Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:35

Ziyalıların məktubu prezidentə göndərilib


Eldar Namazov
Eldar Namazov
«Rüstəm İbrahimbəyov Eynulla Fətullayev və iki bloqqerin azadlığa buraxılması ilə bağlı ziyalıların imzaladığı məktubu artıq prezidentə göndərib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişində «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov deyib. Qaradağ rayon Məhkəməsinin Eynulla Fətullayev barədə iyulun 6-da çıxardığı qərarı Namazov jurnalistə qarşı haqsızlığın son zirvəsi adlandırıb:

«Hakimiyyət başa düşür ki, Avropa Məhkəməsinin Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı qərarı var və bu qərara uyğun o, azadlığa buraxılmalıdır. Belə bir vəziyyətdə qondarma ittihamla ona yenidən hökm oxunması pis haldır. Açıq-aydın görünür ki, həmin insana qarşı şəxsi-qərəzlik var. Bu, Azərbaycan qanunlarına, beynəlxalq qanunlara sığmayan bir münasibətdir».

Eldar Namazov deyib ki, artıq Eynulla Fətullayev və həbsdə olan bloqqerlərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət ünvanlanıb:

«Bizim geniş sənədimiz - memorandum hazırlanır. Onun içərisində ziyalıları narahat edən bir çox məsələlər, ziyalıların forumunda irəli sürülən bir çox təkliflər özünə yer tapacaq. Biz qərara gəldik ki, Eynullanın və iki gənc bloqqerin məsələsi ümumi sənəddə də öz əksini tapmalıdır. Amma indi bunu ləngitmək olmaz və bu gün ölkə prezidentinə müraciəti, toplantı iştirakçılarınınn adından və onların fikirlərinə istinad edərək Rüstəm İbrahimbəyov imzaladı.
Əkrəm Əylisli
Həmin məktuba imza atılıb və məktub artıq göndərilib prezidentin ünvanına. Yəqin sabah da mətbuata açıqlanacaq».

Yazıçı Əkrəm Əylisli isə ziyalıların forumunda Eynulla Fətullayev və gənc bloqqerlərin azadlığa buraxılması ilə bağlı təklif irəli sürdükdən sonra ona edilən hücumların artmasından narahatdır:

«Hələ məktub gedib ünvanına çatmamışdan, bir qrup beyniyelli mənim əleyhimə anlamadığım, başa düşmədiyim, heç bir məntiqə sığmayan anlaşılmaz bir kampaniya başladı. Mən guya burda nəsə bir məqsəd güdmüşəm. Nəsə qəhrəmanlıq etmək istəmişəm. Mənim qəhrəmanlıq etməyə nə ehtiyacım var? Və yaxud hakimiyyətə buyruq göstərmək istəmişəm. Azərbaycan mətbuatının ən yaralı yeri budur. Bunlar arzu edirlər ki, ziyalılar səsini çıxarmasın. Elə ki, ziyalılar bir kəlmə söz deyir, bir qrup adam - ağsaqqalları olmayan, nəsli olmayan, kökü olmayan, ziyalılıqda bir damla payı olmayanlar tökülürlər ziyalıların üstünə, təhqiramiz sözlər deyirlər. Bu təhqirin qarşısında heç kim bunlara bir kəlmə söz demir».



/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG