Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

İcra hakimiyyətindən AXCP-yə zəng


Bu il avqustun 21-nə təyin etdiyi qurultayı təxirə salandan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yer təklif olunub.

AXCP sədrinin müavini Nurəddin Məmmədli AzadlıqRadiosuna deyib ki, avqustun 18-də Nizami rayon İcra Hakimiyyətindən onlara zəng edərək 600 nəfərlik tutumu olan «Təbriz» kinoteatrında qurultay keçirməyə razı olduqlarını bildiriblər. Amma N.Məmmədli bu təklifin gecikmiş olduğunu deyir.

Onun sözlərinə görə, yerlə bağlı müraciətlərinə vaxtında cavab verilmədiyindən AXCP-nin Rəyasət Heyəti qurultayın təxirə salınması ilə bağlı avqustun 16-da qərar qəbul edib:

«Bizi seytnot vəziyyətinə saldılar və məcbur olduq qurultayı sonrakı dövrlərə keçirək. Artıq bununla bağlı partiya qərar da qəbul edib».

N.Məmmədli həmçinin deyir ki, «Təbriz» kinoteatrında kondisioner sistemi də yoxdur.

İndi AXCP ertələnmiş dövrdə qurultay keçirilməsi üçün şəraiti olan müvafiq yer axtarışındadır:

«Əgər uyğun bir yer tapsaq, qurultayın gününü təyin edəcəyik».

N.Məmmədli deyir ki, istədikləri yeri tapmasalar, onda qurultayı payızda keçirəcəklər.

AXCP iyulun 22-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib qurultay keçirilməsi üçün yer istəmişdi.

Amma AXCP-yə verilən cavabda bildirilmişdi ki, zallar icra hakimiyyətinin nəzdində olmadığından partiya özü hər hansı konfrans salonları, saraylar və ya mədəniyyət evlərinin rəhbərliyi ilə razılaşma əldə etdikdən sonra orda qurultay keçirə bilər və meriya buna etiraz etmir.
XS
SM
MD
LG