Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

«Brayza bu təyinatı çoxdan gözləyirdi»


Metyu Brayza
Metyu Brayza
ABŞ prezidenti Barak Obama administrasiyasının ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanı Azərbaycana səfir vəzifəsinə təqdim etməsi siyasi dairələrdə müzakirələrə səbəb olub.

İstər rəsmilərin, istərsə də müstəqil politoloqların əsasən bir məsələdə fikirləri üst-üstə düşür. ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri regiona və onun əsas problemlərindən biri sayılan Dağlıq Qarabağ münaqişəsinə yaxşı bələdir. Onların fikrincə, bu məqam Ağ Evin onu Azərbaycanda səfir görmək istəyinin əsas səbəblərindən biridir.

Ancaq niyə məhz indi bu addım atılır və bu seçimin nə vəd etməsi barədə fikirlər fərqlidir.

BRAYZANIN NAMİZƏDLİYİNDƏN RƏSMİLƏR RAZI QALIB

Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Metyu Brayzanın namizədliyini müsbət qiymətləndirir. «Mediaforum» saytına bu barədə açfıqlamasında cənab Həsənov deyib ki, Brayza Azərbaycanı yaxşı tanıyır. O, Corc Buş adminstrasiyasında Azərbaycanla bağlı proseslərlə məşğul olub. Cənubi Qafqaza yaxşı bələddir, Azərbaycan, Ermənistan və Gürcüstanın bölgədəki mövqelərini, daxili-xarici siyasətlərini bilir:

«Uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Ona görə də Dağlıq Qarabağ problemini, problemin həllinə dair Madrid sənədini, onun prinsipləri ətrafında aparılan danışıqları, Azərbaycan və Ermənistan prezidentlərinin bu məsələyə yanaşmasını, hər iki dövlətin mövqelərini yaxşı bilir. Ona görə də biz düşünürük ki, Metyu Brayzanın ölkəmizdə səfir olduğu dövrdə Azərbaycanla ABŞ arasında olan münasibətlər daha da yaxşılaşacaq, mövcud problemlər aradan qalxacaq, indiyə qədər xalqlarımızı birləşdirən, bu xalqları strateji tərəfdaşlıq istiqamətinə yönəldən münasibətlər inkişaf etdiriləcək».

Əli Həsənov
Əli Həsənov düşünür ki, ABŞ-ın Azərbaycanda səfiri postunun bir ilədək boş qalması yaxşı hal olmayıb.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyun ayından boşdur. O vaxtdan bunu iki ölkənin münasibətlərinin mənfi göstəricisi kimi dəyərləndirənlər də olub, səfir olmadan da səfirliyin normal fəaliyyət göstərməsinin mümkünlüyünü bildirib məsələni ciddiyə almayanlar da.

Ağ Evin Azərbaycana səfir təyinatı məsələsində məhz Brayzanın üzərində dayanmasını alqışlayan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, ABŞ-ın bir ilə yaxın səfir təyin etməməsinin özü artıq geosiyasi münasibətlərə təsir edən bir elementə çevrilmişdi. Qonşu dövlətlərin əksəriyyəti bu faktoru ABŞ-ın Azərbaycana marağının azalması kimi dəyərləndirib onu öz siyasətlərində nəzərə alırdılar.

M.Əhmədoğlu bildirir ki, bütün bunların sonunda Metyu Brayzanın səfir vəzifəsinə irəli sürülməsini həm ABŞ, həm də Azərbaycan tərəfdən kompromis variant kimi qəbul edildiyini düşünmək olar. Bu təyinat dövlətlərarası münasibətdə yaranmış durğunluğa da müsbət təsir göstərəcək.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Brayza Azərbaycanı yaxşı tanıyır. Onun ölkənin ictimai-siyasi həyatında tanınan şəxslər arasında xeyli dostları, tanışları var. Elzcə də Brayzanın Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərlə çox gözəl münasibəti var:

BRAYZA AZƏRBAYCANIN BİR NÖMRƏLİ DOSTU OLACAQ?

«Ona görə də bütün bunlardan sonra Metyu Brayzanın Azərbaycana neytral qalacağını, yaxud ona pis mövqedə olacağını düşünməyə, şübhələnməyə heç bir əsasım yoxdur. Mənim anlamıma görə, bu proseslərdən sonra səfir təyin olunan Brayza Azərbaycanın bir nömrəli dostu olacaq.
Mübariz Əhmədoğlu
Əgər o, ATƏT-in Minsk qrupunun həmsədri olanda Azərbaycanın maraqlarını 10 faiz nəzərə almırdısa, Ermənistanın uydurma maraqlarının 60-70 faizini nəzərə almırdı».

