Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:41

Fələstin qeydləri (2-ci yazı)


Aksiyada İsrailin solçu qeyri-hökumət təşkilatları da onları dəstəkləyir
Aksiyada İsrailin solçu qeyri-hökumət təşkilatları da onları dəstəkləyir
Gözüm əvvəlcə polisi axtarır. Yolun o biri üzündə sakitcə dayanıblar, etiraz aksiyası keçirənləri müşahidə edirlər. Axıra kimi də sakitcə dayandılar.

Etiraz edənlər Qüdsün şərqində - «Şeyx Carrah» adlanan ərazidə yaşayan fələstinlilərdir. 50-yə yaxın fələstinli Qüdsə yeni yəhudi miqrantların köçürülməsinə etiraz edirlər. Bu aksiyada İsrailin solçu qeyri-hökumət təşkilatları da onları dəstəkləyir.

Adara Hanoun 45-50 yaşlarında ortaboylu, dolubədənli, başıaçıq ərəb qadınıdır. Deyir ki, İsrailin yeni köçürmə siyasəti nəticəsində onu qanuni evindən bayıra atıblar:

«Məhkəməyə saxta sənədlər gətirdilər, qərar çıxardılar ki, mənim ata-babamdan qalma bu ev guya qədimdə iddiaçı yəhudinin olub. Atdılar bizi uşaqlarla bayıra. İndi anamgilin dar evinə sığınmışıq».

Hanoun ailəsi öz evindən çıxarılan üç fələstinli ailədən biridir. «Şeyx Carrah»da baş verən etirazlar indi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yəhudilər iddia edirlər ki, 1956-cı ildə bu ərazi İordaniyanın nəzarətində olarkən 28 fələstinli ailəsi evləri qanunsuz zəbt edib, fələstinlilər isə bunun əksini deyirlər. Artıq məhkəmə üç fələstinli ailəsinin köçürülməsi haqda qərar çıxarıb. Onlardan biri də həmsöhbətim Hanoun ailəsidir.

Şərqi Qüdsdə yeni yəhudi qəsəbəsi inşa olunur
Xanım Hanoun danışır ki, İsraildəki solçu hüquq müdafiə təşkilatları olmasa, onlar Qüdsün küçələrində etiraz aksiyaları keçirə bilməzlər, polis imkan verməz. Odur ki, hər həftənin cümə günü solçu təşkilatlar fələstinlilərə dəstək üçün etiraz aksiyalarına gəlirlər.

Solçu hüquq müdafiəçilərindən biri danışır ki, indi Qüdsdə fələstinlilər üçün yaşamaq çətindir. Yəhudilər onlarla ünsiyyətdən qaçırlar, onlara yuxarıdan aşağı baxırlar. Amma İsrail hökuməti fələstinliləri müdafiə edən solçulara heç bir təzyiq etmir, onlar sərbəst fəaliyyət göstərə bilirlər.

Hüquq müdafiəçisi deyir ki, Qüdsün şərqində yəhudilərlə fələstinlilər arasında tez-tez mübahisə düşür, xüsusilə də yeni köçürülmə siyasəti başlayandan sonra. Polis bu halda hər iki tərəfi cəzalandırır, amma fələstinlilərin cəzası bir qayda olaraq daha ağır olur.

Fələstinli qadın Hanoun danışır ki, yəhudi və fələstinli uşaqlar ayrı-ayrı məktəblərə gedirlər. Şəhərdə bir pulsuz Fələstin məktəbi var ki, bunu da Fələstin muxtariyyəti maliyyələşdirir.

Soruşuram ki, neçə illərdir ki, yəhudilər və fələstinlilər Qüdsün şərqində birlikdə yaşayırlar, qarışıq nikaha burada münasibət necədir?

Bayaqdan bizə qulaq asan gənc qız dərhal reaksiya verir:

«Bizim dinimiz icazə vermir yəhudilərlə ailə qurmağa. Mümkün deyil belə bir şey».

Səkkiz metrlik bu divarı İsrail dövləti 2006-cı ildə inşa etməyə başlayıb
Adara danışır ki, Qüds dini mərkəz olduğundan sakinlərin çoxu dindarlardır. Ona görə də yəhudilər və müsəlman ərəblər ünsiyyət bağlamırlar. Hər iki tərəfin belə nikaha münasibəti pisdir, amma arabir bu cür cütlüklərin olması xəbəri eşidilir:

«Bu halda cütlüklər şəhəri tərk edib, başqa yerə gedirlər».

... Əhənglə ağardılmış nəhəng divarın dibi ilə qara çarşablı, qarasaqqallı adamlar gedib gəlirlər. Bu divar fələstinli ailələri bir-birindən ayırıb. Vaxtilə iki addımlıqda yaşayanlar divar tikiləndən sonra 200 km-lik divarı qət edib, sərhəd yoxlama məntəqəsindən keçməlidirlər.

Səkkiz metrlik bu divarı İsrail dövləti 2006-cı ildə inşa etməyə başlayıb. Faktiki İsrail ərazisini Fələstin Muxtariyyətindən - İordan çayının Qərb sahilindən ayırır. İsrail tərəfi iddia edir, divar Qərb sahilindən hücumların qarşısını almaq üçündür. Fələstin xalqının ümumi mövqeyi isə belədir ki, bu divar İsrailin Fələstin ərazilərində hakimiyyətini daha da möhkəmləndirir və Fələstin xalqını bir-birindən ayırır.

Ülviyyə Əsədzadə (Bakı – Qüds- Bakı - Aprel, 2010)

1-Cİ YAZI:

KİLSƏ ZƏNGİNİN SƏDALARI ALTINDA CÜMƏ NAMAZI
XS
SM
MD
LG