillikdir".

Bunu Beynəlxalq Böhran Qrupu Azərbaycanla bağlı yaydığı son hesabatında bilidrir. Hesabata görə, İlham Əliyev cəmiyyət üzərində hətta atası Heydər Əliyevdən də artıq nəzarətə malikdir.

Təşkilatın Qafqaz üzrə layihə direktoru Sabin Freyzer hesabatdakı bu fikirləri belə əsaslandırır.

“İlham Əliyev hakimiyyətə gələndə bəziləri deyirdi ki, o, gəncdir, təcrübəsizdir... hətta belə deyənlər də var idi ki, o, hakimiyyətdə çox qala bilməyəcək.

Amma o öz hakimiyyətini də, rejimi də gücləndirdi.

Bu isə ictimai həyatın başqa sahələrinin zəifləməsi hesabına baş verdi.

Müxalifət əvvəlkindən zəif hala gətirildi, media azadlığı ilə bağlı vəziyyət pisləşdi. İndi ictimai müzakirələr üçün daha dar məkan var”.


Hesabatda deyilir ki, axır illərdə keçirilən

HƏR SEÇKİDƏN SONRA HAKİMİYYƏT DAHA ÇOX İCRA HAKİMİYYƏTİNİN ƏLİNDƏ CƏMLƏŞİB

İnsan haqları getdikcə daha çox məhdudlaşdırılıb, beləliklə də Azərbaycan yarı-avtoritar cəmiyyətdən avtoritar cəmiyyətə çevrilib.

Hesabatda qeyd edilir ki, beynəlxalq təşkilatların Azərbaycan iqtidarına təsir imkanları azdır, onlar iqtidarı inandıra bilmirlər ki, cəmiyyətdə liberallaşmaya yol açmaq hakimiyyətin öz maraqlarına da uyğundur.

Beynəlxalq Böhran qrupu bildirir ki, siyasi partiyalar, qeyri-hökümət təşkilatları, media, dini icmalar elə bir hala gətiriliblər ki, müstəqil şəkildə hakimiyyətin addımlarına, siyasətinə qarşı çıxa, yaxud onu tənqid edə bilmirlər.

Məqsədli şəkildə cəzasızlığa şərait yaradıldığı üçün bu, cəmiyyətdə daxili senzuranı gücləndirib.

Bundan başqa sərbəst toplaşmaq azadlığına imkan verilmir. Müxalifətin aksiyalarına ya icazə verilmir, ya da onların qarşısı zorakılıqla alınır.

Sabin Freyzer
QHT-lərə Bakıdan kənarda tədbirlər keçirməyə imkan verilmir. Qeydiyyatdan imtina QHT və dini icmalara qarşı bir silah kimi istifadə edilir.

Sabin Freyzer deyir ki, medianın vəziyyəti son illərdə xüsusilə pisləşib.

“Müstəqil mətbuat orqanlarının sayı azdır. Azadlıq Radiosu, Amerikanın səsi, BBC kimi beynəlxalq media orqanlarının ölkədə fəaliyyət imkanları məhdudlaşdırılıb.

Biz Azərbaycan hökumətini bu beynəlxalq media orqanlarının ölkədə geniş yayım imkanlarının bərpa edilməsinə çağırırıq.

Bundan başqa yerli mediada cəmiyyətdəki problemlərlə bağlı debata, müzakirələrə ehtiyac var. Belə müzakirə çox az media orqanlarında gedir”.


Amma hesabatda o da qeyd edilir ki, İlham Əliyev cəmiyyət üzərində böyük nəzarətə malik olsa da, o heç də hər şeyə nəzarət etmir.

“Nə qədər hakimiyyətinə birbaşa təhlükə yoxdur,

İLHAM ƏLİYEV HAKİM ELİTADA DƏYİŞİKLİK ETMƏKDƏ MARAQLI DEYİL

hətta işindən narazı olan nüfuzlu məmurları da vəzifədən uzaqlaşdırmır, hakim elitada həssas balans yaratmaq üçün müdaxilə etmir.