Mübariz Əhmədoğlu əlavə edir ki, indi Ermənistan tərəfinin Brayzanın Azərbaycana səfir təyin edilməsi məsələsinə etiraz etmələrini təbii qarşılayır. Onun fikrincə, Ermənistan tərəfi Metyu Brayzanı bir azərbaycanlı, türk kimi qəbul edirlər. Onların bu cür düşünmələrini şərtləndirən səbəblərdən biri də Brayzanın xanımının türkiyəli olmasıdır. Yeri gəlmişkən bu məqamı Brayzanın Azərbaycana münasibətində rol oynayan amil kimi dəyərləndirən təkcə Mübariz Əhmədoğlu deyil.

ABŞ-dakı erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyinin irəli sürülməsinə laqeyid qalmayıb. Erməni Milli Komitəsi ABŞ senatorlarına müraciət edərək onları Amerikanın Cənubi Qafqazda maraqlarına toxunan məsələlərlə bağlı Brayzanın diplomatik fəaliyyətini diqqətlə araşdırmağa çağırıb.

Komitənin icraçı direktoru Aram Hamparyan deyib ki, onlar əvvəllər də dövlət katibinin köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahat olduqlarını bildiriblər.

«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Brayza bu təyinatı çoxdan gözləyirdi və müsahibələrində də Azərbaycanda işləmək arzusunda olduğunu gizlətmirdi. Ancaq ATƏT-in Minsk qrupunun həmsədri olmaq başqa, səfir kimi çalışmaq başqa. Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində baş sındırmaq, qarşıduran tərəflər arasında bərabər məsafə saxlamaq çətindirsə,
Elxan Şahinoğlu
səfir kimi ölkəsinin maraqlarını həyata keçirmək mürəkkəb sayılmamalıdır. Sadəcə məsələ ondadır ki, Brayza Bakıya ABŞ-Azərbaycan münasibətlərinin o qədər də ürəkaçan olmadığı bir dövrdə gəlir. Bu vəziyyəti isə düzəltmək tək səfirdən asılı olan məsələ deyil:

ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ TƏK SƏFİRDƏN ASILI DEYİL…

«Brayza səfir təyin olunandan bir neçə ay sonra - payızda Azərbaycanda parlament seçkisi keçiriləcək. Əgər bu seçkilərdə də əvvəlki neqativ hallar qeydə alınsa, Dövlət Departamenti sərt bəyanatlar yaya bilər. Bu isə iki ölkə arasında münasibətləri bir qədər də gərginləşdirə bilər. Çünki Azərbaycan hakimiyyəti cavab bəyanatlarla çıxış edəcək. Bundan başqa, ABŞ prezidenti Barak Obama son qərarı ilə Dövlət Departamentinə tapşırıb ki, dünyada medianın, jurnalistlərin vəziyyətinə diqqət yetisin, durum pis olan ünvanlara sərt açıqlamalar göndərilsin. Məlumdur ki, bu sahədə Azərbaycanda problemlər var. Bu istiqamətdə Metyu Brayza çətinliklərlə üzləşə bilər. Çünki xaraktercə Brayza çılğın diplomatlır və Minsk qrupunun həmsədri olanda sağa-sola açıqlamalar verirdi. Odur ki, əgər həm seçkilərdən sonra, həm də media ilə bağlı belə açıqlamalar versə, onun fəaliyyətində Azərbaycan hakimiyyəti ilə həqiqətən də problemlər yaşana bilər»

Elxan Şahinoğlunun fikrincə, əgər Brayza ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri - Stenli Eskudero və ya Enn Dörs kimi ölkənin daxili məsələlərinə qarışmamağa üstünlük verərsə, yerli hakimiyyətlə münasibətlərdə ciddi problemi olmayacaq.

Ona görə də əsas məsələ Brayzanın Azərbaycan siyasətçiləri, onun rəsmiləri ilə şəxsi münasibətlərinin necə olmasında deyil. Önəmli olan onun Bakıya Ağ Ev və Dövlət Departamentinin hansı təlimatı ilə gəlməsidir.

Metyu Brayza 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub.

Brayza Stenford Universitetini və Fletçer Hüquq Məktəbini bitirib. O, Polşa və Rusiyada da diplomatik fəaliyyət göstərib.
XS
SM
MD
LG