Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:59

Marşal Jukovu Mərkəzi Komitədən niyə qovdular?


Marşal Jukov qələbə paradında, 24 iyun 1945
Marşal Jukov qələbə paradında, 24 iyun 1945
«Kommunist» qəzetinin köhnə nömrələrini vərəqləyərkən marşal Jukovun Mərkəzi Komitədən çıxarılması qərarına rast gəldim. MK Plenumunun qərarında məşhur sovet sərkərdəsinin MK-dan qovulması belə izah olunur:

«Kommunist» qəzeti, 1957-ci il, 3 noyabr.

Sovet ordusu və Donanmasında partiya – siyasi işi yaxşılaşdırmaq haqqında Sovet İKP MK Plenumunun qərarı.

... Sovet İKP MK Plenumu müəyyən etmişdir ki, G. K. Jukov yoldaşın şəxsi iştirakı ilə Sovet ordusunda onun şəxsiyyətinə pərəstiş edilməsi yayılmağa başlamışdı. Yaltaqların və quyruqbulayanların köməyilə mühazirələrdə və məruzələrdə, məqalələrdə, kino filmlərdə, kitabçalarda onu çox tərif etməyə, onun şəxsiyyətini və Böyük Vətən müharibəsindəki rolunu həddindən artıq yüksəltməyə başlamışdılar. Bununla da G. K. Jukov yoldaşın arzusuna uyğun olaraq müharibənin əsl tarixi təhrif olunurdu, həqiqi vəziyyət təhrif olunurdu, sovet xalqının çox böyük səyləri, bütün silahlı qüvvələrimizin qəhrəmanlığı, komandirlərin və siyasi işçilərin rolu, cəbhə, ordu və donanma komandanlığının hərbi məharəti, Sovet ittifaqı Kommunist Partiyasının rəhbər və ilhamverici rolu əksildilirdi.

LENİNİN ÖYRƏTDİYİ PARTİYA TƏVAZÖKARLIĞINI İTİRİB.


Partiya və hökumət G. K. Jukov yoldaşın xidmətlərini yüksək qiymətləndirərək, ona Sovet İttifaqı Marşalı adını vermiş, onu dörd dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görmüş, bir çox ordenlərlə təltif etmişdir. Ona böyük siyasi etimad göstərilmişdi. Partiyanın XX qurultayında o, Sovet İKP MK üzv seçilmişdi. Sovet İKP MK onu MK rəyasət heyətinə namizəd, daha sonra isə Sovet İKP MK rəyasət heyətinə üzv seçmişdi. Lakin G. K. Jukov yoldaş partiyaçılıq hissinin kifayət qədər olmaması nəticəsində onun xidmətlərinə verilmiş bu yüksək qiyməti düzgün başa düşməyərək, V. İ. Leninin bizə öyrətdiyi partiya təvazökarlığını itirmiş, belə hesab etməyə başlamışdır ki, Kommunist Partiyasının rəhbərliyi ilə xalqımızın və silahlı qüvvələrimizin əldə etdiyi bütün qələbələrin yeganə qəhrəmanı odur. O, silahlı qüvvələrə rəhbərliyin Lenin, partiya prinsiplərini kobudcasına pozmuşdur.

AVANTÜRİZMƏ MEYL GÖSTƏRİB.

Beləliklə, G. K. Jukov yoldaş partiyanın ona göstərdiyi etimadı doğrultmamışdır. O, siyasi cəhətdən fərasətsiz xadim olmuş, istər Sovet İttifaqının xarici siyasətinin ən mühüm məsələlərini başa düşməkdə, istərsə də Müdafiə Nazirliyinə rəhbərlikdə avantürizmə meyl göstərmişdir.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Sovet İKP MK Plenumu G. K. Jukov yoldaşı Sovet İKP MK rəyasət heyəti üzvləri və Sovet İKP MK üzvləri tərkibindən çıxarmağı qərara almış və Jukov yoldaşa başqa iş verməyi Sovet İKP MK Katibliyinə tapşırmışdır.
XS
SM
MD
LG