Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

«Əgər prezident varsa, bizim səsimizi eşitsin…»


4 ailə çadırda yaşayır
4 ailə çadırda yaşayır
Gəncənin Hacıkənd qəsəbəsində hazırda 4 ailə çadırda yaşayır. Evlərini ötən ay sel suları yuyub aparıb. Deyirlər ki, hadisə vaxtı icra qurumlarından rəsmilər gəlib ailələri çadırlara yerləşdirib və vəd veriblər ki, tezliklə onlara yeni evlər tikiləcək.

Çadırda yaşayan sakinlərdən biri - Mübariz deyir ki, dəfələrlə evlərinin nə vaxt tikiləcəyini öyrənmək üçün məmurların qapısını döyüb, amma heç onu içəri buraxan da olmayıb:

YA GEDƏK ÖZÜMÜZÜ AĞACDAN ASAQ ÖLDÜRƏK YA DA…

- Sel 7 baş malımızı aparıbdır. Əgər prezident varsa, bizim səsimizi eşitsin. Hansı məmurun qapısına gedirsən, deyir haradan alım, nə verim sənə? Çöldə «palatka»da yaşayıram, nə hörmət qoyurlar bu millətə. Ya gedək özümüzü ağacdan asaq öldürək ya da cinayət törədək, belə olmaz axı...

Selin ziyan vurduğu «Dostluq» qəsəbəsində əsasən məcburi köçkünlər yaşayır. Onların əksəriyyətinin evinə ziyan dəyib. Amma dediklərinə görə, bir aydan çox vaxt keçməsinə baxmayaraq, qəsəbədə heç kimin nə evinin dam örtüyü təmir olunub nə də təsərrüfatla dolanan əhaliyə dəyən ziyan ödənilib:

YORULMUŞUQ DEMƏKDƏN

- Bizim də evimiz uçdu, düzdü gəldilər baxdılar. Yalandan yazdılar ki, hə verəcəyik, heç nə də vermədilər.

- Bəs necə yaşayırsız orda?

- Elə palçığı özümüz təmizləyib yaşayırıq. Şiferin bəzisini özümüz aldıq vurduq. Bəzisi də salafanlıdı. Hər yerdən gələn oldu. Amma vəd verib getdilər, yorulmuşuq deməkdən. Yardım gəlmişdi, çox gəlmişdi. Amma hamısı verilmədi, gecəylə dağıtdılar hərəyə 1 kilo qənd, yarım kilo yağ verdilər.

Sakinləri təbii fəlakətin yaratdığı sanitariya vəziyyəti də narahat edir. Xüsusilə körpə uşağı olanlar narahatdırlar:

- Qalmışıq burda bizi qarışqalar yeyir. Evi olanları təmir eləyib yığırlar içinə biz də qalmışıq düzdə.

- İndi harda yaşayırsız?

- Bax burda çadırlarda.

- Çadırlara kim yerləşdirdi sizi?

- Aypara Cəmiyyətindən gəlmişdilər.

- Vəd veriblər ki, evinizi tikəcəklər?

- Heç bir vəd yoxdur.

GECƏ YATANDA DEYİRİK Kİ, EV UÇACAQ ÜSTÜMÜZƏ

- Külək, sel dağıdıb dam örtüyünü, yağan yağış evin içindədir. Nə qədər vanna-ləyən yığmışıq evin üstünə ki, içəri tökülməsin. Kim gəldi maraqlandı ki, deyək. 3 gün burda traktor işlədi, heç soruşan olmadı ki, vəziyyət necədir.

- Hamısı körpə uşaqlardı. Bir dəfə biri gəlib demir ki, qaçqınsan nətərsən. Sel olanda gəldilər, dedik ki, sel basıb məhləmizi, heyvanların yerini. Nəsə əkirik onunla dolanırıq, maaş almırıq, iş yerimiz yoxdur. Onu da sel gəldi yudu apardı. Qonşunun malı-heyvanı selin altında qaldı. Gecə yatanda deyirik ki, ev uçacaq üstümüzə.

- Sel mənim yaşadığım evi aparıb. 3 ailə bir evdə yaşayırdıq. Maşınım qaldı suyun altında. Yarasız haldadır. Bir aydan keçib, heç kəs mənə kömək etmir.

ZƏRƏRÇƏKƏNLƏRİN HAMISINA KÖMƏKLİK GÖSTƏRİLİB

Gəncə şəhər Hacıkənd qəsəbəsi üzrə icra nümayəndəsi Hümbət Hüseynov deyir ki, təbii fəlakətdən bir az sonra dəyən ziyan müəyyənləşib. Məlum olub ki, sel suları bu əraziyə 30 milyon manat ziyan vurub. Amma dövlət büdcəsindən ayrılan vəsaitlə zərərçəkənlərə lazımi yardım göstərilib:

- Zərərçəkənlərin hamısına köməklik göstərilib. 3 ev tikilir. Daş hissəsi başa çatıb, taxta hissəsi qalıb.

- Təxminən nə qədər dam örtüyü verdiz əhaliyə?

- 400-ə qədər dam örtüyü verdik. 7 ailə çadırda yaşayırdı. 4-ü evlərinə köçürülüb. Digər 3-nə ev tikilir. Taxtadan idi, söküb daşdan tikirik.

ZƏRƏRÇƏKƏNLƏR İDDİA QALDIRMALIDIR

Hüquqşünas Namiq Məmmədov deyir ki, zərərçəkənlərin hər biri dövlətə qarşı iddia qaldırıb, ziyan dəymiş mülkünə görə kompensasiya tələb etməlidir. Mülkün qorunması qanunla tənzimlənir və bu Mülki Məcəllənin 125-ci maddəsində təsdiqini tapıb.
XS
SM
MD
LG