Məhz buna görə, cəmiyyətdəki ziddiyyətlər iqtidar-müxalifət arasında yox, daha çox hakimiyyət daxilində müşahidə edilir - vaxtaşırı nüfuz savaşında”.

Hesabatda bildirilir ki, 2009-cu ildə referendumla prezident seçilmə müddəti ilə bağlı limitin götürülməsu hakimiyyət daxilindəki rəqib qruplara bir mesaj idi ki, hakimiyyət tezliklə dəyişməyəcək.

“AİLƏ”

Hakim “ailə”ni iki qrupa bölmək bilər. Onlardan birinə İlham Əliyevin cangüdəni və qohumu Bəylər Əyyubov, digərinə isə xanımı Mehriban Əliyeva, Paşayevlər ailəsi rəhbərlik edir.

Paşayevlər əsasən Bakıda böyüyən ziyalıları təmsil etdikləri üçün geniş yayılmış belə bir inam var ki, onlar daha liberal düşüncəlidirlər. Hərçənd onlar hələ də hakim elitada hökmran mövqedə deyillər, çünki əslən Naxçıvandan deyillər.

Belə şayiələr gəzirdi ki, İlham Əliyev cəmi iki dəfə prezident seçilə biləcəyi üçün 2013-cü ildə prezident - onun xanımı Mehriban Əliyeva olacaq. Bu isə hakim elitanın Ramiz Mehdiyev və Kəmaləddin Heydərov kimi mühafizəkar qanadında narahatlıq yaratmışdı.

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, bəzi yerli müşahidəçilərə görə, prezident seçilmə limitinin referendum vasitəsilə ləğv edilməsi məhz həmin narahatlıqları aradan qaldırmaq üçün idi.

Beynəlxal Böhran qrupu ölkədə keçmiş prezident Heydər Əliyevin şəxsiyyətinə pərəstişin geniş yayıldığını qeyd edir.

“2003-cü ildən bəri bu meyl artıb. Heydər Əliyevin portretlərinə hər yerdə rast gəlinir.

Bütün böyük və kiçik şəhərlərdə onun heykəl və portretləri var. Əsas küçələr və parklar onun adına verilib.

Onun portretlərinə nüfuzlu şirkətlərdə də rast gəlmək olar. Kiçik mağazalar və maşınlar onu talisman kimi istifadə edir, bununla

VERGİ MÜFƏTTİŞLƏRİNİN DİQQƏTİNİ DAHA AZ CƏLB EDƏCƏKLƏRİNƏ İNANIRLAR”.

Beynəlxalq Böhran qrupu hesab edir ki, Azərbaycan neft gəlirlərindən ölkədə islahatlar aparmaq, liberal cəmiyyət qurmaq üçün istifadə etmir və neft hasilatı bir neçə il sonra kəskin azalacağı üçün ölkə bu fürsəti itirməkdədir.

Neft gəlirlərinin azalması iqtisadi problemlərə və cəmiyyətdə ümumi məyusluğa gətirib çıxara bilər.

Beynəlxalq Böhran qrupu Azərbaycana tövsiyə edir ki, dərin kadr islahatları aparsın, mitinq və nümayişlərə şərair yaratsın, jurnalist Eynulla Fətullayev, bloqçular Emin Milli və Adnan Hacızadəni azad etdin.

Korrupsiya ilə mübarizəni gücləndirilsin, məmurlar öz gəlirləri haqda hesabat versinlər. Qeyri-neft sektoru inkişaf etdirilsin.

Təşkilat ATƏT-ə də tövsiyə verir ki, qarşıdan gələn parlament seçkilərini izləmək üçün Azərbaycana daha böyük müşahidə missiyası göndərisin.

BBQ - qərargahı Brüsseldə yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Əsas məqsədi dünya ölkələrində böhranlı vəziyyətlərin qarşısını almaq üçün məlumatların toplanması və hökumətlərə tövsiyələr verməkdir.

HESABATDAKI FİKİRLƏRƏ BURADA MÜNASİBƏT BİLDİRİN
XS
SM
MD
LG