Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Rusiya əsgərinin Ermənistanda qalma müddəti uzadılır


RUS ƏSGƏRİNİN ERMƏNİSTANDA QALMA MÜDDƏTİ – 2044-CÜ İLƏ QƏDƏR OLACAQ

Rusiya prezidenti Dmitri Medvedevin avqustun 19-da Yerevana səfəri zamanı bu ölkənin Ermənistandakı hərbi bazasının ömrünün uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanmalıdır. Həmin sənəd Rusiya bazalarının yerləşdirilməsinə dair tərəflər arasında 1995-ci il martın 16-da imzalanmış Razılaşmaya dair 5 nömrəli protokoldur.

AzadlıqRadiosunun erməni xidməti həmin protokolun mətninin layihəsini yayıb. Sənəddə deyilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək.

Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Rusiyanın «Vesti» telekanalına müsahibəsində yeni sənədin əsas məğzinin də məhz bu olduğunu deyib.

Nalbandyan bildirib ki, 1995-ci ildə imzalanmış müqavilədə Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu üçün 25 il göstərilmişdi. İndi bu müddət 1995-ci ildən başlamaqla 49 ilə qaldırılır. Başqa sözlə, yeni sənədlə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilmə müddəti 2044-cü ilə qədər olacaq.

MEDVEDEV TÜRKİYƏ İLƏ MÜHARİBƏDƏ HƏLAK OLANLARIN ABİDƏSİNƏ GÜL QOYACAQ

Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan
Ermənistanın Xarici İşlər naziri erməni xalqı ilə rus xalqının dostluğunun qədimliyinə işarə edərək müsahibəsində başqa bir məlumat da verib. Onun bildirdiyinə görə, Medvedevin səfəri zamanı Rusiya və Ermənistanın dövlət başçıları 19-cu əsrdə Rusiya-Türkiyə müharibəsi zamanı həlak olan Rusiya əsgərlərinin xatirəsinə yaradılmış memorial kompleksinin açılış mərasimində də iştirak edəcəklər.

ERMƏNİSTAN QARABAĞ DANIŞIQLARINDA DA RUSİYANIN SƏNƏDİNİ ƏSAS SAYIR

Nalbandyan Rusiya kanalına müsahibəsində həm də əlavə edib ki, Yerevan Qarabağ sülh danışıqlarının da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə aparılmış müzakirələrdən sonra əldə edilmiş sənəd əsasında davam etdirilməsini istəyir. Onun bildirdiyinə görə, Sergey Lavrovun vasitəçiliyi ilə aparılmış müzakirələrdə Madrid prinsiplərinin yeni variantı hazırlanıb. Bu ilin iyununda prezidentlərin Sankt-Peterburqda keçirilmiş sonuncu görüşündə də tərəflərə Madrid sənədinin sonuncu variantı təqdim edilib. Ermənistan da danışıqları məhz həmin bu sonuncu variant əsasında davam etdirməyə hazırdır.

Amma Azərbaycanın Xarici İşlər Nazirliyi bundan əvvəl belə bir yenilənmiş Madrid sənədinin olmadığını deyib. Bakı bildirir ki, Qarabağ danışıqlarına vasitəçilik edən həmsədr ölkələrin hamısının adından verilmiş Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edir.

Ermənistanla Rusiya arasında hərbi Rusiya bazasına dair yeni sənədi isə Bakıda hələ şərh etmirlər. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirir ki, yalnız belə bir sənədin imzalanması faktından sonra onu şərh edə bilərlər.

Azərbaycanın Müdafiə Nazirliyi də eyni mövqeni ifadə edib.

YENİ SƏNƏD MÜMKÜN QARABAĞ MÜHARİBƏSİNDƏ ERMƏNİSTANI QORUMAYACAQ?

Vaxtilə Ermənistanda yüksək vəzifələrdə çalışmış erməni köklü ABŞ alimi Gerard Libaridyan isə Medvedevin səfəri zamanı imzalanacaq yeni protokolun əhəmiyyətinin o qədər də böyük olmadığını deyib.

O, AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, Ermənistan bu müqavilədən Qarabağda yeni müharibə başlasa özünü müdafiə üçün istifadə edə bilməz. Onun fikrincə, bu, yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh danışıqlarındakı uğursuzluğunun ifadəsidir.
XS
SM
MD
LG