Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:45

Səfurə Əlizadə 9-cudur


Səfurə Əlizadə
Səfurə Əlizadə
«Eurovision 2010» mahnı müsabiqəsində kimin qalib gələcəyini təxmin etmək istəyirsiz? Əgər istəyirsinizsə dünyada ən genişmiqyaslı online axtarış sistemi hesab olunan «Google» köməyinizə çata bilər. «Google» bu ilki «Eurovision» mahnı müsabiqəsi ilə bağlı xüsusi səhifə yaradıb. Bu səhifədə xüsusi münəccim sistemi tərtib olunub ki, məhz bu sistem vasitəsilə müsabiqədəki iştirakçılardan kimin daha populyar olduğunu öyrənmək mümkündür. Başqa sözlə, «Google» müsabiqə iştirakçıları barədə bugünədək aparılmış axtarışlar əsasında onların populyarlıq cədvəlini tərtib edib. Bu siyahıya Almaniyanın təmsilçisi Lena başçılıq edir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Gürcüstandan olan Sofia Nizharadze və Maltadan Tea Qarrett bölüşürlər. Azərbaycanı bu il Osloda təmsil edəcək Səfurə Əlizadə isə 9-cudur.

SƏFURƏ ƏLİZADƏ – 86 BAL

Bu siyahıda həmçinin məşhurluq səviyyəsinə görə iştirakçıların yığa biləcəkləri ballar da öz əksini tapıb. «Google»in təxmininə görə əgər hazırda səsvermə keçirilərsə Səfurə Əlizadə 86 bal toplayacaq. Siyahıya liderlik edən Lenanın balı isə 354-dür.

«Google» ötən il də bu cür münəccim sistemi yaratmışdı və onun birinciliklə bağlı proqnozu özünü doğrultmuşdu. Belə ki, «Google» Norveç təmsilçisi Aleksandr Rıbakı hələ müsabiqənin final konsertindən öncə qalib elan etmişdi.

Ümumiyyətlə, «Eurovision 2010» mahnı müsabiqəsinin rəsmi internet səhifəsinin məlumatına görə, internet aləmində bu müsabiqənin məşhurluğu ildən-ilə artır. Təkcə bu ay «YouTube»da bu müsabiqə ilə bağlı 7 milyon videoya baxılıb, 1,3 milyon insan Eurovision.tv internet səhifəsini açıb.

«Eurovision 2010» müsabiqəsinə mayın 25-də start veriləcək. Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.
XS
SM
MD
LG