Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:41

Cavanşir Quliyev: «Hər şey gözəl deyilmiş həyatda…»


Cavanşir Quliyev
Cavanşir Quliyev
Bəstəkar Cavanşir Quliyev AzadlıqRadiosunun «Can Bakı» proqramında qonaq olub. Onunla müsahibəni təqdim edirik:

BAKININ FƏRQLİ, NEFTLİ QOXUSU

- Hər dəfə Bakıdan aralanandan iki gün sonra darıxmağa başlayıram. Bu hisslə yeni görüşü gözləyirəm. Hər dəfə də acgözlüklə Bakının küçələrini dolaşmağa, çirkli havasını udmağa başlayıram. Çirkli olsa da, doğmadır.

- Bakıda elə qoxu varmı ki, başqa şəhərdə yoxdur?

- Hava limanının qapısından çıxan kimi tanış qoxu burnuma dəyir. Bir müddət analiz etmək fikrinə düşdüm, bu nə qoxudur? Bakının havasına burda çıxan neft-qaz da bir az öz qoxusundan qatır. Bakıdakı neftlə bağlı zavodlar da öz payını verir. Mən bunu pis qoxu saymıram. Ondan başqa iqlimin də təsiri var, Abşeron çöllükdür, qumsaldır. Dənizin də payı var. Dənizə bir vaxt tökülən neftin də təsiri var. Bunlar hamısı bir yerdə Bakının qoxusunu yaradır. Bu qoxunun içində yaşamışıq, ona öyrənmişik, burnuma gələndə də sevinirəm. Bu qoxu ilə nəfəs almaq ən xoş duyğulardan biridir. Bilmirəm, bəlkə də zərərlidir. Amma hər halda, mənim əsəb sistemimi, könlümü oxşayır.

- Bu qoxu yuxunuza gəlir?

- Qoxusu yox, Bakı özü gəlir…

- Köhnə Bakı, ya yeni?

- İkisi də. Bəzən biz yapışırıq ki, bunu sındırmayın, uçurmayın. Amma real həyatda görürsən ki, bunun vaxtı keçib. Şəhərdən muzey olmur. Yəni Nyu-Yorkun taleyi göz qabağındadır. Orda da köhnələr yıxıldı, yenisi quruldu. Türklər demiş yapacaq bir şey yox. Görünür, məcburiyyətdir bu…

BAKININ MUSİQİSİ

- Amma bu qədər də söküntü, yeniləşmə olmaz axı.

- Mən başqa cür deyərdim. Söküntü bəlkə lazımdır, amma yeniləşmə keyfiyyətli deyil. Bakıda tikilən binaları mən bəyənmirəm, ey insanlar! Estetik görünüşünü bəyənmirəm. Misal? Astanaya baxın. O da yeni şəhərdir, o da neft pullarına tikilir. Əslinə qalsa onu da yüz faiz bəyənmirəm. Amma Bakıdakından qat-qat gözəl binalar tikilir. Plan var. Bakıda tikintilər üzündən iş vaxtı da tıxac var, insan da çoxdur, hər yerdə də növbə. Bu nə vaxt bitəcək? Heç vaxt. O zaman demək ki, Bakı yaşamaq üçün rahat şəhər deyil. O tıxacları, siqnalları görürəm, eşidirəm, adamların beyninə vurur. Adamlar əsəbi, hər yer toz-duman. Bütün bunların nəticəsində gözəl çiçək olsaydı, yenə dəyərdi. Tikilən binalar yataqxanaya bənzəyir. Keçmişdə Avropada belə yataqxana tikərdilər…

- Dediklərinizi musiqiyə köçürsəz Bakı necə «səslənərdi»? Yarım əsəbi ya…

- Vallah bilmirəm. Orda, o küçələrdə, o binalarda musiqi görmürəm…

DEMOKRATLA KOMMUNİSTİN SEVGİ DASTANI - «RESPUBLİKA»

- Bakıda musiqi yazammırsız, belə başa düşdüm. Bəs Bakıdan kənarda?

