Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:48

Hillari Klinton: «İki bloqçunun həbsi və mülki azadlıqların pozulması məsələlərini qaldıracağam»


“Buradan Azərbaycana gedirəm. Orada gənc fəallarla görüşüb internet azadlığını müzakirə edəcəyəm, həbs olunmuş iki bloqçunun və mülki azadlıqların pozulması məsələlərini qaldıracağam”. Bu sözləri Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton iyunun 3-də Polşanın Krakov şəhərində Demokratiya icmaları forumunda çıxış edərkən deyib.

Dövlət katibi ölkəsinin insan haqları və sivil azadlıqlar uğrunda çalışan təşkilatların müdafiəsinə böyük əhəmiyyət verdiyini deyib. Klinton elan edib ki, ABŞ təqib olunan QHT-lərin müdafiəsi üçün xüsusi fond yaradır. 2 milyon dollar vəsait hüquqi təmsilçilik, kommunikasiya vasitələri və basqı altında olan təşkilatlara yardımın başqa üsullarına sərf olunacaq.

“Ədalət, daha yaxşı idarəetmə, ictimai səhiyyə yaxud vicdanlı seçki üçün mübarizə aparanalara qarşı basqılar təkcə bizim pərəstiş etdiyimiz şəxslərə hücum deyil, həm də bizim fundamental inanclarımıza qarşı basqıdır”, Hillari Klinton deyib.


Dövlət katibi deyib ki, ABŞ bu şəxsləri və təşkilatları müdafiə edəndə həm də bütün demokratiyaların əhəmiyyətli hissəsini təşkil edən ideyaları müdafiə edir:

“Çünki bunu etməməyin bədəli təkcə onlar üçün deyil, bizim üçün də böyükdür.”

Hillari Klinton xatırladıb ki, demokratik dəyərlərin Birləşmiş Ştatların xarici siyasətinin təməli olduğu ABŞ milli təhlükəsizlik strategiyasında bəyan edilib.

“Bu prinsip mənim hər ölkəyə etdiyim hər səfərdə bəyan etdiyim əsas prinsipdir. Mənim indiki səfərim buna çox yaxşı bir nümunədir. Mən Ukraynadan gəlirəm. Orada təkcə xarici işlər naziri və prezidentlə deyil, həm də gənc, işıqlı ukraynalı tələbələrlə görüşmək imkanım oldu. Onlarla media azadlığı, toplaşma azadlığının əhəmiyyəti və insan haqlarını müzakirə etmək imkanım oldu. Buradan Azərbaycana gedirəm. Orada gənc fəallarla görüşüb internet azadlığını müzakirə edəcəyəm, həbs olunmuş iki bloqçunun və mülki azadlıqların pozulması məsələlərini qaldıracağam. Oradan isə Ermənistan və Gürcüstana gedəcək və oxşar məsələləri müzakirə edəcəyəm. Bu bizim hər gün etməli olduğumuz işdir”.
XS
SM
MD
LG