Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:33

"Anar və Əkrəm Əylislinin son müsahibələri mənəvi intihardır"


Yazıçı Zümrüd Yağmurun "Azadlıq" qəzetinə müsahibəsi

- Zümrüd xanım, bu yaxınlarda ”Günahkarın ölümü” kitabınız çapdan çıxdı. Yeni nə planlarınız var?

- Yaxınlarda “Qayıdış” adlı siyasi, bir az da sosial romanımı dərc etməyi planlaşdırıram.

Sentyabrın sonuna olar yəqin. Sonra artıq qurtardığım, amma ilkin redaktəsi ilə məşğul olduğum “Qadın olmaq” romanımı dərc etməyi nəzərdə tuturam.

Arada hekayələr, Güney Azərbaycanla bağlı Türkiyə mətbuatı üçün məqalələr də yazıram.

- Başqa ölkələrdə də çap olunursunuz?

- Türkiyədə olur. İnternet üzərindən dərgilərə, saytlara göndərirəm, onlarda bəyəndiklərini dərc edirlər. Yaxında “Qadın olmaq” adlı hekayəm saytlardan birində dərc olundu.

Bir də İranda hekayələrim yayımlanır dərgilərdə. Amma Güneylə bağlı yazılarıma görə başqa imza ilə dərc olunur. Kitabımın Türkiyədə çap olunması gündəmdəydi.

Amma hazır, tərçümə olunmuş şəkildə istədilər. Hələ orada tanınmadığım üçün nəşriyyat qonarar verməmək şərti ilə öz hesabına çap etməyə razılıq vermişdi.

Amma tərcümə üçün tələb olunan vəsait olmadığından hələ ki bu məsələ qalıb.

“Ədəbi mühütümizdə dəyişikliklərə ehtiyac var”

- Elə sakitliklə “hələ tanınmadığım üçün” deyirsiz ki... Bir az da antireklama oxşadı. Hər halda indi çoxları istedadını və nüfuzunu fürsət düşdükcə qabardaraq təqdim etməyə çalışır.

- Əslində bu, ədəbi mühitimizin qalmaqallı olmasının, kimin istedadlı, kimin qabiliyyətsiz olduğunu ayırd etməyə imkan verməyən qışqırmaların nəticəsidir.

“Azadlıq” radoisunun oxu zalında bəzən dünyaca məhşur bir yazarın da müsahibəsini oxuyursan, hələ yazıları Biləcəridən o tərəfə keçməyən bir yazarımızın da.

Vallah, bizim yazar o dünyaca ünlüdən daha təmtaraqlı, nə bilim, dahi kimi danışır. İddialı olmaq yaxşı şeydir, amma həcmini aşmayasan.

Qığqıran, səs-küylə ədəbiyyatda yazarlıq statusu qazanmağa çalışan yazar istedadı olmadığından açıq-saçıq geyinib populyarlıq qazanmaq istəyən müğənnini xatırladır.

Bizdə bəzən yazarlar başqalarının onların haqqında deməli olduğu fikri özləri özləri haqqında deyirlər. Bu da yaxşı görünmür.

Məncə yazarın qiymətini cəmiyyət verməlidir.

Özü-özünə qiymət verməyə qalxanda və bu, tendesiyaya çevriləndə ədəbiyyatda da şouda olduğu kimi şəxsi rəqabət başlayır və bu, xoşagəlməz təəssürat yardır. Mən indi nə deyim?

Deyim Türkiyədə yaxşı tanınıram? Üst-üstə orda beş-on hekayəm, elə bu qədər də məqalələrim çıxdısa, bu Türkiyə ədəbi mühitinə daxil olmaq deyil axı...

- Bu gün ədəbi mühitimiz öz problemlərini həll etmək iqtidarındadırmı?

- Ədəbi mühütimiz ilk olaraq təmizlənməlidir. İntiriqalardan, kiçik söhbətlərdən, “o dedi, bu dedi”dən, ən başlıcası da qalmaqallardan qurtulmalıdır. İndi ədəbiyyatda qəribə, ikrahedici camiyələşmə var.

Bunu aradan götürmək lazımdır. Yazıçıya münasibət onun yaradıcılığından daha çox hansı qruplaşmaya mənsub olmasına görə müəyyənləşir.

Bəzən yazar deyilən birinin elə bayağı və qərəzli yanaşmalarını dinləyirsən ki, onun yazacağına da marağın itir.

Xüsusi ilə son zamanlar Anar və Əkrəm Əylislinin müsahibələri bu baxımdan mənəvi intihar kimi də qəbul oluna bilər.