- Yaradıcılıq gedir. Biz qurulmuş saata bənzəyirik. Xarab olana kimi gedəcəyik. Yazıram. İndi ikinci baleti yazıram – «Tufan».

- Birinci baletin adı nədir?

- «Oğuznamə». Səhnə taleyini gözləyirəm. Bu baleti türkiyəli prodüsserin sifarişiylə yazmışam. O çalışır ki, orda bunu səhnələşdirsin. Danışıqlar gedir. Razılıq var. Amma bilirsiz ki, müasir Türkiyədə hökumət başçıları xanımlarının başlarını bağlayıb çıxarır millətin içinə. O üzdən də «qorxma, gəldim» deyən yox.

- Yəni sizcə, orda baletə senzura olmasa da, sevgi də yoxdur?

- Sevgi yoxdur, dəstək yoxdur. Başqa hökumətlərin vaxtında baleti səhnələşdirmək üçün dəstək istəmək olardı. İndi bu kanal bağlıdır. Demokratik ölkə olsa da, Türkiyə şərq ölkəsidir.

- Fikirləşmirsiz ki, kaş opera yazaydım.

- Opera ilə bağlı başımda bir neçə ideya var.

- Məsələn?

- 1918-1920-ci illərdə Azərbaycan çox maraqlıydı. Çox gərginiydi. Burda beş dövlətin qüvvələri vardı. O fonda milli respublika yarandı, erməni qırğınları oldu. Nəriman Nərimanov vardı, 26 Bakı komissarları vardı, Müsavat vardı…Çox maraqlı zamandır. O fonda faciələri, məhəbbət hadisələri də yaşandı, bəziləri hətta tarixə düşüb. Bir-birinə düşmən olan qüvvələr, düşərgələr və bu əks qüvvələr arasında qalan sevən gənclər. Sonu da faciə...

- Solçu ilə sağçı və ya kommunistlə demokratın sevgisindən danışırsız?


- Hə. Belə deyək. Bir növ Romeo ilə Cülyettanı xatırladır. Burda siyasi qüvvələr qarşı-qarşıyadır. Görək. Operaya libretto lazımdır. Güclü libretto lazımdır.

- Kim yazacaq librettonu?

- Kim bacarır yazsın. Operanın adını da deyə bilərəm: «Respublika». Amma o dövrün siyasətçiləri səhnədə olmayacaq. Hadisələr sadəcə o fonda baş verəcək. Səhnədə isə faciəvi məhəbbət. Kim istəyir yazsın.

«İNSANLAR DÜZ YAŞAMIR DEYƏ CƏZALNDIRILACAQLAR»

- «Tufan» nə haqdadır?

- Nuh peyğəmbərin tufanı haqda. Məncə, bəşəriyyət yenə cəzalanacaq, düz yaşamır deyə. O zaman da Allah və təbiət insanları cəzalandırmışdı. Biz yenə cəzaya doğru gedirik. Onun olmaması üçün bəşəriyyət təbiətlə harmoniyada yaşamalıdır. Baletin yarısı yazılıb. İkinci hissəni qayıdandan sonra yazacam.

«AZƏRBAYCANDA SEVGİ AZDIR»

- Dinləyici xəbər alır ki, yaradıcı adam hansı ölkədə daha çox ilham alır, azad ölkədə, yoxsa…


- Təbii ki, azad ölkədə. Daha doğrusu, azad cəmiyyətdə. Ölkəmiz azaddır, cəmiyyətimiz azad deyil. O sıxır adamı. Azad cəmiyyət burda yox, indi yaşadığım ölkədə var. O üzdən də birinci baleti orda yazdım. İndi ikincini yazıram. Yaradıcılıq rahat gedir. Yazan adamın daxili vəziyyəti sıfırda olmalıdır. Nə həddən artıq sevinməli, nə həddən artıq əsəbiləşməlidir. Onda yaradıcılığa köklənirsən. Azərbaycanda isə ya həddən artıq sevinc var, ya da həddən artıq kədər. Orta yoxdur. O üzdən yazmaq olmur.

