Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Həmkarları Eynulla Fətullayevə dəstək üçün hansı addımları ata bilərlər?


Rauf Arifoğlu
Məhbus jurnalist Eynulla Fətullayev iyunun 2-də keçirilən məhkəmə iclasında söyləyib ki, Avropa Məhkəməsinin onun azadlığa buraxılmasına dair çıxardığı qərarın icra olunmamasından prezidentin xəbəri olmaya bilər. Jurnalist bir neçə həmkarından xahiş edib ki, bu məsələnin araşdırılmasında ona yardım göstərsinlər, prezident İlham Əliyevlə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşsünlər.

Onun adını çəkdiyi həmkarları müraciətə operativ cavab veriblər. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Eynulla Fətullayevin adını çəkdiyi jurnalistlər bir araya gəlib atacaqları addımları müzakirə ediblər, amma görüşməzdən əvvəl Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova sorğu göndəriblər:

BUNU ƏSASLANDIRAN DA YOXDUR

- Avropa Məhkəməsinin qərarının niyə icra olunmamasını öyrənmək istəyirik. Azərbaycan beynəlxalq konvensiyaya qoşulub və onun bağlandığı beynəlxalq qanunlar tələb edir ki, Eynulla Fətullayev təcili azadlığa buraxılsın. Amma onu buraxmırlar və bunu əsaslandıran da yoxdur.

Avropa Məhkəməsinin Eynulla Fətullayevin azadlığa buraxılmasıyla bağlı qərarı ay yarımdı verilib. Bəs niyə həmkarları bu müddət ərzində məhkəmə qərarının icrasıyla bağlı özləri təşəbbüs göstərməyib?

Rauf Arifoğlunun sözlərinə görə, onlar jurnalistin həbsindən sonra müxtəlif etiraz tədbirləri keçiriblər, amma görünür, Eynulla Fətullayev hesab eləyir ki, bu tədbirlər effektli görünməyib. Jurnalist Şahvələd Çobanoğlu isə öz dəstəklərini və ya Eynullanın müraciətini yox, Avropa Məhkəməsinin qərarının icra olunmamasını gecikmiş sayır:

- Avropa Məhkəməsi qəti qərar verib, onu təmin etmək də ölkə başçısının işidir.

PREZİDENT YALNIZ TÖVSİYƏ VERƏ BİLƏR

Elçin Şıxlı
Amma « Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı hesab eləyir ki, məsələyə hüquqi müstəvidə yanaşılsa, prezident yalnız tövsiyə verə bilər, Avropa Məhkəməsinin qərarını icra etmək ədliyyə orqanlarının işidir.

Eynulla Fətullayev həmkarlarının ölkə başçısının Avropa Məhkəməsinin qərarından xəbəri olub-olmamasına aydınlıq gətirilməsini istəyir. «Turan» agentliyinin direktoru Mehman Əliyev isə prezidentin belə bir qərardan xəbəri olmamasını mümkünsüz sayır:

- Əlbəttə ki, var. Necə yəni yoxdur? Əslində, belə məsələlər prezident səviyyəsində həll olunmamalıdır. Təəssüflər olsun ki, bizdə belə məsələlər ölkə rəhbərliyinə gedib çıxır.

Avropa Şurasının baş katibi Törborn Yaqland Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarına dair məqaləsində yazırdı ki, beynəlxalq konvensiyaya qoşulan Azərbaycan qərarı icra etməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə məhkəmənin qərarından sonra deyib ki, Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz. Onlar Böyük Palataya vəsatət verəcəklər. Ancaq iyunun 1-də Avropa İnsan Hüquqları Məhkəməsi mətbuat xidmətinin rəhbəri Stefano Pyedimonte «Media forum» saytına bildirib ki, Böyük Palataya jurnalist Eynulla Fətullayevin işi ilə bağlı heç bir ərizə daxil olmayıb.

JURNALİSTLƏR GÖRÜŞÜN BAŞ TUTACAĞINA İNANMIRLAR

Məhbus jurnalistin müraciət etdiyi həmkarları ona dəstək versələr də, Prezident Administrasiyasının qapılarının onların üzünə açılacağına inamları və umidləri yoxdur.
Eynulla Fətullayev məhkəmədə, 28 aprel 2010
Rauf Arifoğlu deyir ki, onlar dəfələrlə İlham Əliyevdən müsahibə götürmək üçün müraciət ediblər, amma heç bir cavab verilməyib. Elçin Şıxlı da bildirir ki, o, məmnuniyyətlə Ramiz Mehdiyev və ya İlham Əliyevlə görüşüb Eynulla Fətullayevin problemini müzakirə edərdi, amma bu görüşün baş tutacağına inanmır. Bununla belə:

- Əlbəttə, görüş üçün müraciət edəcəyik.

Şahvələd Çobanoğlunun da fikrincə, prezidentlə görüş baş tutmasa belə, məhbus jurnalistin xahişini qulaqardına vurmaq olmaz. Bəs həmkarları Eynulla Fətullayevə dəstək üçün başqa hansı addımları ata bilərlər? Elçin Şıxlı bu addımların proses zamanı ortaya çıxa biləcəyini söyləyir.

2007-ci ildə Eynulla Fətullayev vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamlarıyla üst-üstə 8 il yarım həbs cəzası alıb. Avropa Məhkəməsinin çıxardığı qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamıyla məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.
XS
SM
MD
LG