Bu gün bütün çətinliklərə rəğmən çox maraqlı və səviyyəli əsərlər də yaranır və artıq yeni dövr ədəbiyyatımız ərsəyə gəlməkdədir.

Ancaq istedadlılarla bərabər mətbuatda, internetdə gözü yağır edib çox qışqıranlar da var.

Ədəbiyyatımızın yeni vitrinində şəxsi təqdimat uğrunda rəqabət aparanların fəallığı bəzən çox qabarıq hiss olunur. Sanki “biz köhnələri yıxmışıq, ona görə də yeni avtoritetlər bizik” isterikası nəzərə çarpır.

Ancaq köhnələri tənqid edənlərin bu hakimiyyətin əleyhinə tənqidi fikir bildirmədiyini, “mən siyasətə qarışmıram” deyib ciddi problemlər qarşısında susduğunu görəndə mahiyyətdə fərqin ortadan qalxdığı da sezilir.

Bir tərəfdən də “köhnələr” deyilənlər hakimiyyətin əlinə baxan komformistlərə çevrildiyindən, ictimai rəydə şəxsiyyətin deqradasiyasını yaşayırlar.

Əkrəm Əylisli “Mən Soljenitsindən kitab yazıb mənə niyə Soljenitsin ola bilmədin soranlara cavab verəcəyəm” deyir.

Mən anlamıram, adam rahat stolunun arxasında oturub bir kitabla necə izah edə bilər ki, niyə cəsarətsiz oldu, yazarlıq adını saxta deputatlığa dəyişdi.

Və ya Anar, Elçin düşündüklərini dilə gətirə bilməyəcək qədər kiçilib, “yaxşı padşahın” “yaxşı yazarına” çevrilməklə hakimiyyətin məmuru səviyyəsinə enib. Bu, həm də toplumun problemidir.

“Nəyi dəyər hesab etməmizdən çox şey asılıdır”

- Sizcə milli dəyərlər deyə bir şey xalq üçün nə qədər əhəmiyyət daşıyır?

- Hər bir xalqın milli dəyərlər sistemində nələrsə çıxdaş olunur, nələrsə də qəbul olunur.

Bu xalqın daxili dinamikasıdır və bunu durdurmaq mümkün deyil. Ancaq problem ondadır ki, biz özümüz bu dəyərlər sistemini, xalqın düşüncə sistemini formalaşdıra bilirikmi?

Təəssüf ki, yox. Əksinə, bu gün Qərb düşüncə adamlarını da narahat edən kütlə mədəniyyətinin təzyiqləri altında sosial-psixoloji deqradasiyaya məruz qalırıq.

Ədəbiyyatımızda da bəziləri kütlə mədəniyyətindən qaynaqlanan vulqarlığı, bayağılığı bayraq edərək, özünü az qala Avropanın təmsilçisi kimi aparır və milli dəyərlər anlayışımızı inkar etməklə məşğuldur.

Mən sizə bir misal deyim. Rəfiqəm, yəqin tanıyanlar da var, yazardı, Eluca Atalı indi İsveçdə yaşayır və oranın vətəndaşıdır.

Orda kitabxanaçı işləmək üçün İsveçin ailə, toy adətlərindən və tarixindən, toplumsal dəyərlərindən elmi iş yazıb imtahan verməlidir ki, ona işləmək hüququ verilsin. Bunlar dəyərlər deyilmi?

Bu gün biz müasir texnoloji şərtlərə, bilgi çağının tələbinə uyğun dəyərlər yaradan xalq ola bilməsək, bir tərəfdən kənar mədəniyyətlərlə rəqabətdə uduzacağıq, digər tərəfdən isə Avropa qarşısında aşağılıq duyanların milli kimliyimizə kinayəli, həqarətli münasibəti ilə daxildən tənəzzülə uğrayacağıq.

“Azərbaycanda yalan və riyaya sığınmış cəmiyyət yaradılır”

- Avropa dəyərlərinin, qloballaşmanın əleyhinəsiniz?

- Qətiyyən. Mədəni sahədə qloballaşma milli müxtəlifliklərin qarşlıqlı təsiri və faydalanması, onların dialoqudur.

Bu dialoqdan imtina tənəzülə uğramaqdır. Biz milli dəyərlərə sahib olduğumuz qədər müasir svilizasiyanın tərkib hissəsiyik.