- Bu cəmiyyətin hansı problemi sizi daha çox narahat edir?

- Məni narahat edən odur ki, insanlar arasında sevgi azalır, başqalarını düşünmürlər. Hətta başqalarının onların həyatını rəncidə etdiyini düşünürlər. Bu cür düşüncə yayılır. Bu, məni çox qorxudur. Adətən təbii fəlakət insanları birləşdirir. Amma mən qorxuram ki, fəlakət də Azərbaycanda insanları birləşdirməsin. O məni narahat edir. Sevgi azdır. Nifrət çoxdur.

«KAŞ AZƏRBAYCAN DA TANINMAYAYDI»

- Niyə belədir?


- İnsanlar hər gün fiziki yaşam üçün mübarizə aparırlar. Bu da onları bezdirir, gücünü alır, içində sevgi resursu, mənbəyi qalmır…Hər gün mübarizə aparmaq olarmı? Mən yaşadığım ölkədə insana nələr etmirlər?! Məsələn, ehtiyac sandığı deyilən bir şey var. Hər bir idarə işçinin adına bankda hesab açır, maaşının 10 faizi qədər ora pul yatırır. İşdən çıxanda isə həmin pul ona verilir.

Hesabda o qədər pul yığılır ki, təqaüdə çıxanda özünə kurort bölgəsində ev ala bilir. Tibbi sığortanı götürək. Həkim və ya dərman almaq üçün də hesaba pul köçürülür. Həmin il dərman almasan da, həkimə getməsən də il sonunda o pulu sənə verirlər. Bu tanımamış dövlət – Şimali Kipr. Nefti, qazı yox, sərvəti yox. Düzdür, Türkiyə yardım edir. Amma o yardımı basıb yemirlər. Bəzən əsəbiləşəndə deyirəm ki, kaş Azərbaycan da tanınmayaydı. Amma belə olaydı.

«MƏN PREZİDENTDƏN XAHİŞ YOX, TƏLƏB EDƏRDİM»

- Sizcə, Azərbaycan cəmiyyətində ziyalının sözünü eşidən varmı?


- Azərbaycanda ziyalı azdır. Çox olsa eşidilər.

- Yüz ziyalı dövlət başçısına müraciət etdi ki, həbsdəki bloqçuları, jurnalisti azad etsin.

- Həəə, müraciət edəndə cavab gəlməz. Tələb etmək lazımdır. Tələb etməyə də cürətləri çatmır. Çünki hərəsi hakimiyyətdən bir şey alıb.

- Siz tələb edərdiz?


- Mənə gəlsəydilər, mətni dəyişərdim. Haqsız həbs olunublar onlar. Haqsız tutulan adamın azadlığa çıxmasını tələb edərlər, xahiş etməzlər.

«HƏR ŞEY GÖZƏL DEYİLMİŞ HƏYATDA…»

- Hər şey gözəldirmi həyatda, Cavanşir bəy?

- Yox, hər şey gözəl deyil. Təəssüf ki.

- O gənclik illüziyasıydı?


- O maksimalizm idi. Maksimalist yanaşmanın nəticəsiydi. Özü də sözlər mənim deyil. Xahiş edirəm nəzərə alın.

- Amma gözəl melodiyası var, demək ki, ruhunuza yaxınıymış.

- O vaxt, gənc olanda hər şey gözəl görünür. Gənclik… belə şeydir.

- Son söz…


- İldə bir dəfə mən bu radioda danışıram. Arzu edirəm ki, gələn il yenə görüşək, o günün mövzularını dartışaq.

- Ümid edək ki, səfərlərin birində siz «hər şey olmasa da, çox şey gözəldir» deyə biləcəksiz. Axı bura vətəndir…

BURADAN DİNLƏYİN:


XS
SM
MD
LG