Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:48

«Rok-n-roll ilə cihad etmək»


«Cunun» rok-qrupunun solisti Salman Əhməd
«Cunun» rok-qrupunun solisti Salman Əhməd
Salman Əhməd doğma vətəni olan Pakistanda ilk dəfə səhnəyə çıxanda hələ 19 yaşı vardı. 1982-ci il idi. O, tibb təhsili alırdı. 6 il Amerikada yaşayandan sonra vətəninə təzə qayıtmışdı. O, Amerikada yaşadığı müddətdə restoranlarda stolların üstünü təmizləməklə və qəzet satmaqla pul yığıb özünə elektrik gitara almışdı.

Pakistana qayıdandan sonra ilk dəfə Lahorda gənc istedadların konsertində məşhur Van Halen rok qrupundan bir musiqi ifa edirdi.

MUSİQİ POLİSLƏRİNƏ QARŞI CİHAD


Sonradan Pakistanın rok ulduzuna çevrilən Salman Əhmədin ilk səhnə həyatı belə başlamışdı. Günlərin birində isə Salman Əhməd səhnədə qışqırıq qopduğunu, saqqalı gənclərin zala daxil olduğunu görür. Onların əlində çadra vardı. Həmin gənclərdən biri isə səhnəyə çıxıb onun gitarasını alıb parça-parça elədi. Onlar islamçı tələbələr, özlərini musiqi polisi kim aparan ilk talibançılar idi.

Salman Əhməd deyir ki, bu onun həyatında dönüş nöqtəsi oldu. Həmin vaxtdan o, nifrət ideologiyasına qarşı özünün yeni bir ideologiyasını elan edir. «Rok and Roll Cihadı» yaradır:

TALİBAN ZORAKILIĞI DAVAM ETDİKCƏ...
Salman Əhmədin avtobioqrafik «Rok and Roll Cihadı» kitabı


«Taliban və onların təqdim etdikləri islam islam deyil. İslam günahsız qadınları, uşaqları və kişiləri öldürməyi təbliğ etmir. İslam heç vaxt intihar etməyi də öyrətmir. Bu, islamda haramdır. Ona görə də nə qədər ki, Talibanın zorakılığı, qadınları köləyə çevirmələri, qız məktəblərini dağıtmaları, musiqiçiləri öldürmələri davam edəcək, kiminsə onların ideologiyasına inanacağını təsəvvür etmirəm. Nifrət və terrorçuluq ideologiyasının islamda və dünyada heç bir yeri yoxdur. Mən bunu deməkdə davam edəcəyəm».

O, SUFİ ROK CƏRƏYANI YARADIR

Bu hadisədən sonra Əhməd Pakistanda musiqiyə mistik gizli elementlər qatmaqla və sufizm poeziyası əlavə etməklə özünəməxsus bir sufi rok cərəyanı yaradır. Sonralar bu qrup Pakistanda çox məşhur olur. Cənubi Asiyada ən böyük uğur qazanmış iki musiqi qrupundan birinə çevrilirlər. Milyonlarla CD-ləri satılır. Qrupun da adı «Cunun» qrupu olur.

Əhməd stadionlarda yüz minlərlə tamaşaçı qarşısında konsertlər keçirirdi. Cənubi Asiyada, Yaxın Şərqdə, Çində, Yaponiyada, Qərbdə, Londonda Kral Albert zalında və BMT-nin Baş Assambleyasında musiqi ifa edirdi.

2007-ci ildə ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor Nobel Sülh mükafatı alanda Əhməd Osloda Nobel sülh mükafatının təqdimetmə mərasimində çıxış edən ilk pakistanlı gənc oldu.

Salman Əhməd təmiz pakistanlı və müsəlmandır. Anası urdu dilində danışan etnik puştundur. Atası isə pəncab dilində danışan əsilzadə və çox mühafizəkar bir ailədəndir.

CƏMİYYƏTİN DƏYİŞMƏSİNDƏ İNCƏSƏNƏT NƏ EDİR?

Salman Əhmədin bu il Amerikada avtobioqrafik kitabı çap olunub. Kitabın da adı «Rok and Roll Cihadı»dır. Kitabda yazır ki, yazır ki, həyatına ən böyük təsir göstərən sufilik və Lahorun 4 minillik tarixi olan mədəni xəzinəsidir.

«Mən kitabımda yazıram ki, incəsənət və mədəniyyətə inanıram. İncəsənətin işi təkcə insanları əyləndirmək, onlarda xoş əhval-ruhiyyə yaratmaq üçün deyil. Həm də insanların məlumatlılığını artırmaq üçündür. İstər Con Lennon, Bob Dilan, istər Bob Marli, Qeldof olsun, ya da müsəlman dünyasındakı Mövlana Rumi, Baba Şah, Əmir Xuşro. Onlar sadəcə şair və zəngin daxili aləmə malik insan olmayıblar. Onlar həm də cəmiyyətdə maarifçi olublar. Onlar plüralizmi inkişaf etdiriblər. Həmişə ekstremizmə qarşı olublar. Demək istəyirəm ki, incəsənət adamlarının cəmiyyətin dəyişilməsində böyük rolu var».

Salman Əhməd 1975-ci ildən 1981-ci ilə qədər Nyu-Yorkda yaşayıb. Vətəninə qayıdandan sonra ölkəsinin dəyişdiyini, dini ekstremizmin məngənəsində olduğunu görüb. O deyir ki, general Ziya ul Həq ölkə mədəniyyətinə müharibə elan etmişdi, hətta radioda musiqiyə qulaq asmağa qadağa qoymuşdu.

SALMAN ƏHMƏD ÖLÜMLƏ DƏ HƏDƏLƏNİB:

«Məni ölümlə hədələyiblər. İki il əvvəl Kəşmirdə Srinaqarda rok konserti vermək istəyirdik. Yaraqlılar mənə xəbər göndərdilər ki, ayağım bura dəysə, məni güllələyəcəklər. Mən onlardan qorxsaydım, onlar qalib gələcəklər. Geri çəkilmədim. Əlbəttə, bütün təhlükəsizlik tədbirləri görürəm. Ancaq təhlükəsizliyə ən böyük təminat Allahdır».

Salman Əhməd indi Nyu-Yorkla Lahora tez-tez gedib gəlir. O, BMT-nin xoşməramlı səfiridir. Verdiyi konsertlərlə Pakistan üçün milyonlarla dollar pul toplayıb. Həyat yoldaşı Samina ilə birlikdə xeyriyyə təşkilatı da yaradıb. Bu təşkilatın məqsədi Şərqlə Qərb arasında mədəni əməkdaşlıq, anlaşma yaradıb yaymaqdır.
XS
SM
MD
LG