Ancaq öz kimliyimizi bu unversal Qərb dəyərləri ilə qarşılaşdırıb milli inkarçlıq mövqeyindən də çıxış etməyin, süni yenilikçilik yaratmağın da əleyhinəyəm. Yaponların nümunəsində olduğu kimi, biz də öz sintezimizi təmkinlə yaratmağı bacarmalıyıq.

Azərbaycanda milli xarakterimizin konturlarını formalaşdıran dəyərlərin müasir dövrə tronsfarmasiyası tələb olunur.

Təbii ki, bu da düşüncələrimizdə inqilaba ehtiyac yaradır.

Dəyərlərin yenilənməsi, təəbəlikdən vətəndaşlığa keçid, iradəmizin, düşüncələrimizin azadlığı qavraya bilməsi, insanlararası münasibətlərdəki qabalıq və riyakarlığın ortadan qalxması, dostluq mədəniyyətindən tutmuş, kişi və qadın münasibətlərimizə qədər inqilabı dəyişikliklər olmalıdır.

Azərbaycanda ictimai münasibətlərdən tutmuş, əxlaqa olan yanaşmalarımıza qədər yalan və riyaya sığınmış bir cəmiyyət yaratmağa çalışırlar.

Ədəbiyyat bunların aradan qalxması üçün vacib missiyanı üzərinə götürməlidir.

Bizim başqa bir problemimiz də çox zaman ən sonda olmalının ən birinci olmasıdır və nə yazıq ki, ədəbiyyat bəzən bunun öncülünə çevrilir.

Məsələn, “Azərbaycan seksual inqilabın astanasındadır” deyən yazarların fonunda, təfəkkürdə inqilab etmək missiyasını daşıyan, insana baxış bucağımızı dəyişən yazara cəmiyyətin ehtiyacı daha çox hiss olunmaqdadır.

Avropa inkişafa insanların düşüncəsini, dövlətə, hakimiyyətə, insanın özünə münasibətini dəyişən burjuaziya inqilabları ilə başlamadımı?

Azərbaycanda bu cür düşüncə inqilablına, təfəkkür dəyişikliyinə ehtiyac var, bunsuz siyasi dəyişikliklər də çətin məsələdir.

“Yazar niyə dövlətdən təqaüd almalıdır?”

- Bəs yazarlara dövlət təqaüdlərinin verilməsinə münasibətiniz necədir?

- Təqaüd adıdır bunun. Əslində yazarın boynuna keçirilmiş xamut kimi bir şeydir.

Yazar niyə dövlətdən, ya da onun başçısından təqaüd almalıdır?

Əgər dövlət yazarına qayğı göstərmək istəyirsə, bütün normal ölkələrdə olduğu kimi, ona özünü realizə etmək imkanları versin, ədəbiyyatın təbliği ilə məşğul olsun.

Əslində bu onun etirafıdır ki, bu ölkədə yazar olmaqla normal yaşamaq mümkün deyil və bu ehtiyacın qalmasında maraqlı olan hakimiyyət bu yolla, sədəqə paylamaqla ədəbiyyat üzərində nəzarəti saxlamağa çalışır.

Bizdə yazara qayğı onu kölə, möhtac edib özünə tərif qazanmaqdan, ya da susdurmaqdan keçir.

Bir də hakimiyyətin hansı normalarla kimə hansı qayğını göstərdiyini də bura əlavə etsək, mənzərə daha da eybəcərləşir.

- Təsadüfən sizə təqaüd təklif etsələr, nə edərdiniz?

- Etməzlər. Mən müxalif düşüncələrimə görə işdən çıxarılmışam, on ildir də rəsmi yerlərdə kimsə məni işə almır. İkincisi də təqribən on il öncə təqaüd almaq imkanım olub, amma açılan bu qapını bağlamışam.

- Yazıçının içtimai mövqeyi olmalıdırmı? Bir də Eynulla Fətullayev və həbsdəki bloqçularla bağlı gedən polemikalara münasibətiniz nədən ibarətdir?

- Yazarlıq elə ictimailəşmək deməkdir. Yazar ölkəsinin sözlə döyüşən inqilabçısı, həmişə müxalif olmalıdır.

Təkcə siyasi hakimiyyətə deyil, həm də cəmiyyətdəki riyakarlığa, geriliklərə müxalif olmalıdır.

Eynulla Fətullayev və gənc bloqçularımıza gəlincə, mən onları Azərbaycanın nadir və qiymətli insanlarından sayıram.

Bu adamların həbsi Azərbaycan hakimiyyətinin iblis və şərlə birləşdiyinin təzahürüdür.

Ramin Deko
XS
SM
MD
LG